Əsas Səhifə > Güney Press / Ana xəbər > Suriya: qlobal yalana qarşı savaş...

Suriya: qlobal yalana qarşı savaş...


10-10-2015, 11:56
Suriya: qlobal yalana qarşı savaş...
Bir neçə gün əvvəl 2009-cu ilin Sülh üzrə Nobel laureatı 1999-cu ilin Sülh üzrə Nobel laureatını bombaladı. 22 nəfər həlak oldu.

Söhbət Barak Obamadan və “Sərhədsiz həkimlər” təşkilatından gedir. Birincinin göndərdiyi təyyarələr ikincinin Əfqanıstanın Qunduz şəhərindəki xəstəxanasını yerlə-yeksan etdi. Faciədən sonra yayılan ilk məlumatlarda 9 həkimin öldüyü, 20-sinin isə “yoxa çıxdığı” bildirilirdi - leksikon ifrat sinizm və biganəlikdən xəbər verir. Sanki həkimlər qapını açıb bir neçə dəqiqəliyə siqaret çəkməyə çıxıblar və geriyə dönüb yarıda qalmış müalicəni davam etdirəcəklər.

Bu qanlı absurd teatrının “sülhpərvər” baiskarı izah üçün sadəcə “terrorla mübarizədə əlavə itkilər” kəlməsi ilə kifayətləndi. “Sərhədsiz həkimlər” təşkilatı isə xəstəxananın koordinatlarını əvvəlcədən koalisiya qüvvələrinə verdiklərini bildirdilər. Görünür, səhv ediblər, əks halda bəlkə də sağ qalardılar.

Vəziyyət eynilə Oruellin proqnozlaşdırdığı kimidir: “Müharibə - sülhdür, əsarət - azadlıqdır”. Budur dövrümüzün “yenidil”i (Oruellin termini ilə desək).

Və artıq adiləşmiş bu faciə elə bir vaxtda baş verir ki, ABŞ başda olmaqla Qərb dövlətləri, hətta onların Şərqdəki “misilsiz demokrat” Səudiyyə Ərəbistanı və Qətər kimi müttəfiqləri də sentyabrın 30-dan Suriyada hərbi hava əməliyyatlarına başlayaraq terrorçuların mövqelərini dəqiqliklə məhv edən Rusiyanı gecə-gündüz dinc əhaliyə zərər yetirməkdə suçlayırlar. Halbuki bircə faktarı da yoxdur - tipik informasiya terroru.

Və iş o yerə çatır ki, təkzibdən təngə glən Rusiya generaliteti “Bizim təyyarələrimiz hələ havaya qalxmamış CNN dinc əhali arasında itkilərdən yazır” bəyanatını verir.

ABŞ isə Qunduzdakı faciəyə görə heç üzr də istəmir - öyrəncəlidir. “Demokratiya qurbanlar tələb edir”.

İnsidentdən sonra “Sərhədsiz həkimlər” Qunduzda fəaliyyətlərini dayandırır - bu, 400 min nəfər əhalisi olan şəhər üçün əsl humanitar fəlakətdir. Yəni bombalardan sonra da Qərb imperializmi öldürməkdə davam edir.

Üstündən 2 gün keçir - oktyabrın 7-də oxşar faciə bu dəfə Yəməndə təkrarlanır. Husilərə qarşı əməliyyatlar keçirən ərəb koalisiyası (ABŞ-ın monarxistlərdən ibarət dostları qrupu) Yəmənin Damar əyalətindəki kəndlərdən birində toy məclisini bombalayır. İlkin məlumatlara görə, 15 nəfər (əsasən qadınlar) həlak olur.

Hakimiyyətə qayıda bilmək üçün çoxdan vətənini də, şəxsiyyətini də ABŞ-a və Səudiyyə Ərəbistanına satmış marionet “prezident” Mənsur Hadi baş verənləri vur-tut “faciəvi təsadüf” adlandırır.

Bu, o vaxt baş verir ki, Qərb koalisiyası Rusiyanı İŞİD-in əlində olan, hər dəfə bir tarixi abidəsi partladılan (hələlik sonuncusu - əfsanəvi arkadır. Məhz onun şəkli bizim orta məktəb illərimizdə “Qədim dünya tarixi” kitabının üz qabığını bəzəyirdi) Palmiranı bombalamaqda ittiham edir və mülki əhali arasında itkilərdən danışır.

Halbuki yenə də yalan - zərbələr Palmiraya yox, ondan 20 klometr aralıdakı terrorçu mövqelərinə tuşlanmışdı.

Bu fonda Qərb və əlaltılarının sənədləşdirilmiş, təkzibolunmaz cinayətlərinin üstündən sükutla keçilir, Suriyada terrora qarşı savaşan Rusiyaya isə etmədiyi cinayətlər yazılır. Halbuki dinc əhaliyə divan tutan Qərbin İraqda, Əfqanıstanda, Yəməndə, Suriyada buraxdığı “faciəvi təsadüflər” çoxdan qanunauyğunluğa və uzun qanlı statistikaya çevrilib.

Məsələn, Yəməndə 7 oktyabr insidentindən cəmisi 9 gün əvvəl - sentyabrın 28-də koalisiya qüvvələri əl-Moxar şəhəri yaxınlığında başqa bir toy məclisini bombalayır. Ölü sayı - 150 nəfər! Əksəriyyəti də qadın və uşaqlar.

Elə bilirsiniz Qərb, yaxud “prezident” Mənsur Hadi baş verən qanlı olayları təkzib edirlər? Xeyr. Onlar yenə də “bəli, olub” deyir və “faciəvi təsadüf”dən danışırlar.

Rusiyanın Suriyadakı əməliyyatları zamanı hələlik bir dəfə də olsun mülki obyekt vurulmayıb. Qərbin bombaları isə nədənsə tez-tez məhz dinc əhalinin başına düşür. Üstəlik, bu, o dərəcədə adiləşib ki, baiskarlar cinayətlərini yalanlamağa da çalışmırlar. Yəni bir neçə il əvvəl vəziyyət bir qədər fərqli idi.

Məsələn, 2011-ci ildə Liviyanı bombalayan Qərb “Bizim bombalarımızdan bir nəfər də mülki adam ziyan çəkməyib” deyirdi və kimlərsə buna inanırdı (halbuki Tripolidə və Benqazidə minlərlə insan o “demokratik” bombaların qurbanı olmuşdu).

İndi isə sadəcə deyirlər: “Bəli, dinc əhalini öldürmüşük. Ancaq bunu istəmədən etmişik”.

Müharibədə təkcə əsgərlər və silahlar savaşmır. İndiki savaşlarda daha çox sözlər və dezinformasiyalar bir-birinə dil göstərir. Rusiyaya münasibətdə yalandan “dinc əhali arasına itki”dən danışanlar özlərinin qırdıqları insanları vur-tut “əlavə itki” adlandırırlar. Yəni onlara bu cür “səhvlər” olar, cinayətləri isə cəzasızlıq hüququna malikdir.

Nə qəribə ki, bu kannibal ritorikası hələ də müvəffəqiyyət qazana bilir. Heç kəs baiskarlardan Suriya və Yəməndə bombalanan qadın və uşaqların hesabını sormur. Ancaq bir dəfə olsa hərbi hədəfdən yayınmayan Rusiyaya qarşı yalançı ittihamları obıvatellərin beyninə yaza bilirlər.

Kədərlisi də elə budur - axı hazırda Rusiyadan həm də Qərbin taleyi asılıdır. Suriyada terrorçuların birdəfəlik qələbəsi bütün sivilizasiyanın sabahını böyük bir sual altına salır. Bunu Qərb paytaxtlarında çətin ki, anlamasınlar, ancaq bu “özünüməhv mexanizmi”ni saxlamaq niyyətində deyillər.

Suriyada baş verənlər isə dünya düzənini, müasir dəyərləri və özünüməhv psixologiyasını anlamaq, “Kim kimdir” sualına birmərrə cavab tapmaq üçün hər gün, hər saat yeni əyani material verir. Moskva Qərbə deyir: “Madam ki siz də İŞİD-ə qarşısınız, onların koordinatlarını bizimlə də bölüşün”. Cavab olaraq ya sükut, ya da “yox”. Moskva Qərbə deyir: “Siz “Azad Suriya Ordusu”nu mötədil müxalifət sayırsınız, ancaq onların nə gücü, nə yeri, nə də liderləri bəllidir. Madam ki onlar sivil qüvvədir, bizi də onlarla tanış edin və Əsədlə danışıq masasına əyləşdirək”.

Cavabında Qərb yenə də ya susür, ya da “yox” deyir.

Halbuki “Polişinel sirri”dir - heç bir sivil “Azad Suriya Ordusu” yoxdur. Əvəzində isə Qərbin pul və dəstəyi ilə bəslənən çoxlu sayda başıpozuq bandalar var, onların vahid rəhbərliyi, ümumi strategiyası, bir-biri ilə əlaqəsi yoxdur, adları isə sadəcə “çətir təşkilat” rolu oynayır. Nəticədə Rusiyanın xarici işlər naziri Lavrov açıq mətnlə bəyan edir: “Azad Suriya Ordusu - fantomdur”.

Yəni Qərb real təşkilatı yox, çoxsaylı xırda bandaların ümumi adı kimi təqdim olunan abbreviaturanı dəstəkləyir.

Və beləcə, yenə sözlər, dezinformasiyalar bir-birinə dil uzadır, diş qıcayır. Qərb əlindn gələni edir ki, Rusiya Suriyada müvəffəqiyyətsizliyə uğrasın, terror isə durmadan çiçəklənsin. Və bu apokaliptik kulta dəstək verən Qərb üçün sivilizasiyanın sabahı tamamilə maraqsızdır. Yəni Qərb imperializmi özü də apokaliptik kultdur...

Məmməd Süleymanov
Virtualaz.org

Geri qayıt