Əsas Səhifə > Güney Press > ABŞ işğalı Əfqanıstana və dünyaya

ABŞ işğalı Əfqanıstana və dünyaya


8-10-2015, 08:34
ABŞ işğalı Əfqanıstana və dünyaya
1979-cu ildə SSRİ ABŞ-ın dolayı təhriki ilə heç bir tutarlı əsas olmadan Əfqanıstana hücum etdi. 10 il mənasız qırğından sonra 1989-cu ildə sonuncu sovet əsgəri bu ölkəni tərk etdi. Cəmi 12 il sonra - 2001-ci il oktyabrın 7-də isə ABŞ və müttəfiqləri məlum “11 sentyabr- Ben Laden” bəhanəsi ilə əfqan torpaqlarına qoşun yeritdi...

Əfqanıstan savaşı Amerika tarixində ən uzunmüddətli müharibə hesab edilir. Bəs bu illər ərzində ABŞ nəzərdə tutduğu məqsədlərə çata bildimi? Ağ Ev özü nə qazandı və Əfqanıstan xalqına, bütövlükdə ağası hesab etdiyi dünyaya nə verdi? 13 il davam edən amansız savaşda rəsmi rəqəmlərə görə, 21 min dinc insan, 2.316 amerikalı hərbçi ölmüş, 17.674 hərbçi isə yaralanmışdır.
2012-cu ildə Əfqanıstanda 210 min Amerika əsgəri olub ki, bu da bütün bu illər ərzində ən maksimal göstəricidir. 2014-cü ilin əvvəllərindən ordunun bir hissəsi Amerikaya qaytarılsa da, hələ də 38 min əsgər Əfqanıstan ərazisindədir. "Sarsılmaz azadlıq" əməliyyatı tamamlanmayana kimi bu əsgərlərin orada qalacaqları bildirilir.

Əfqanıstan mediasının məlumatlarına görə, ABŞ 14 illik Əfqanıstan müharibəsi dövründə 1 trilyon dollardan çox pul xərcləyib və bu pul da amerikalı vergi mükəlləflərindən əldə edilib.
ABŞ-ın özündə də hərbçi, siyasətçi və ziyalılar həyəcan təbili çalmaqdadır. Harvard universitetinin iqtisadi ekspertləri tərəfindən hazırlanmış hesabata görə, Əfqanıstan və İraqda apardığı işğalçı hərbi əməliyyatlar Amerika xəzinəsinə 4 trilyondan 6 trilyon dollara qədər başa gələcək. Hesabat müəlliflərindən olan professor Linada Bilms bildirir ki, müharibə zamanı alınmış qərarlar hələ bir neçə onillik ərzində Amerika büdcəsinə öz təsirini göstərəcək...
Əslində Sovetlər Birliyi də Əfqanıstana müdaxilə ilə əfqan xalqına da, özünə də böyük zərbələr vurmuşdu. Rəsmi məlumatlara görə, SSRİ-nin müdaxiləsinə qarşı mübarizədə partizanlar və sakinlər də daxil olmaqla təxminən 1, 5 milyon əfqan həlak olub. Müharibənin aparıldığı 10 ildə Əfqanıstanda 620 min sovet hərbçisi xidmət edib. Bu cərgədə həlak olanların, yaralananların, xəstəliklərdən, qəzalardan, bədbəxt hadisələrdən ölənlərin sayı 15.051 nəfərdir. 417 hərbi qulluqçu əsir düşüb ki, onlardan yalnız 130 nəfəri azad edilərək vətənə qayıdıb, 287 hərbçi isə əsir və ya itkin düşmüş sayılır.
Hazırkı əfqan hökuməti də hər il 15 fevral tarixini- son sovet əsgərinin Əfqanıstanı tərk etdiyi günü Milli Qurtuluş günü kimi qeyd edirlər. Bəs ABŞ-ın guya ölkədə sülh yaratmaq missiyası ilə Əfqanıstana müdaxilə etdiyi 7 oktyabr günü tarixdə necə qalacaq?..
O vaxt sovet qoşunlarına qarşı mübarizə aparan mücahidlərin sırasında olmuş, yazar Vahid Muzda yazır: "O vaxtı da ruslar çöl ərazilərdə müqavimətlə üzləşmişdilər. Bu gün də eyni şey təkrar olunur. Amerikalılar buralara gəldiyi zaman kəndlərdəki insanları qazanmaları gərəkdiyini anlamadılar. Bu gün, o zamanlar Sovet İttifaqının qarşılaşdığı bir partizan hərəkatı davam edir".
Hakimiyyətdə olan əksər Amerika siyasətşiləri 14 illik müharibənin nəticələrini “bəzəməyi” xoşlayırlar. 2014-cü ilin sonunda prezident B.Obama fəxrlə dedi: ”Biz Əfqanıstanda öz əsas məqsədimizə çatdıq. Biz “Əl-Qaidəni” zərərsizləşdirdik”... Halbuki, hazırda Əfqanıstan yenə də terrorçuları maqnit kimi özünə cəlb edir. Pentaqonun keçmiş əməkdaşı Maykl Maluf deyir:”Əfqanıstanda Amerika ordusunun mövcudluğu dövründə terrorçu qruplar nəinki yox oldu, əksinə, daha da çiçkələndi. Onlar bu gün daha fəal və nüfuzludurlar. Onlardan bəziləri məhz ABŞ hərbçilərinin orada olduğu dövrdə yaranıb. Demək olar ki, biz daha çox ekstremizm yetişdirdik”. Məsələ o həddə çatıb ki, ABŞ neçə ilər savaşdığı “Taliban”la danışıqlara getməyə məcbur olub.

Pentaqonun sifarişi ilə 2001-2014-cü illərdə əfqan müharibəsinin nəticələri ilə bağlı aparılmış tədqiqatlardan bəlli olur ki, ABŞ bu “azadlıq” savaşına 700 mlrd. dollara yaxın para xərcləyib. Hələ buraya MKİ(CİA) tərəfindən əfqan məmurlarına gizli şəkildə ötürülmüş pullar daxil edilməyib. Senator-demokrat Cin Şaxin birbaşa göstərir:”ABŞ iqtidarı bizim əsgərləri öldürməyə çalışan “Taliban”a, “Əl-Qaidəyə”, “Hakkani” terror qruplaşmasına sponsorluq edib”...
Politoloq Ərəstun Oruclu da hesab edir ki, ABŞ Əfqanıstana müdaxilə ilə nə özü bir şey qazandı, nə də əfqan xalqına nəsə verdi. “Çünki bu, strateji hədəfi bəlli olmayan yanlış bir siyasət idi. Bu, sadəcə, Buş hökumətinin həm müəyyən daxili, həm də beynəlxalq problemlərlə bağlı atdığı kortəbii addım idi. ABŞ onda uduzdu ki, onun mübarizə adıyla girdiyi ölkədə terrorçu şəbəkəsi daha da genişləndi və Əfqanıstan əvvəlkindən də daha qarışıq bir terrorçu yuvasına çevrildi. Eni zamanda bu işğal qonşu və uzaq ölkələrdəki proseslərə də öz mənfi təsirini göstərdi. Çünki Əfanıstanda fəal döyüş təcrübəsi qazanıb yetişən mücahidlər digər ölkələrə də sızdı. “Əl-Qaidə” Əfqanıstan, Pakistan miqyasından çıxaraq, az qala, bütün dünyaya yayıldı. Bu proseslər fonunda “İŞİD” kimi yeni dəhşətsaçan terrorçu qurumlar törəndi”.
ABŞ-ın əfqan müharibəsini keçmiş SSRİ-nin Əfqanıstana müdaxiləsi ilə müqayisəsindən danışan politoloq belə deyir: ”Əslində, ABŞ müdaxiləsi elə sovet müdaxiləsinin davamı olaraq ortaya çıxdı. Çünki sovet işğalı nəticəsində “Taliban” peyda oldu və düzənli bir terror təşkilatına çevrildi. Eyni zamanda sovet-əfqan savaşı “Əl-Qaidə”nin meydana çıxmasını stimullaşdırdı. Və son nəticədə həmin təşkilatlar əvvəl onları dəstəkləyənlərin özünə qarşı yönəldi. Beləliklə, terrorun miqyası böyüdü və terror qlobal amilə çevrildi. Təbii ki, sovet işğalı da Əfqanıstana heç nə vermədi.Ölkə dağıdıldı, əhalisinin 1 milyondan çoxu qırıldı. ABŞ-ın hazırda Əfqanıstanda, eləcə də dünyanın əsas diqqət mərkəzində olan Suriya və İraqdakı siyasətinin nəyə apardığını da söyləmək çox çətindir. Çünki burada müəyyən, aydın bir strateji xətt görünmür...”


Siyasi analitik Tahir Cəfərli problemə bir az fərqli yanaşır: ”Əfqanıstan yeganə ölkədir ki, tarixində, bir dəfə də olsun, düşmənə tabe olmayıb. Əfqanların belə bir deyimi var : “100 ildən sonra qanımı aldım, nə tez aldım”. Bu o deməkdir ki, əfqan xalqı heç vaxt düşmənə tabe olmur və əvvəl-axır qanını alır. 14 ildir ki, ABŞ Əfqanistana soxulub, ancaq əfqan xalqına söz verdiyi “demokratiya, stabillik və sülh” gətirmək əvəzinə, ölkəni xaos girdabına döndərib. Amerikanlar Əfqanistanı dağıtmaqdan, orada qan axıtmaqdan başqa heç nəyə nail ola bilmədilər və bilməyəcəklər də. Bu 14 il ərzində bütün dünya əmin oldu ki, 11 sentyabr faciəsi dünyanı zəbt etmək üçün Pentaqonun və MKİ-in hazırladığı " "idarə olunan xaos" əməliyyatının “açarı”ı, Əfqanistana hücum isə onun ilk mərhələsi idi...”
Siyasi analitik Əfqanıstanda narkobiznesin güclənməsini də ABŞ işğalı ilə əlaqələndirir:”Belə bir faktı bütün dünya analitik mərkəzləri qeyd edir: ABŞ Əfqanistana girənə qədər ölkədə nisbi stabillik yaranmışdı, narkotik maddələrin kütləvi satışı yığışdırılmaqda idi, İrandakı kimi dövlət narkotik bitki əkənləri və emal edənləri ciddi cəzalandırırdı. Beynəlxalq ekspertlərin verdiyi məlumata görə, ABŞ işğalından sonra Əfqanıstanda heroin istehsalı 49 dəfə artmışdır. Və nəticədə dünyadakı opium və heroinin 90 faizi əfqan mənşəlidir. Buna əsas səbəb amerikanların narkotik maddələrin Əfqanistanda əkilməsini, emalını və başqa ölkələrə daşınmasını təmin etməsidir. Və hazırda narkobiznes Əfqanistanda ABŞ-ın nəzarəti altında olan yeganə iqtisadi və maliyyə mexanizmidir. Çünki ABŞ Əfqanistanda heç nə tikmir, zavod-fabrik acmır, əksinə, olan-qalanı da dağıdır. Və bunu da terrorçularla mübarizə kimi qələmə verir. Bu yaxınlarda ABŞ aviasiyasının mülki xəstəxananı bombalaması buna misaldır...”


Sovetlərin əfqan müharibəsinə gəldikdə T.Cəfərli belə düşünür: “10 il Əfqanistanda müharibə etmiş SSRİ də qarşısına qoyduğu məqsədə nail ola bilmədi. Sovet rəhbərliyi istəyirdi ki, güclə bu ölkəyə sosializm ixrac etsin, baş tutmadı. İndi də ABŞ-n dünya ölkələrinə "demokratiya" adıyla soxulması siyasəti eyni prosesin bir az başqa formada davamıdır. Bununla belə, SSRİ Əfqanistana girməzdən əvvəl bu ölkədə zavodlar-fabriklər açırdı, əfqanlar Moskva, Leninqrad, Bakı və s. şəhərlərdə ali təhsil alır, yüksək ixtisaslı mühəndis, texnoloq və s. kimi Əfqanıstana qayıdır, dinc quruculuq işləri ilə məşğul olurdular. Əfqan ordusunun təkmilləşməsində də sovet mütəxəsislərinin rolu böyük olub. İndiyə qədər əfqan ordusunda olan texnikanın çoxu sovet dövründən qalıb və maraqlıdır ki, bu gün də işləyir. Hazırda Əfqanıstanın şəhər və qəsəbələrində sovet dövləti tərəfindən tikilən evlər, universitetlər, kazarmalar, zavod və fabriklər və s. qalmaqdadır. Bunların birini də ABŞ etməyib və etməyəcək də... SSRİ rəhbərliyinin Əfqanıstan siyasətindəki səhvi oraya ordunun soxulması idi. Və sovetlər də elə amerikanlar kimi acınacaqlı nəticə ilə qarşılaşdı. Azadlıqsevər əfqan xalqı əlinə silah aldı və düşmənə qarşı mübarizəyə qalxdı...”
Analitik hesab edir ki, Rusiyanın Suriyadakı olaylara son müdaxiləsi Əfqanıstandakı xaosun da qarşısını alacaq:”11 sentyabrdan sonra ABŞ-ın “demokratiya”, “stabillik” adıyla girdiyi istənilən ölkə dağılır və kənar müdaxilə olmadan həmin xaosdan çıxmaq qeyri mümkündür. Məhz bu zərurətdən və özlərini qorumaq istəyindən İran-Rusiya-Çin üçlüyü ortaya çıxdı. Və Suriyada baş verən son hadisələr göstərir ki, dünya faktiki olaraq təkqütblü idaərəçilikdən qurtulmaqdadır. Fikir verin, artıq Ukrayna ikinci plana çəkildi və Rusiyanın birbaşa müdaxiləsi sayəsində Suriya xalqının “İŞİD” üzərində qələbəsi təmin olunmaqda və son nəticədə "idarə olunan xaosun" qarşısı alınmaq üzrədir. İnşallah, bu gedişlə İraq və Əfqanistanda da bu xaosun qarşısı alınacaq...”


Məlum olur ki, əfqan müharibəsi qonşu Pakistana da böyük zərbə vurub. 2015-ci ilin yayında Braun Universiteti nəzdində Beynəlxalq Problemlərin Öyrənilməsi İnstitutu “Müharibənin qiyməti” adlı məruzədə qeyd edir ki, 2015-ci ilin əvvəlinədək Əfqanıstan və Pakistanda koalisiya qüvvələrinin əməliyyatları sayəsində ölən hərbçi və mülki əhaliniin sayı təxminən 149 min nəfərə(92 min-Əfqanıstan, 57 min –Pakistan) çatıb. Təxm. 162 min nəfər( 100 min- Əfqanıstan, 62 min –Pakistan) insan yaralanıb. Tədqiqatda o da vurğulanır ki, əvvəla, hərbçilərdən fərqli olaraq mülki əhali arasında ölən və yaralananların sayını dəqiq hesablamaq olmur. İkincisi də, bu sənəddə yalnız bilavasitə hərbi əməliyyatların qurbanlarının sayı heablanır. Bu da ABŞ müharibəsinin hər iki ölkəyə vurduğu zərbənin bütöv mənzərəsinini əks etdirmir. Çünki on minlərlə əfqan və pakistanlı savaşın nəticəsi olaraq yaranmış şəraitdən: xəstəxanaların olmamasından, məcburi köçkünlükdən, aclıqdan, susuzluqdan və s. həlak olub. Deyilənləri nəzərə alan Braun Universitetinin tədqiqattçıları Əfqanıstanda əlavə olaraq təxm. 360 min, Pakistanda isə 200 min dinc sakinin ABŞ-ın başlatdığı müharibənin qurbanı olduğunu ehtimal edirlər. Eyni zamanda 2014-cü ilin ortalarına olan məlumata görə, işğal nəticəsində yalnız Əfqanıstandan 2,7 mln. insan qaçqın düşmüş, ölkədaxili məcburi köçkünlərin sayı isə 700 min nəfəri ötmüşdür.
ABŞ-ın özü isə Əfqanıstanda 2316 hərbçi itirməklə yanaşı, öz içində yeni bir “Vyetnam sindromu” yaratdı. Braun Universiteti əməkdaşları Amerika hərbçiləri arasındakı intihar faktlarından dəhşətə gəlirlər: orta hesabla hər gün ABŞ nizami ordusunun bir qulluqçusu intihar edir.
Eyni zamanda ABŞ-ın müttəfiqləri də Əfqanıstan müharibəsinin zərbələrini yaşamaqdadırlar. Məsələn, Böyük Britaniyanın hərbi büdcəsinin, demək olar ki, 30 faizini Əfqanıstan “udub”. Balkanlar, İraq, Əfqanıstan əməliyyatlarının iştirakçısı olan əməkdar Britaniya zabiti Frenk Ledvic özünün “Qana yatırılan investisiyalar” kitabında ölkəsinin Əfqanıstanda 448 hərbçi iitirdiyini, 6,6 min isə yaralı və xəstə “qazandığını” vurğulayır. Əfqanıstan savaşı Britaniyaya 37 mlrd. funta başa gəlib (2020-ci ilədək bu rəqəmin 40 mlrd.-dək yüksələcəyi gözlənilir). İngilis zabiti deyir ki, həmin məbləğə Britaniyada orta sinif üçün 5 min iş yeri açmaq və 30 il ərzində həmin işçiləri maaşla təmin etmək, yaxud 10 il ərzində bütün Britaniya tələbələrinin ali təhsil almasını təmin etmək olardı...
Yekunda belə nəticəyə gəlmək olur ki, ABŞ-ın Əfqanıstana, ardınca da İraqa və s. müsəlman ölkələrinə birbaşa, ya dolayısıyla müdaxiləsi nəinki özünə, eləcə də müttəfiqlərinə heç nə qazandırmayıb. Terrorçu Bin Laden öldürüldü, diktator Səddam asıldı, Qəddafi linç edildi. Bəs dinindən, milliyyətindən asılı olmayaraq milyonlarla dinc insanın, hərbçinin mənasız yerə həyatını itirməsinə, yaralanmasına, xəstələnməsinə, qaçqın düşməsinə və s. görə kimlər cavab verəcək?..

Geri qayıt