Əsas Səhifə > Güney Press / Ana xəbər > Parta satan direktor işdən çıxarılır
Parta satan direktor işdən çıxarılır28-09-2015, 12:25 |
|
Məktəb direktoru Təhsil Nazirliyinin göndərdiyi partaları şagirdlərə pulla satır. İllərdir bərbad vəziyyətdə olan məktəbin təmiri üçün vəsait ayrılsa da, heç bir nəticə yoxdur. Bu sözləri Axar.az-a bir qrup valideyn Goranboy rayonundan yazıb. Onların sözlərinə görə, rayonun Z.Məsimov adına Ağamalıoğlu kənd orta məktəbi baxımsızdır. Valideynlər qeyd ediblər ki, direktor Zöhrə Əliyeva ayrılan vəsaiti məktəbin təmir-bərpa işlərinə deyil, öz şəxsi problemlərinə xərcləyir. Şikayətçilər məktəbdə dərs keçmək üçün heç bir şəraitin olmadığını bildirirlər: “Sinif otaqlarının qapısı, pəncərəsi yoxdur. Tavan və döşəmə bərbad vəziyyətdədir. Parta və stullar köhnə və sınıqdır. Qarşıdan qış gəlir. Bu şəraitdə dərs keçmək mümkün deyil. Qışda uşaqlar dərsdə palto ilə oturmalı olur. Nazirlik məktəbi yeni partalarla təmin edib. Ancaq direktor hər partanı şagirdlərə 3 manata satır. Pul verən şagirdlərə yeni partalar verilib”. Valideynlər məktəbdə dərs deyən müəllimlərin savadsızlığından da şikayətçisidir. Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən Axar.az-ın sorğusuna cavabda bildirilib ki, yaxın günlərdə məktəb təmir ediləcək: “Goranboy Rayon Təhsil Şöbəsinin məktubunda bildirilir ki, rayonun Ağamalıoğlu kənd tam orta məktəbinin binasının əsaslı təmirə ciddi ehtiyacı var. Məktəbin əsaslı təmiri nəzərdə tutulub. Məktəbin direktoru Zöhrə Əliyevanın 01.10.2015-ci il tarixdə 65 yaşı tamam olur. Onun fəaliyyətinə xitam verilməsi ilə bağlı Nazirliyə məktub göndəriləcək”. ![]() ![]() Geri qayıt |