Əsas Səhifə > Güney Press / Ana xəbər > Bəzi apteklərdən dərmanların yoxa ÇIXMASININ SƏBƏBLƏRİ
Bəzi apteklərdən dərmanların yoxa ÇIXMASININ SƏBƏBLƏRİ8-09-2015, 12:22 |
|
Ölkə başçısı İlham Əliyevin Azərbaycanda satılan dərman peraparatlarının qiymətinin endirilməsi barədə verilən göstərişdən sonra Hafta.az-ın redaksiyasına müraciət edən bəzi dərman alıcıları apteklərdən bir sıra dərmanların “yoxa çıxdığını” bildiriblər. Şikayətçilər vurğulayırlar ki, dərmanların ucuzlaşıb – bahalaşması bir yana, xəstəliklərindən dolayı istifadə etdikləri həmin dərmanlar indi demək olar ki, apteklərdə gözə dəymir. Vətəndaşlarımızın şikayətlərini yerində araşdırmaq üçün Hafta.az-ın əməkdaşı bu dəfə yolunu şəhərimizdəki apteklərdən salıb. İlk olaraq onu qeyd edək ki, ölkə başçısının dərman preparatları ilə bağlı çıxışından bir həftə sonra, yəni iyulun 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev kollegiya iclası keçirmişdi. O, iclasda çıxış edərək, dərman preparatlarının qiymətinə yenidən baxılacağını da söyləmişdi. Yolumuzu Xırdalan şəhərində yerləşən nisbətən “kənar” apteklərdən saldıq. Aptek işçisi Ülvi Əliyevin sözlərinə görə, bu aptekdə dərman qıtlığı yoxdur. Aptek işçisi Hafta.az-a açıqlamasında bunun səbəblərini də açıqladı: “Bizdə adətən bahalı dərmanlar olmur. Əhalinin alış səviyyəsi və məhlənin sifariş siyahısı əsasında dərmanları gətiririk. Həmin dərmanları isə istənilən depodan tapa bilirik. Həmin dərmanlar arasında isə elələri var ki, nisbətən, yəni 5-12 faiz arasında qalxma və enmə müşahidə olunur. Streplis kateqoriyalı dərmanlar və gündəlik istifadə olunan dərmanların qiymətində isə heç bir dəyişiklik yoxdur”. 20 Yanvar metrostansiyasının yaxınlığında Məmmədcəfər Cəfərov küçəsində bir – birinə yaxın yerləşən apteklərə də baş çəkdik. Bir sıra “yoxa çıxmış” dərman adlarını çəkib dərman satış məntəqələrində olub – olmadığını soruşduq. Formokoloq Şəhla Osmanova Hafta.az-a açıqlamasında bildirib ki, “Adelfan” tablet, “Aktovegin ampul”, Antasid preparatlar artıq apteklərdə yoxdur: “Təxminən avqustun əvvəllərindən bu dərmanlar depolardan yığışdırıldı. Bildirildi ki, yeni qiymətlər üzərinə həkk olunduqdan sonra yenidən mağazalara qaytarılacaq. Ancaq hələ də onlardan bir xəbər yoxdur. Xüsusi imtiyazlı xəstələr üçün olan bu dərmanların alıcısı çox olduğundan təlabat indi də çoxdur. Hər dəfə soruşuruq, “yoxdur” cavabı alırıq”. Şəhla Osmanova həmçinin vurğulayıb ki, bir sıra dərmanlar, o cümlədən “Winch” kateqoriyalı dərmanların qiymətində dəyişklik edildikdən sonra apteklərə qaytarıldığını bildirib: “Winch” tabletləri və kapsulları əvvəllər müvafiq olaraq 12-15 manat arasında dəyişirdi. İndi isə 4 manat 90 qəpiyə satışı qoyulub. Bu baxımdan ən çox istifadə olunan dərmanlar siyahısında olduğu üçün onların qiymətinin aşağı olması alıcıların da razılığına səbəb olur”. Şəhla Osmanova idmançıların istifadə etdiyi protein tərkibli peraparatların qiymətlərində isə kəskin artım olduğunu deyib: “Məsələn elə dərman vardı ki, əvvəllər 90-95 manat idi. Son gələn dərmanlara isə 120 – 125 manata satış qoyulub”. Digər bir aptekdə isə Dofamin, Epoetin ampul, Fenitoin tablet kimi dərmanlar, eləcə də “Adelfan” tablet, “Aktovegin ampul”, Antasid preparatların artıq satışda olmadığını bildirdilər. Satıcı Səbinə Rəsulova Hafta.az-a açıqlamasında vurğuladı ki, alıcıların ən çox şikayəti dərmanların yoxa çıxmasından dolayı gileyləridir: “O da bizdən asılı məsələ deyil. Çünki, biz də gedib dərmanları depolardan götürürük. Oradan verilmədiyi üçün biz də alıcılarımıza “yox” cavabı verməli oluruq”. Formokoloq Səbinə Rəsulova uşaq yeməklərinin son həftələr qalxımından şikayətçi olduğunu da dilə gətirdi: “ Pamperslərin qiymətində təxminən 35 faiz qalxmalar var. Bizim də evdə körpə uşaq var. Çatdırmaq olmur. “Similac”, “Sahha” kimi uşaq yeməklərində də qiymət artımı var. Heç uşaq yeməkləri də qalxarmı? Bunu qabartmaq lazımdır. Cavan ailələr yazıqdırlar”. Aptekə alıcı kimi gələn sadə vətəndaşlara yaxınlaşıb dərman bazarında bir dəyişiklik, daha doğrusu, enib – qalxmaları müşahidə edib – etməmələrini soruşduq. 66 yaşlı Elza Bünyadova Hafta.az-a açıqlamasında bildirdi ki, üç həftəyə yaxındırki soyuqdəymədən müalicə olunmaq üçün dərmanlar alır: “Pensilin”, “novakain” kimi dərmanların qiymətində cüzi qalxmalar var. Amma reseptdə yazılan dərmanların böyük əksəriyyətini indi nisbətən ucuz ala bilirik. Elə bir qalxma qeydə alınmayıb”. Dərman alıcısı, həm də tibb bacısı olduğunu deyən Aysel adlı xanım isə son günlər dərmanların qiymətində elə bir dəyişmə olmadığını söylədi: “Qiymətlər normaldır. Baxır dərmanlara, gündəlik ağrıkəsicilər və ən çox təlabat dərmanların qiymətində elə bir qalxınm yoxdur. Amma bir sıra dərmanların apteklərdən yoxa çıxması bizi və xəstələrimizi də narahat edir”. Apteklərdə dərmanların ucuzlaşıb – bahalaşmasına hardasa dözmək olar. Ancaq xəstə insanların müalicəsi üçün mütləq dərmanların qiymət dəyişməsi adı altında yoxa çıxması isə heç cür başa düşülən deyil. Geri qayıt |