Əsas Səhifə > Güney Press / Ana xəbər > "Yanan da biz olmuşuq, yaman da"...
"Yanan da biz olmuşuq, yaman da"...7-09-2015, 08:59 |
![]() Yaxşı bir atalar misalı var: “Qonşun pisdir, köç qurtar”. Amma təəssüflər olsun ki, indiki zamanda köçmək özü də düşünmək olduğu qədər asan iş deyil. Həm də ailə başçısı olmayan bir ev üçün. Adətən belə ailələr qonşuları tərəfindən daha çox diqqət və qayğı ilə əhatə olunurlar. Lakin, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan Atamalıyevlər ailəsinin bu sarıdan da bəxtləri gətirməyib.Redaksiyamıza ərizə ilə müraciət edən Könül Atamalıyeva bildirir ki, 05 avqust 2015-ci il tarixində, onların qonşuluqlarında yaşayan Elbəy adlı şəxs hasardan aşaraq icazəsiz Atamalıyevlərin həyətinə daxil olub. Bu zaman Könül xanım özü işdə olub. Evdə isə onun 16 yaşlı qızı və azyaşlı oğlu olublar. Elbəy həyətə keçən vaxt, Könül xanımın qızı həyətə təsərrüfat işləri ilə məşğul olub. Bu zaman onun üzərinə hücum edən qonşu, qızın əlindən tutaraq, onu həyətdən çıxarmağa cəhd göstərib və deyib ki, səni qaçırıram. Qız müqavimət göstərərək səs-küy salıb. Səsə evdən çıxan azyaşlı oğlan qaçaraq dayısını çağırmağa gedib. Qızı həyətdən çıxara bilməyəcəyini anlayan Elbəy, onun telefonunu əlindən alaraq yaddaş kartını çıxarıb. Sonra isə, kartı qaytarmaq üçün qızdan 150 manat pul tələb edib. Çarəsizlikdən və qorxudan nə etdiyini bilməyən qız isə, evə daxil olaraq tələb olunan pulu gətirib Elbəyə verib. Bundan sonra Elbəy pulu da, kartı da götürüb gedib. Bir müddət sonra işdən evə qayıdan Könül Atamalıyeva hadisədən xəbər tutan kimi DİN-in 102 xidmətinə zəng vuraraq, olay barədə məlumat verib. Xidmətdən əməliyyat qrupu göndərməyi vəd etsələr də, yaxın 1-2 saat ərzində hadisə yerinə heç kim gəlməyib. Bundan sonra, Könül Atamalıyeva qardaşı ilə birlikdə özləri (Könül xanımın qardaşına məxsus avtomobildə) Abşeron Rayon Polis Şöbəsinə yollanıblar. Burada məsələni danışandan sonra, şöbənin iki əməkdaşı şikayətçilərə qoşularaq, onların maşını ilə hadisə yerinə yollanıblar. Qəsəbəyə gələn polis əməkdaşları Elbəygilin darvazalarını döyəndə isə, burada əsil mərəkə qopub. Elbəy özü, atası və digər ailə üzvləri balta, bel və digər alətlərlə silahlanaraq şikayətçilərə hücum ediblər. Polislər onların öhdələrindən gələ bilməyəcəklərini görüncə, əlavə qrup çağırıblar. Lakin, əlavə polis qüvvəsi gələnə qədər dava edənlərdən bir neçəsi xəsarət alıb. Bundan sonra qonşuları polis şöbəsinə aparıblar. Burada isə, hər iki tərəfdən izahat alaraq, hər kəsi sərbəst buraxıblar.Maraqlıdır ki, Elbəy tərəfindən vətəndaşın şəxsi həyətinə qanunsuz daxil olmaq, adam oğurluğuna cəhd və soyğunçuluq kimi cinayət əməllərinin törədilməsi tamamilə aşkar qeyd olunsa da, bu şəxsə qarşı heç bir tədbir görülməmişdir. Eyni zamanda da polis əməkdaşlarına müqavimət və vətəndaşların döyülmə faktları da Abşeron RPŞ-də tamamilə diqqətsiz qoyulmuşdur. Əvəzində isə, Elbəyin öz atasına təsadüfən vurduğu zərbədən aldığı xəsarətə görə, indi Könül Atamalıyeva istintaqa cəlb olunub. Elbəy isə, qonşusundan zorla aldığı telefon yaddaş kartından Atamalıyevlərin ailə şəkillərini çap edib qəsəbədə nümayiş etdirməklə, bu insanların heysiyyatları ilə oynamaqda və hətta onları hədələməkdə davam edir. Könül Atamalıyevanın dediyinə görə, Elbəy ondan şikayət olunduğu üçün külli-miqdarda “xərcə düşdüyünü” bildirib və buna görə də qonşularının başlarına “oyun açacağını” vurğulayıb. Atamalıyevlər isə tam çaşqınlıq və təlaş içərisindədirlər. Könül xanım hazırda yaranmış vəziyyəti belə təsvir edir: “Yanan da biz olmuşuq, yaman da. Mənim həyətimə giriblər, mənim qızımı oğurlamaq istəyiblər, mənim pulumu və əmlakımı aparıblar. Bu səbəbdən polisi də mən çağırmışam. Amma indi mənim özümə iş açıblar. Bir tərəfdən də qızımın təhlükəsizliyi üçün çox narahatam. Elbəy də bizi təhdid edir...” Qeyd edək ki, ilkin araşdırma Abşeron RPŞ-nin Zamiq adlı tədqiqatçısı tərəfindən aparılıb. Sonradan isə, iş istintaqa, Ceyhun Babayevə verilib... Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməyə hazırıq. Geri qayıt |