Əsas Səhifə > Güney Press / Ana xəbər > Çimərliklər istirahət məkanıdır, yoxsa ölüm təhlükəsi?!

Çimərliklər istirahət məkanıdır, yoxsa ölüm təhlükəsi?!


24-08-2015, 12:53
Çimərliklər istirahət məkanıdır, yoxsa ölüm təhlükəsi?!
Ötən həftə Bakı şəhər sakini, 2 yaşlı Həsən Abdulmüslümov səbəbi bilinməyən virusdan dünyasını dəyişdi.

Mətbuata açıqlama verən azyaşlının yaxınları uşağın çimərlikdən qayıdandan sonra pisləşdiyini, virusa yoluxduğunu iddia etdilər.

Yaxınlarının sözlərinə görə, çimərlikdən gələndən sonra Həsənin qızdırması qalxıb, qusmağa başlayıb. Azyaşlı 7 saylı Uşaq İnfeksion Xəstəxanasına, sonradan isə Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına aparılılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hərçənd ki, dövlət qurumları, xüsusilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sahil, Şıx, Qaradağ və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərliklərdə virusun aşkarlanmadığını deyir. Digər ərazilərdə dəniz suyunun tərkibindəki bakterioloji maddələr norma daxilindədir.

Amma yay mövsümü başlayandan qusma, ishal və qarın ağrısı əlamətləri ilə şikayətlənənlərin sayı çoxdur.

Dəniz suyunda virus və ya çirklənmə olmadığı halda çimməkdən qayıdanların əksəriyyətinin vəziyyəti niyə pisləşir? Qusma, ishal kimi şikayətlər nədən yaranır? Həkimlər bunu isti və düzgün qidalanmamaqla əlaqələndirirlər.

Amma çimərlik ərazisindəki antisanitariya və qadağan olunmuş çimərliklərə nəzarət edilməməsi də virusun yayılma təhlükəsini artırır.

Qeyd edək ki, çimərlik ərazilərindəki antisanitariya, tullantıların vaxtında daşınmaması sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

Məsələn, politoloq Razi Nurullayev çimərlik ətrafındakı zibil qalıqlarlarını əks etdirən fotolar paylaşıb. Nərminə Məmmədova adlı istifadəçi isə Bilgəh qəsəbəsindəki pullu çimərliklərdə qarpız qabıqlarının dənizə atılmasından narazılığını bildirib.

Virtualaz.org saytının reportyorları da çimərlik ərazilərindəki vəziyyətlə maraqlanıb.

Bilgəh, Şıx, Hövsan çimərliklərinin ətrafında zibil qabları qoyulsa da əhali özü ilə gətirdiyi yemək qalıqlarını ətrafa tullayıb.

Şıxov ərazisindəki pullu çimərliklər təmiz olsa da pulsuz çimərlikdə zibil qutularından istifadə edilmir. Sahil boyu qarpız qabıqları, butulka və digər tullantılara rast gəlinir.

Bilgəh çimərliyində zibil qutuları bir-birinə yaxın ərazidə qoyulub. Lakin yığılan tullantılar vaxtında daşınmadığından onlar burada əməlli-başlı “dağ” yaradıb.

Hövsan çimərliyində isə vəziyyət daha bərbaddır. Suyun çirkli olması azmış kimi dənizdə butulkadan tutmuş ayaqqabı tayınadək hər şeyə rast gəlmək mümkündür.

Qeyd edək ki, Suraxanı rayonundakı müalicəvi “Duzlu göl” ərazisində də antisanitariya hökm sürür. Zibilliklərin daşınmaması bir yana, əhali çirkli vannalara yığılan palçıqdan istifadə edir, tullantılar ərazidəki qamışlığın içərisinə atılır.

Onu da yada salaq ki, “Duzlu göl”, Şıx, Sahil çimərliklərinin qadağan edilməsinə baxmayaraq əhali daha bu çimərliklərə üz tutur. Hətta qadağan olunmuş ərazilərdə kafe, çayxanalar da fəaliyyət göstərir.

Bir sözlə, özünüzü çimərliklərdə virusun olmadığını iddia edənlərin tövsiyəsinə inandırmayın.

Geri qayıt