Əsas Səhifə > Güney Press > "“Qarabağ” klubu bizi böyük qələbəyə, uğur anına hazırlayır"
"“Qarabağ” klubu bizi böyük qələbəyə, uğur anına hazırlayır"21-08-2015, 10:17 |
![]() Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibi ,”525-ci qəzet”in baş redaktoru, şair-yazıçı Rəşad Məcidin 51 yaşı tamam olur. Modern.az bu münasibətlə aldığı kiçik müsahibəni təqdim edir: -Bu gün 51 yaşınız tamam olur. 50 yaşdan sonra insanın ovqatı tez-tezmi dəyişir? - Ovqatın stabil qalması yaradıcı, düşünən adamlar üçün mümkünsüzdür. Xüsusilə də mənim ovqatımın dəyişməsi, özümü 2, yaxud 71 yaşında bir insan kimi hiss etməyim daxili duyğularımdan, ətrafın münasibətindən asılıdır. 50 yaş keçən il tamam oldu və o yubileydən mənə xoş xatirələr qaldı. Hörmət etdiyim insanlar barəmdə həm qəzetlərdə, həm internet məkanında, sosial şəbəkələrdə xoş sözlər yazdılar. Bu mənim üçün çox xoş oldu. Yubiley günlərində insan özü-özünə hesabat da verir. Əgər bu qədər adamın sevgisi, təmənnasız xoş münasibəti varsa, deməli səhv yaşamamısan. Bu mənada 50 yaşdan mənə çox xoş duyğular qalıb. Təbii ki, belə günlərdə sıradan, candərdi təbriklər də olur, ürəkdən gələn təbriklər də... Mən bir həssas adam kimi ürəkdən gələn təbrikləri həmən hiss edirəm və çox təsirlənirəm. 50 ilə 51 yaşımın astanasında müəyyən yeniliklər oldu. Baba oldum. Bu da yeni bir statusdur. Yaradıcılıqda da uğurlar olub. Bir neçə kitabım çapdan çıxıb. Şeirlər kitabı, roman, “Bir də gəlməyəcək” şeirlər toplusu, 50 yaşımda mənə həsr olunan məqalələrdən ibarət “Cığıraçan” kitabı, Milanda italyan dilində kitabım işıq üzü gördü. 50 ilə 51 yaşımın arasında mən həm də səhər –səhər dəniz kənarına çıxmağı və piyada gəzməyi özümə alışdırdım. Bu gün səhər də təxminən 2 saat gəzmişəm, çay içmişəm, Xəzərə baxmışam, hər halda özümü 51 yaşdan qoca hiss etmirəm. -İnsan yaşa dolduqca böyüdüyü ata ocağına, doğma torpağına həssaslığı daha da artır. O yerlər üçün get-gedə daha çox qəribsədiyinizi hiss edirsiniz? - Mən elə gənclik yaşlarımdan doğulduğum torpağı, oxuduğum məktəbi, ilk ayaq basdığım yerləri həssaslıqla xatırlamışam. Amma mənim üçün xüsusilə ağrılı olan və çox zaman danışmaq istəmədiyim bir məqam var: Laçında Ağaoğlan kəndi var, mən o kənddə anadan olmuşam. O kənd indi işğal altındadır. Daha sonra uşaqlığımın keçdiyi Ağdam, oxuduğum bir saylı orta məktəb də işğal altındadır. Bundan əlavə, dünyada ən çox sevdiyim şəhər olan Şuşa da işğal altındadır. Bu mənada keçmişlə bağlı duyğularım çox ağrılıdır, kədərlidir. Keçmiş xatirələrə dalmaq çox zaman mümkün olmur. Çünki onlar çox ağrılıdır, insana əzab-iztirab verir. Onlarla yaşamaq çətindir. Bütün bunlara baxmayaraq mən hər zaman bir ümidlə yaşayıram ki, o torpaqlara bir gün mütləq qayıdacağıq. -Böyüdüyünüz yerlərin adını çəkdiniz. Oralarla bağlı heç zaman yaddan çıxmayan uşaqlıq xatirələrindən danışaq... - Laçınla Şuşanın arasında Turşsu adlanan yer var idi. Mənim babam yayda ora gedib alaçıq qurardı. Mən də elə 5-6 yaşlarımda may ayından babamla gedib o alaçıqda yaşayırdım. Yadımdadır ki, hələ camaat gəlməmiş oralar gül-çiçək açardı. Turşsu çox qəribə idi. Elə bil ki, 15 dəqiqə göyə qalxıb fantan vururdu, sonra yavaş-yavaş əriyirdi. Elə bil ki, burada heç yerli-dibli su olmayıb. 15 dəqiqə sakitlik olurdu, sonra da yenə də su həminki qayda ilə fantan vururdu. Müalicəvi əhəmiyyəti də var idi suyun. Uşaq vaxtı barmağımda ziyil əmələ gəlmişdi. Ora gedəndə də deyirdilər ki, əlinizi, üzünüzü, boynunuzu həmin su ilə yuyun. Mən də bir-iki gün yudum sonra baxdım gördüm ki, həmin ziyil yoxa çıxıb. Sən demə, o su ziyili aparıb. Ondan sonrakı illərdə mən o yerləri də o suyu da tez-tez xatırlayıram. O su haqqında yazı da yazmışam. Mən indi həmin sehirli suyu tamamən simvolik mənada canlandırıram. Yəni, uşaqlığın keçdiyi yerlər o qədər məlhəm idi ki, həm ruha qida verirdi, həm də fiziki cəhətdən insanın bütün çatışmazlıqlarını, qüsurlarını aradan qaldırırdı. Bizim bəlkə də cəmiyyətimizdə indiki deqredasiyanın, insanların biri-birinə qarşı kinli, qəzəbli olmasının bəlkə də bir səbəbi odur ki, insanların xeyli hissəsi o böyüdüyü, baş çatdığı məlhəm qaynağı olan yerlərə gedib ruhi və fiziki qüsurlardan təmizlənmək imkanından xalidir. Bu mənim üçün əsl simvolik bir xatirədir. - Ən çox kimlər üçün darıxırsız? - Müxtəlif ovqatlarda insanın yadına ömrün müəyyən mərhələləri və həmin mərhələlərdə rastladığı bəzi insanlar düşür ki, onlar üçün darıxırsan. Məsələn, mənim həyatımda rol oynamış, mənə müsbət təsir etmiş bir mərhum şəxs var –Aydın Məmmədov. Qeyri-adi bir adam idi. Mən hərdən onun üçün darıxıram. Ötən il də A. Məmmədovun 70 illiyini Yazıçılar Birliyində keçirdik. Həyatda gördüyüm ən qeyri-adi, ən unikal adamlardan biri olub Aydın Məmmədov. Hərdən onunla keçirdiyimiz günləri xatırlayıram. 50 illik dostum var – Vaqif. Onunla görüşürük, lap bir yaşından onunla dostuq, orta məktəbi bir yerdə oxumuşuq. Tahir, Nazim, Elxanl var, təmayüldə bir yerdə oxuduğum adamlardır. Onlarla da tez-tez görüşürük. Aqil Abbas mənim həyatımda rol oynayan adamdır. Onunla da tez-tez görüşürük, şükür allaha ki, bu gün gözəl dostluq münasibətlərimiz davam edir. Söhbət itirdiyimiz adamlardan gedirsə, onların içərisində ən çox xatırladığım Aydın Məmmədovdur. - Bizə maraqlıdır, bir gün Ağdam işğaldan azad olunsa, buna Rəşad Məcidin emosional reaksiyası necə olar? - Hərmişə demişəm, Şuşa dünyada ən çox sevdiyim şəhərdir. Bütün uşaqlığım isə Ağdamda keçib. Bu gün də “Qarabağ” komandasının oyunlarına gedib baxıram. Bunun da bir mahiyyəti var. Ona görə ki, bizdə məğlub insan kompleksi var. Ağdam komandasının oyunlarda qalib gəlməsi müəyyən qədər o kompleksi bizdən aralayır və böyük qələbə, uğur anlarına hazırlayır. Mən hesab edirəm ki, hər halda torpaqların alınacağı gün nəsə yazmasam da qürurdan, sevincdən hönkürüb ağlamaq və bu cür hissimi bildirmək imkanım olar. - Yazmaq demişkən, hazırda nə yazırsınız? -Şeir elə bir məfhumdur ki, onu nə zaman yazacağını planlaşdırmaq olmur. Elə olub ki, 15 il şeir yazmamışam, elə də olub ki, bir ildə xeyli şeir yazmışam. Nəsr gəldikdə isə beynimdə nəsr əsərlər var, sadəcə bir yerdə oturmaq, gündəlik işlərdən təcrid olunaraq yazmaq lazımdır. Gündəlik işlərim isə təbii ki, davam edir. Baş verən proseslərə münasibət bildirirəm, bundan əlavə qəzetin gündəlik işi... Ayrı-ayrı məqalələr yazıram. Son yazdığım məqalə “Təhsil” nəşriyyatının rəhbəri Bəhruz Axundovun kitabı haqqındadır. O kitabda mənim də böyüdüyüm Ağdam haqqında çox təsirli qeydlər var idi ki, mənə xatirələrə dalmağa imkan verdi. O kitab haqqında ürəkdən gələn bir yazı yazdım... Geri qayıt |