Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəfayət Mehdiyev küçəsinin sakinləri Zakir Həsənovdan yardım istəyir

Şəfayət Mehdiyev küçəsinin sakinləri Zakir Həsənovdan yardım istəyir


3-08-2015, 11:09
Şəfayət Mehdiyev küçəsinin sakinləri Zakir Həsənovdan yardım istəyir
Etiraf etmək lazımdır ki, bu gün ölkənin nəqliyyat sistemi arzuolunan səviyyədə deyil.Belə ki, bu sahədə uzun illərdən bəri həllini gözləyən çoxsaylı problemlər qalmaqdadır və hələlik heç bir rəsmi qurum mövcud problemlərin yoluna qoyulmasında bir o qədər də maraqlı görünmür. Qeyd edək ki, nəqliyyat sisteminə aid olan nöqsanlardan biri də bir sıra məsuliyyətsiz, qanunlardan xəbərsiz sürücülər tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin zəbt olunmasıdır.

Təəssüf, bu hallar paytaxtın əksər küçə və prospektlərində yaşanmaqdadır. Odur ki, piyadalar avtomobilini səkilərdə saxlayan sürücülərin əlindən cana doyub. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, belə hallar əsasən şəhərin mərkəzində baş verir. Bəzi ara məhəllələrdə isə piyadalar ancaq avtomobil yolu ilə getməyə məcbur olurlar. Piyadaların hərəkətini məhdudlaşdırmaqla yanaşı, avtomobillər səkilərin yenilənmiş daşlarını da sıradan çıxarır və şəhərin görüntüsünə ciddi ziyan vururlar. Çünki sürücülərin bir qismi dayanacaqlara pul verməmək üçün avtomobilləri boş gördükləri səkilərdə saxlayır. Yol polisləri isə gün ərzində onlarla, bəlkə də daha çox sürücüyə bu vəziyyətlə əlaqədar protokol tərtib edir. Lakin görünən odur ki, hələ də buna məhəl qoymayanlar var. Məhz elə bu səbəbdən də artıq əksər küçələrdə piyadalar üçün nəzərdə tutulmuş səkilərdə yerimək üçün xüsusi bacarıq tələb olunur. Yəni piyadalar 10 santimetrlik yerdən keçmək məcburiyyətində qalırlar.

Bir sözlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, avtomobillərin səkilərdə saxlanması paytaxtın ciddi problemidir. Piyada yeriməkdən qurtulmaq üçün kreditlə, borcla və ya nağd şəkildə alınan maşınlar, digər piyadaların hərəkətinə mane olur. Maraqlı məqam ondadır ki, bəzi sürücülər avtomobillərini səkilərdə saxlamaqla heç bir qeyri-qanuni hərəkətə yol vermədiklərini düşünürlər. Hesab edirlər ki, piyadalar üçün olan səkilər, həm də sürücülərin dayanacaq yeridir. Daha onlar fərqinə varmırlar ki, idarə etdikləri nəqliyyat vasitələrini harda gəldi, necə gəldi saxlamaqla piyadaların normal hərəkətinə mane olurlar. Misal kimi Müdafiə Nazirliyinin Yasamal rayonu ərazisində yerləşən "Salyanski kazarma" kimi tanınan Təlim-Tədris Mərkəzində (TTM) çalışan şəxslərin - zabit, gizir heyətinin Şəfayət Mehdiyev küçəsi 79-cu binanın sakinlərinin başına açdıqları oyunu göstərmək olar. Belə ki, Şəfayət Mehdiyev küçəsi 79-cu binanın sakinlərinin sözlərinə görə, TTM-in əməkdaşları avtomobillərini piyada yolunda, səkinin üstündə, binanın əsas giriş hissəsində park edirlər: "Məhz elə bu səbəbdən də biz səkiləri zəbt edən maşınların arası ilə, binaların divarlarına sıxılaraq hərəkət etmək məcburiyyətində qalırıq. Bundan başqa, küçə boyunca maşınların saxlanması yolda həm tıxacın, həm də səs-kuyün yaranmasına səbəb olur. Təlim-Tədris Mərkəzinin hərbçiləri maşınlarını həyətimizdə, ya da piyadaların istifadəsi üçün nəzərdə tutulan səkidə saxlayır ki, bu da bizi narahat edir. Binamızın həyətinə maşın əlindən girə bilmirik. Hamısı zabit və gizirlərin maşınlarıdır. Hələ bu azmış kimi, bəzi hərbçilər maşınlarını vətəndaşlara məxsus "qaraj"ların qarşısında saxlayıb çıxıb gedirlər".

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə, nəqliyyat vasitələrinin yol, prospekt və küçələrdən dayanacaq kimi istifadə etməsi qadağandır. Lakin görünən odur ki, Təlim-Tədris Mərkəzinin zabit və gizir heyəti üçün bu qadağar keçərli deyil. Bildiyiniz kimi, son illər milyonlarla vəsait xərclənərək yollar təmir edilir, dayanacaqlar tikilir. Lakin Təlim-Tədris Mərkəzinin zabit və gizir heyəti adi intizama sahib deyil. Onlar piyada yolunu deyil, avtomobil yolunu da qapadırlar. Dayanmağın qadağan edildiyi, sadəcə hərəkət üçün nəzərdə tutulmuş ensiz küçələr bu sürücülər üçün pulsuz dayanacağa çevrilib. Buna görə də, normalda iki avtomobilin rahat şəkildə keçə biləcəyi yollar, tək yola çevrilir və tıxaclar əmələ gəlir. Məhz elə buna görə də Şəfayət Mehdiyev küçəsi 79-cu binanın bir qrup sakini "Gündəlik Bakı" qəzetinin vasitəsi ilə müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edərək ondan kömək istəyirlər. Sakinlər TTM-in işçilərinin onların rahatlığını əllərindən aldığını iddia edir və bu səbəbdən də belə sürücüləri ağır şəkildə cəzalandırmağın vacibliyini vurğulayırlar: "Cənab nazir, bu şəraitdə yaşamaqdan bezmişik. Binamızın həm arxa hissəsində, həm də qarşısında Təlim-Tədris Mərkəzində xidmət keçən hərbçilər maşınlarını saxlayaraq bəzi problemlərin yaranmasına gətirib çıxarırlar. Binamızın həyətinə maşın əlindən girə bilmirik. Yolun sağını da, solunu da zəbt ediblər. Maşını saxlayırlar, səkinin düz üstündə. Məcbursan ki, avtomobil yolu ilə gedəsən. Onda da digər sürücülər siqnal verirlər, yol istəyirlər. Hətta burada belə vəziyyətə görə piyadanı maşın da vurub. Cənab nazir, xahiş edirik ki, biz sakinlərin müraciətlərinə qulaq verəsiniz və yaranmış problemin tez bir zamanda həllinə nail olacasınız". Biz də öz növbəmizdə ümid edirik ki, bu məqalənin bir nəticəsi olacaq və nəhayət, Şəfayət Mehdiyev küçəsi 79-cu binanın sakinlərini narahat edən problem aradan qaldırılacaq.

Geri qayıt