Əsas Səhifə > Güney Press > “Qaqaş, birtəhər baxırsan ee, mənə!”...

“Qaqaş, birtəhər baxırsan ee, mənə!”...


29-07-2015, 16:44
“Qaqaş, birtəhər baxırsan ee, mənə!”...
Səbəbsiz düşən davada 6 nəfər iştirak edib.

Bakının Suraxanı rayonunda iyulun 27-dən 28-nə keçən gecə qətl hadisəsi baş verib. “Çardaq” çay evində iki qardaş bıçaq yarası alıb, aldığı yaralardan qardaşlardan biri dünyasını dəyişib. İkincisi isə ağır vəziyyətdə xəstəxanaya yatırılıb.

Bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Hər şey isə bir çəp baxışdan başlayıb. Polis idərəsindən verilən məlumata əsasən, qardaşlar 1983-cü il təvəllüdlü Ələsgərli Sabit Şəfa oğlu və 1986-cı il təvəllüdlü Ələsgərli Orxan Şəfa oğlu “Çardaq” çay evində vaxt keçirməyi qərara alıblar.

Orda bıçağa tuş gəliblər.

6 nəfərin iştirak etdiyi dava nəticəsində, Sabit Ələsgərli sinəsindən bıçaq yarası alıb və hadisə yerində dünyasını dəyişib. Kiçik qardaş isə xəstəxanaya yatırılıb.

Fakt üzrə iyul ayının 28-də iki nəfər şübhəli bilinən şəxs saxlanılıb. Bu, 1993-cü il təvəllüdlü Cavid İsmayılov və 1992-ci il təvəllüdlü Cavanşir Cəfərzadədir. Birinci şəxsi əməliyyatçılar Yeni Günəşlidə, ikincini isə Binədə saxlayıblar. Cavan adamlar istintaqdan tanışlarının evində gizlənirdilər.

İlkin istintaq zamanı İsmayılov və Cəfərzadənin həmin gecə “Çardaq”da olmaları müəyyənləşdirilib. Gənclər yalnız çay içdiklərini iddia etsələr də, istintaq həmin gecə onların yalnız gümrahlaşdırıcı içki içmədiklərini ehtimal edir.

Onlar arasında davanın bir baxış üstündə düşdüyü müəyyənləşdirilib. Kimin kimə çəp baxdığı məlum deyil.

Amma bu baxışın gənclərdən birinin heç xoşuna gəlmədiyi dəqiq məlumdur. “Çox güman ki, onlar sərxoş olublar. Söhbət isə “Qaqaş, birtəhər baxırsan ee, mənə!” ifadəsindən başlayıb. Beləliklə də söz sözü çəkib və bir-birinə qarşı ittihamlar işə düşüb. Və bu narazıçılıq qısa bir müddət ərzində kütləvi davaya çevrilib”, - Suraxanı RPİ-də danışıblar.

Polisdə həmçinin saxlanılan şəxslərin heç bir yerdə işləmədiklərini də qeyd ediblər.

Geri qayıt