Əsas Səhifə > Güney Press / Ana xəbər > “Gəncəbank” rəhbərindən şikayətlər araşdırılmamış qalıb
“Gəncəbank” rəhbərindən şikayətlər araşdırılmamış qalıb22-07-2015, 11:20 |
![]() “Gəncəbank” rəhbəri Pərvanə Novruzovanın əməllərindən zərərçəkən Natalya Kərimova və onun vəkili Ceyhun Yusifov prezidentdə və baş prokurora müraciət ediblər. N.Kərimova yazır ki, P.Novruzova ona olmazın işgəncələr verərək mülklərini zorla əlindən alıb. Bununla bağlı dövlət orqanlarına dəfələrlə məktub yazsa da, məsələ faktiki olaraq araşdırılmamış qalıb. “Etdiyim müraciətə Gəncə Şəhər Prokurorluğu 28 aprel 2015-ci ildə 52547 nömrəli məktubla cavab verib. Məktubun ikinci abzasında qeyd edilir ki, mülklərim əlimdən alınarkən etdiyim şikayətdən sonra materiallar toplanıb. Material əsasında 9 oktyabr 2001-ci ildə Pərvanə Cəmil qızı Novruzova barəsində Cinayət Məcəlləsinin 158.2-ci (hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma) maddəsinə əsasən cinayət işi başlanıb və istintaq aparılıb. Məktubda qeyd olunur ki, guya rəhbəri olduğum ”Gözəl Esmira” firması ilə “Gəncəbank” arasında o vaxtkı pulla 270 milyon manat kredit müqaviləsi bağlanmış və girov kimi “Gözəl Esmira” firmasının mülkiyyətində olan Gəncə şəhəri, Xətai küçəsində yerləşən “Nataşa” gözəllik salonu girov qoyulub. Halbuki həmin gözəllik salonu firmanın yox, mənim şəxsi mülkümdür. Gəncə Prokurorluğunda istintaq edilən həmin cinayət işi Pərvanə Novruzovanın diktəsi ilə və təqdim etdiyi saxta sənədlər əsasında birtərəfli qaydada araşdırılıb. Mənə qarşı haqsızlıqlara son qoyulmasını, işin hörmətli prezident və baş prokurorun nəzarətinə götürülərək araşdırılmasını xahiş edirəm. İnanıram ki, prezidentin nəzarəti, baş prokurorun müvafiq göstərişi məmurların mənə, qızıma qarşı olan zorakılıqların, əmlaklarımın zəbt olunmasını ört-basdır etmək istəyinin qarşısını alacaq”. N.Kərimovanın vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a bildirib ki, müvəkkilinin çoxsaylı müraciətləri baxılmamış qalıb. İşin araşdırılması isə faktiki olaraq dayanıb: “Cənab prezidentə, baş prokurora müraciətimizin işin obyektiv həll olunmasına səbəb olacağına inanıram. Təəssüf edirəm ki, prezidentin çağırışlarına rəğmən məmurlar vətəndaşların hüquqlarının bərpasına tələsmirlər. İlham Əliyevin məmurlara ünvanladığı tənqidi müraciətlərindən sonra da vətəndaşların hüquqlarının bərpası yönündə addımlar atılmır. 2002-ci ildə ”Gəncəbank” ASC Natalya Kərimovaya qarşı iddia qaldırıb. Lakin həmin vaxt N.Kərimova P.Novruzova tərəfindən ölkədən çıxarıldığına görə o, həmin iddiaya baxılarkən məhkəmədə iştirak edə bilməyib. Məhkəmə N.Kərimovaya məxsus əmlakların – “Nataşa” salonunun, Gəncə şəhərində 2 mənzilin bankın sərəncamına keçməsi haqda qiyabi qərar çıxarıb. 2015-ci il mayın 19-da çıxarılan qərarla “Gəncəbank” ASC-nin Natalya Kərimovaya qarşı iddiasının təmin edilməsi haqda 2002-ci ildə çıxarılan qiyabi qərar ləğv olunub. Həmin qiyabi qərarda bizə məlum olmayan və bizdən xəbərsiz tərtib olunan müqaviləyə istinad olunurdu. Müqavilədə yazıblar ki, guya öhdəliyin təminatı kimi “Nataşa” salonu girov qoyulub və guya Natalya Kərimova ödəmə həyata keçirmədiyindən girov “öhdəliyin” təminatına yönəldilib. Bu, faktiki olaraq Natalya Kərimovaya məxsus salonun məhkəmə aktı ilə qanunsuz olaraq ələ keçirilməsi idi. Çıxarılan qətnamə ilə Natalya Kərimovaya məxsus olan və “Gəncəbank” İdarə Heyətinin sədri Pərvanə Novruzovaya keçməsinə dair hüquqi əsas yaratmış Kəpəz Məhkəməsinin 2002-ci il tarixli qiyabi qətnaməsi şikayətimiz əsasında ləğv olunub. Lakin bu günə qədər Natalya Kərimovanın əmlakları özünə qaytarılmayıb”. Geri qayıt |