Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezident məmuru yox, xalqı dəstəkləyir
Prezident məmuru yox, xalqı dəstəkləyir17-07-2015, 15:31 |
![]() “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır." ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Dövlət başçısının söylədiyi fikirlər ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb və bu məsələ geniş rezonans doğurub. Bu gün ölkə vətəndaşları xaricə səfərə getmək üçün birbaşa href="https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%B0%D0%B2%D0%B8%D0%B0%D0%BB%D0%B8%D0%BD%D0%B8%D0%B8" target="_blank">“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xətti ilə bilet ala bilmir. Çünki ən çox təlabat olan marşurutlar üzrə biletlər şirkətin himayəsində olan özəl turizm şirkətlərin əli ilə satılır. Təbii ki, bu, qiymətlərin bahalaşması ilə yanaşı, kimlərinsə daha çox varlanmasına, biletdən gələn gəlirin dövlət büdcəsinə yox, məhz şəxsi ciblərə getməsinə əsas yaradır. İstanbula getmək üçün bilet almaq istəyən paytaxt sakini Məhəmməd İmanov bildirir ki, AZAL-ın saytında Bakı-İstanbul istiqamətində (ekonom) gediş-gəliş üçün onlayn bilet sifariş etmək üçün göstərilən qiymət 315,63 manatdır. Bu, ilk baxışdan normal və sərfəli görünür. Lakin maraqlısı odur ki, vətəndaş AZAL-ın saytı ilə onlayn billet sifariş edə bilmir. Çünki çox vaxt bu istiqamətə billet olmur. Amma paytaxtın 28 may küçəsi boyunca yerləşən müxtəlif firmalara məxsus kassalarda həmin marşurut üzrə billet istənilən qədərdir və 350 manatdan ucuz deyil. Bu zaman vətəndaş haqlı olaraq sual edir, bu, nə üçün belədir? Cavab isə aydındır, əlavə qazanc əldə etmək, gələn gəlirləri büdcədən yayındırmaqla şəxsi gəlir götürmək. Bir istiqamət üçün bilet üçün özəl kassalar 225 manata satır. Demək ki, vətəndaş İstanbula gedib gəlmək üçün dövlətə yox, kimlərəsə xeyir verməlidir. Təbii ki, bu rəqəmlərin fonunda ölkə rəhbərinin səsləndirdiyi iradlar milyonlarla ölkə vətəndaşının ürəyincə oldu. Bu, əslində, dövlət başçısının xalqa dəstəyi kimi qiymətləndirilməlidir. Ölkə başçısının dediyi kimi, sanki bəzi məmurlar düşünürlər ki, istədikləri hər şeyi edə bilərlər. Amma, onlar yanılırlar, xalqa xidmət göstərməkdən şərəfli heç nə ola bilməz. Gürcüstanın sabiq prezidenti, hazırda isə Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışan Mixail Saakaşvili bu günlərdə Odessaya təyyarə uçuşlarında biletlərin baha olması ilə bağlı geniş iclas keçirib. O, həmin iclasda qiymətlərin nəyə görə baha olmasını xalqın dili ilə soruşur və buna qarşı ciddi tədbirlərin görüləcəyini elan edir. O, haqlı olaraq biletlərin baha olmasını monopoliya və korrupsiyaya qurşanmış şəxslərin oyunu kimi təqdim edir. Bu müşavirə sosial şəbəkələrdə böyük maraq doğurduğundan həmin videonu bizim məmurlara nümunə kimi təqdim edirik. Yəqin ki, bu videoya baxdıqdan sonra nəticə çıxarmaq olar ki, başqa millətə mənsub bir insan başqa bir xalqa mənsub insanların qayğısına necə qalır. Amma biz özümüz-özümüzə sanki qənim kəsilmişik. Nəyə görə yüksək vəzifələrdə çalışan məmurlarımız doğma millətinə ürəkdən xidmət göstərmirlər?! Axı, buna mane olan səbəb nədir? Zənnimizcə, bu barədə birlikdə düşünməyə və nəticə çıxarmağa böyük ehtiyac var. Prezidentin tapşırığından sonra mətbuatda Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərlər yer aldı. Lakin çox keçmədən AZAL-ın vitse-prezidenti Sabir İlyasov bunu təkzib edərək dedi ki, bu məsələdə hələlik konkret yenilik yoxdur. Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur. Təyyarə bileti qiymətinin əlçatan olması ölkənin turizm potensialına da birbaşa təsir edir. Statistika göstərir ki, ən yaxın qonşummuz olan Gürcüstana bizdən 2 dəfə çox turist gəlir. Gürcüstanın iki gündə qəbul etdiyi turist sayı, bizim bir ayda qəbul etdiyimiz turistlərdən çoxdur. Mövzu ilə bağlı diqqətçəkici faktları təqdim edirik: - Azərbaycan üçün yanacaq Gürcüstandan daha ucuz başa gəlir. Belə ki, Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir. - London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş 100 manata başa gəlir. - AZAL bu ilin mart və aprel aylarında Macarıstanın WizzAir və Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyətini dayandırıb. Buna səbəb bu iki hava yolunun təyyarə biletlərinin ucuz qiymətə satılması olub. - “Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb. - Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. Gəlirləri az olan təbəqənin “AZAL-ın qiymət siyasəti ilə bağlı nə etmək lazımdır” sorğusuna verdiyi cavablar da diqqət çəkicidir: - Qiymətlərin yüksək olması AZAL-ın gənc şirkət olması ilə əlaqəlidir. AZAL yeni yaranıb və gənc şirkətdir. Zamanı gəldikdə Heydər Əliyev adına Hava Limanı daha çox tranzit uçuşlar edəcək və qiymətlər də aşağı düşəcək. - Ən azı rəqabət nöqteyi-nəzərindən qiymət siyasətinə mütləq baxılmalıdır. Hər kəs istəyər ki, öz ölkəsinin hava yolları şirkətinə xeyir versin. - Qiymətlər həqiqətən bahadır və bəzən AZAL-ın qiymət siyasəti xeyli suallar doğurur. Məsələn, təxminən 1 il əvvəl açılmış Bakı-Nyu-York reysinə Bakıdan bilet Tiflisdən 20% baha başa gəlir, baxmayaraq ki, Tiflisdən Nyu-Yorka uçmaq üçün iki uçuş lazım olur. Əvvəlcə Tiflis-Bakı, sonra isə Bakı-Nyu York. Buna baxmayaraq, Tiflisdən iki reyslə Nyu-Yorka uçmaq Bakıdan birbaşa uçmaqdan daha ucuzdur. - AZAL-ın qiymətləri ilə yanaşı, təqdim etdikləri yeməkləri də ürəkaçan deyil. AZAL həm bahadır, həm də xidməti zəifdir. - Bu gün hər kəs AZAL-da qiymətlərin həddən artıq baha olduğunu əsas gətirərək Türk Hava Yollarına üstünlük verir. AZAL-ın razı olmadığım sahəsi qiymətlərinin baha olmasıdır. Qiymətlər ən azı 2 dəfə aşağı olsa daha yaxşı olar. Çünki indiki qiymət bahalılığı sünidir. - AZAL Azərbaycanda işçisinə ən çox maaş verən şirkətlərdən biridir. AZAL rəhbərlərinin nə qədər maaş almasını öyrənmək mümkün deyil, bunu gizli saxlayırlar. Təbii ki, kasıb şirkət olsaydı özünə paytaxtımıza yaraşıq verən gözəl bina inşa etdirməzdi. Bu, sevindirici haldır, amma biletlərin qiymətində də dəyişiklik olsa, hər kəsin ürəyincə olar. Qiymətləndirmələrə görə, biletin qiyməti maya dəyərindən aşağı olmamalı, buna uyğun müəyyənləşdirilməlidir. AZAL yay mövsüm dövründə Bakı-İstanbul reysi ilə gediş-gəliş üçün 250 manat təklif etməklə mənfəət əldə etmək imkanına malik ola bilər. Yay mövsümündən sonra bu rəqəm 180 manata azaldıla bilər. Geri qayıt |