Əsas Səhifə > Güney Press / Ana xəbər > İstefada olan polkovnik nazirdən nə istədi...
İstefada olan polkovnik nazirdən nə istədi...14-07-2015, 10:02 |
![]() Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənova Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə İstefada olan polkovnik-leytenant Məmmədov Asif Yusif oğlu tərəfindən MÜRACİƏT Hörmətli cənab Nazirlər! Hörmətli Dövlət Sərhəd Xidməti rəisi! Diqqətinizə çatdırıram ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.04.2014-cü il tarixli qərarı ilə (hakim: S. Aliyeva) mənim “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etdiyim müddət ərzində (1992-1994-cü illərdə) istifadə etmədiyim növbəti məzuniyyətə və həmin xidmət müddəti ərzində almadığım hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi vəzifəsi” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, 30.04.2014-cü il tarixli qərarı ilə (hakim: F. Əhmədov) “1994-2009-cu illərdə hərbi xidmət dövrü istifadə etmədiyim növbəti məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi vəzifəsi” isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Hər iki məhkəmə qərarı hələ 2014-cü ildə qanuni qüvvəsini aldıqlarına baxmayaraq, onların heç biri cavabdehlər tərəfindən bu günə qədər icra edilməmişdir. Ədliyyə Nazirliyinin Səbail rayon icra şöbəsinin vəzifəli şəxsləri hər iki borcluya (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) əhəmiyyətsiz və heç bir nəticə verməyən xatırlatma məktubları göndərməklə məşğuldur və bununla da öz vəzifə borclarını bitmiş hesab edirlər. Hörmətli Ədliyyə Nazirindən soruşmaq istəyərdim ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa görə 2 ay (müstəsna hallarda bu müddət 1 ay da uzadıla bilər) ərzində icra olunmalı olan məhkəmə qərarı nə səbəbdən icra olunmur? Səbail rayon icra şöbəsinin vəzifəli şəxslərinə kim (və ya nə) mane olur ki, məhkəmə qərarlarını uzun müddət qərəzli şəkildə icra etməyən cavabehlərə qarşı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində nəzərdə tutulan icra hərəkətlərini tətbiq etsinlər? Hörmətli Müdafiə Nazirindən və Dövlət Sərhəd Xidmətinin Rəisindən soruşmaq istəyərdim ki, nə üçün Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarları artıq 2-ci ildir ki icra edilmir? Məhkəmə qərarlarının icra edilməməsi Dövlətimizə, Konstitusiyamıza, Qanunlarımıza və nəhayət özümüzün-özümüzə qarşı hörmətsizliyidir. Mən artıq məhkəmə qərarlarının icra edilməsi üçün aidiyyatı orqanlara, məhkəmə icraçılarına çoxsaylı müraciətlər etməkdən yorulmuşam. Ümid edirəm ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mənim bu müraciətimdən sonra məhkəmə qərarlarının icra edilməsi üçün müvafiq göstərişlər verəcəklər. Geri qayıt |