Əsas Səhifə > Güney Press / Ana xəbər > Saxta profil yaradan siyasilərin əməlindəki CİNAYƏTLƏR

Saxta profil yaradan siyasilərin əməlindəki CİNAYƏTLƏR


23-06-2015, 12:00
Saxta profil yaradan siyasilərin əməlindəki CİNAYƏTLƏR
Son günlər sosial şəbəkələr üzərindən saxta profillər qalmaqalı gündəmə gəlib. Millət vəkili Siyavuş Novruzovun adına açılan saxta profildən sonra, bu məsələ daha da geniş müzakirə olunmaqdadır. Sosial mediadan hazırda müxtəlif məqsədlər üçün istifadə olunur. Hətta hazırda ölkədə bəzi siyasi partiyalar öz elektoratını sosial şəbəkə üzərindəki “like”larla ölçürlər.

Onlar daha çox “elektorat” yığmaq üçün saxta profilər açırlar. Misal üçün, AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu bildirib ki, AXCP rəhbərlərinin əksəriyyətinin qarşısında 5-6 kompüter olur: “Profili tez-tez daxil etməyə ehtiyac yoxdur. Bir adamın üzərinə getmək lazım gələndə, birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir”.

Deyilən faktlar, baş verən hadisələr göstərir ki, Azərbaycanda bu sahəyə nəzarət edən hər hansı bir ciddi mexanizim mövcud deyil.

Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, əslində saxta profillərə qarşı vətəndaşlar özləri də mübarizə apara bilərlər:

“Saxta profilləri dərhal aradan qaldırmaq üçün konkret mexanizim mövcud deyil. Əgər kiminsə adına saxta profil açılması müəyyən olunubsa, həmin adam bunun qarşısını ala bilər. Daha çox bu kimi hallara facebook sosial şəbəkəsində rast gəlinir. Çünki bu sosial şəbəkənin daha çox istifadəçisi var. İstifadəçi çoxaldıqca, bu kimi problemlər də artır. Əgər hər hansı şəxs belə bir halla rastlaşıbsa, bu barədə sosial şəbəkənin mərkəzinə müraciət etməlidir. İkincisi isə dostluqunda olan şəxslətin köməkliyi ilə sosial şəbəkədə mövcud olan “şikayət” mexanizmindən iştirak edib, bu halın qarşısını ala bilər. Əgər saxta profildə cinayət xarakterli hal müşahidə olunursa, bu barədə müvafiq orqanlara müraciət edilməlidir. Azərbaycanda artıq belə bir praktika mövcuddur. Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi saxta profillərlə müəyyən tədbirlər görürlər”.

O. Gündüz bildirib ki, Əslində, baş verənlər mahiyyətcə kiberqanunsuzluq, kibercinayət olduğundan, problemin tam və asan formada həlli qaydası sadəcə yoxdur:

“Sosial şəbəkələr müxtəlif dövlətlərə məxsusdur və onların da qanunvericiliyi müxtəlifdir. Təsəvvür edin ki, sosial şəbəkə bir dövlətin qanunlarına uyğun fəaliyyət göstərir, amma eyni zamanda, o, həm də bütün dünyada fəaliyyət göstərir. Təbii ki bütün bunlar problemlər yaradır.

Bəzən müşahidə edirik ki, sosial medianın sahibləri hansısa qanunsuz informasiyanın qarşısının alınmasında, terrorçuluq və ekstremizmlə bağlı informasiyaların silinməsində müxtəlif ölkələrdən daxil olan müraciətlərə müxtəlif cür yanaşırlar. Belə demək mümkünsə, burada bəzən ikili standartlar olur. Amma müsbət təcrübələr də var, onlardan faydalanmaq lazımdır. Qeyd etdim ki, artıq bəzi ölkələrdə saxta səhifələrlə bağlı məhkəmə qərarları var. Əgər artıq siz saxta profillə üzləşmirsinizsə, o zaman sizin haqqınızda olan informasiyaların “screenshoot” edərək saxlanılması daha doğru olardı. Sonrakı addımlar isə facebook imkanlarından istifadə edərək dərhal saxta səhifəni report etmək, zəruri instansiyalara məlumat vermək, azyaşlıların isə dərhal bu haqda valideynləri və müəllimlərinə məlumat verməsi daha faydalı olardı.

Əgər qanunazidd məlumatlar, şantaj və böhtanlar olarsa, təbii ki, dərhal hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək lazımdır. Məsləhət və tövsiyələr üçün Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək vacibdir”.

Geri qayıt