Əsas Səhifə > Güney Press / Ana xəbər > Nulandın direktivləri və Sərkisyan üçün “avromaydan”

Nulandın direktivləri və Sərkisyan üçün “avromaydan”


23-06-2015, 11:41
Nulandın direktivləri və Sərkisyan üçün “avromaydan”
Bu gün səhərə yaxın Ermənistan polisi sosial şəbəkələr üzərindən təşkilatlanaraq elektrik enerjisi tariflərinin bahalaşmasına etiraz edən və prezident Serj Sərkisyanın iqamətgahı qarşısına yürüş edən minlərlə nümayiçini dağıdıb.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, polis rəisləri aksiyaçılara qarşı suvuran maşınları işə salmazdan əvvəl dağılışmaq barədə onlarla dəfələrlə xəbərdarlıq edib.

Buna baxmayaraq “Talana son” hərəkatının gənc fəalları dağılışmayıblar və onlara qarşı suvuran maşınlar işə düşüb. Son məlumatlara görə, yüzlərlə aksiyaçı saxlanılıb.

Bu, Ermənistan hakimiyyətinə qarşı facebook inqilabının ilk ciddi məşqi hesab edilə bilər. Ermənistanda hökm sürən ağır sosial-iqtisadi vəziyyət küçə etirazları üçün əlverişli imkan yaradıb.

Lakin qəfildən minlərlə erməni gəncini Sərkisyanın iqamətgahı qarşısına cəmləyən təkcə bu ağır sosial-iqtisadi vəziyyət deyil. Belə görünür ki, Qərb Sərkisyana Kiyev variantını xatırladır.

Vətəndaş cəmiyyəti fəallarının sosial şəbəkələr üzərindən təşkilatlanması və qəfil küçələrə çıxaraq izdihamlı etiraz aksiyası keçirməsi tanış taktikadır. Ərəb ölkələrində təlatümlər və Ukraynada Yanukoviçi devirən avromaydan hərəkatı da belə başlamışdı. Azərbaycanda da “Facebook inqilabı”ına cəhdlər edilib. Hərçənd ki, bu cəhdlər Ermənistandakı kimi izdihamlı alınmayıb.

İrəvanda Sərkisyanın iqamətgahını silkələyənlər kimlərdir?

Belə məlum olur ki, bunlar ənənəvi müxalifət partiyalarının tərəfdarları deyil. İrəvandakı son aksiyalarda Ermənistanın müxalifət partiyalarının heç biri iştirak etməyib və təşkilatçılıqda rol almayıb.

Sərkisyanı axşam saatlarında iqamətgahında mühasirəyə alanlar Qərbdən maliyyələşdirilən QHT-lərin, gənclər hərəkatlarının və inqilab təmayüllü qrupların fəallarıdır. Sərkisyan Avropa İttifaqı və Rusiya arasında seçim şərtini ikincinin xeyrinə edəndə və “Putin ittifaqına” qoşulanda bu qruplar dərhal fəallaşdılar. Ermənistanda Ukrayna ssenarisi barədə müzakirələr getməyə başladı. Hərçənd Rusiyanın forpostunda Ukrayna ssenarisini həyata keçirmək o qədər də asan iş deyil. Buna baxmayaraq xirtdəyəcən korrupsiyalaşmış hakim elita, iqtisadi səfalət və total sosial narazılıq fonunda Sərkisyan hakimiyyətini təhdid edən proseslərin başlaması üçün kiçik qığılcım da kifayət edə bilər.

Məsələn, ölkənin elektrik enerjisi operatorunun avqust ayından etibarən tariflərin 17 faiz bahalaşdırılmasına dair hökumətə etdiyi müraciət kimi.

Bu ilin əvvəllərində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, Kiyev inqilabının “xaç anası” Viktoriya Nuland regiona səfər edəndə Ermənistana xüsusi diqqət ayırdı.

O vaxt Rusiya mənbələri xəbər vermişdi ki, Nuland ABŞ-ın İrəvandakı səfirliyində saatlarla gərgin müzakirələr aparıb və qərbmeylli qüvvələri hakimiyyətə qarşı güclü etirazlar təşkil etməməkdə günahlandırıb. Həmçinin Nuland ABŞ-ın İrəvandakı səfirin fəaliyyətindən də narazı qaldığını bildirib. Çünki Ermənistanın Avrasiya İttifaqına üzvlüyünü əngəlləmək üçün vətəndaş cəmiyyətini səfərbər etmək mümkün olmayıb.

O vaxt Kremlə yaxın mənbələr deyirdilər ki, Ermənistanda Amerika qrantlarının əhəmiyyətli hissəsinin müxtəlif növ QHT-lər və “vətəndaş təşəbbüsləri” tərəfindən mənimsənildiyi heç kimə sirr deyil. Elə bu strukturlardan da İrəvanla Moskva arasında münasibətləri korlamaq üçün bəhanə kimi istifadə olunur.

Bilavasitə Nulandla görüşün iştirakçılarından daxil olan məlumata əsasən Vaşinqton qərb vektorunun erməni tərəfdarlarının işlərinin nəticəsini qeyri-kafi qiymətləndirib.

Nə Gümrüdə Avetisyanlar ailəsinin qətli, nə də Moskva ilə inteqrasiya əleydarlarının səyləri küçələrə Avrasiya şüarları ilə insan kütlələrinin çıxarılmasına səbəb olmadı.

Ona görə də Ermənistanda yerli vətəndaş cəmiyyəti sektoru ilə iş metodunun dəyişəcəyi elan edildi. Maliyyələşməyə yenidən baxılacağı və ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin gücləndiriləcəyi bildirildi.

Yeni səfir Riçard Millsə tapşırıq verilib ki, keçmiş səfirin qeyri-hökumət strukturları ilə iş praktikasındakı nöqsanları düzəltsin.

Cənab Millsin belə təcrübəsi var. O, Bağdadda Amerikanın demokratiyanın inkişafı və insan haqları proqramlarını kurasiya edib. Bu məqsədlər üçün onun iştirakı ilə 320 milyon dollardan çox pul ayrılıb.

Sərkisyanı iqamətgahında qəfil haqlayan yürüş göstərir ki, xanım Nulandın direktivlərini həyata keçirmək istiqamətində işlər pis getmir.

Doğrudur, Sərkisyan “avromaydan” ssenarisinə qarşı preventiv addımlar atmağa, məsələn, QHT-lərin və Amerika fondlarının fəaliyyətini nəzarət altına almağa yönələn qanunlar qəbul etməyə cəhd edib. Ancaq Qərbə bağlı olan qüvvələri-QHT liderlərini, facebook fəallarını və s. total şəkildə repressiya etməyə cəsarət etmir. Hərçənd ki, belələrinə qarşı Sərkisyan əsasən özünəxas bandit metodlarını (maskalılar tərəfindən döyülmə, oğurlanma, maşınlarının yandırılması və s.) tətbiq etməyə başlamışdı...

Geri qayıt