Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əgər KTN bu kimi vacib məsələni həll etmirsə”...
“Əgər KTN bu kimi vacib məsələni həll etmirsə”...11-06-2015, 10:38 |
|
Ötən ay Sabirabaddan 225 hektar pambıq əkdiyinə peşman olan bir fermer Moderator.az-a üz tutaraq səlahiyyətli şəxslərdən dəstək istəmişdi. Həmin yazı bu linkdə---moderator.az/index.php?xeber=78765 Bu gün həmin fermer təkrar saytımızla əlaqə saxlayaraq çəkdiyi 10 minlərlə manat vəsaitin hədər getdiyini və onun kimi yüzlərlə fermerin müflis olmaq təhlükəsiylə üzləşdiyini bildirərək Kənd Təsərrüfatı Nazirliyi qarşısında bir daha problemin aktuallığının qaldırılması xahişini edib. Biz də nazirliyin əlçatan olmadığını nəzərə alıb kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmliyə müraciət edərək onun fikirlərini öyrənmişik. Ümid edirik ki, adıçəkilən nazirlikdə oturunalar problemin miqyasını və fəsadlarını hesablaya bilirlər və gec də olsa tədbir görəcəklər: "Son zamanlar pambıqçılıqla məşğul olan fermerlər maliyyə çatışmazlığından şikayətlənir. Təəssüflə qeyd etməliyəm ki, 2015-ci ilin “kənd təsərrüfatı ili” elan edilməsindən sonra Kənd Təsərrüfatı Nazirliyi “Tədbirlər Planı” hazırlamış və bu sənəddə də fermerlərin bu kimi ciddi problemləri nəzərə alınmayıb. Biz dönə - dönə deyirik ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarda bu sahəyə kredit resurslarının ayrılacağı ilə bağlı əsassız ümidlər yaranıb. Əvvəlki illərdən fərqli olaraq bu il prezident tərəfindən imzalanan çoxlu sayda sərəncamlar, hökumət məmurlarının şirin vədlər vermələri də fermerlərimizdə çaşqınlıq yaradıb. Təəssüflər olsun ki, sadəlövh fermerlərimiz əvvəlki kimi yenə də məmurların boş, şirin vədlərinə inanırlar və lazımı qədər maliyyə vəsaiti, istehsal vasitələri əldə etmədən əkin, səpin işlərinə başlamaqla öz təsərrüfatlarını böyük risk altında qoyurlar. Bu ilin əvvəlindən başlamış manatın devalvasiyası banklara pul-kredit siyasətinə yenidən baxmaq zərurəti yaradıb. Bu səbəbdən də indiki halda bankların müştərilərlə ciddi problemləri yaranıb. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sektorunda sərmayə qoyuluşlarının az olması və kredit vəsaitlərinə çıxış imkanlarının məhdudluğu nəticəsində bütövlükdə sahə rentabelliliyi aşağı olan fəaliyyət sahələrindən birinə çevrilib. Risklərin ildən-ilə çoxaldığı şəraitdə fermerlərə ayrılan kreditlərin geri qaytarılması riski artdığına görə banklar aqrar sektora kredit ayrılması barədə qərar qəbul edərkən ehtiyatlı yanaşır. Hal - hazırda yaranmış vəziyyət kredit verənlərlə yanaşı alanlar üçün də riskli olub. Belə ki, bank sahibləri kredit verən zaman real vəziyyəti nəzərə alaraq daha çox üstünlüyü məzənnəsi artmaqda olan valyutaya, xüsusən son zamanlar Amerika Birləşmiş Ştatları dollarına verir ki, bu da öz növbəsində kredit alan fermerlərin əldə etdikləri qazanclarının çox hissəsini bank faizlərinin ödənilməsinə sərf etmək məcburiyyətində qoyur. Bu hal davam etdikcə istehsalla məşğul olan borcalan kəndlilərin maddi durumu pisləşəcək. Maliyyə ehtiyaclarını ödəmək ümidilə banklara üz tutan, ABŞ dolları ilə kredit əldə edən fermerlər gələcəkdə daha ciddi maliyyə problemləri ilə qarşılaşacaqlar. Ölkədə həm kredit verən, həm də kredit alan tərəflər üçün kritik vəziyyət yaranıb. Əlbəttə vəziyyətin belə olması fermerlərə kredit resurslarına çıxmaqda ciddi çətinliklər yaradır. Bu kimi problemlərin yaranmaması üçün Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Banklarla, bank olmayan kredit təşkilatları ilə hökumət səviyyəsində məsələnin həlli ilə məşğul olmalıdır. Bu kimi vacib məsələlərin müzakirəsi əkin işlərindən xeyli əvvəl aparılmalı və öz həllini əvvəlcədən tapmalı idi. Əgər Kənd Təsərrüfatı Nazirliyi bu kimi vacib məsələni həll etmirsə, onda nə işlə məşğul olur?" Geri qayıt |