Əsas Səhifə > Güney Press / Ana xəbər > Yanan binanın sakinlərinə kompensasiyalar tam verilməyib

Yanan binanın sakinlərinə kompensasiyalar tam verilməyib


8-06-2015, 10:10
Yanan binanın sakinlərinə kompensasiyalar tam verilməyib
Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğından sonra zərərçəkənlərə dəymiş maddi ziyana görə kompensasiyaların ödənilməsi prosesi başa çatıb. Artıq evləri yananlar 20 min manat kompensasiya ilə təmin olunub, binada kirayə qalanlarla ev sahibləri arasındakı mübahisə də tərəflərin razılaşması ilə həll edilib.

DİA.AZ-ın məlumatına görə, bu barədə “Yeni Müsavat”a sakinlər xəbər veriblər. Ev sahibi və kirayənişinlər arasında yaranan mübahisədə adı çəkilən jurnalist Sevinc Fədai qəzetimizə açıqlamasında bildirib ki, ev sahibi ilə razılaşma əsasında onlara 7500 manat kompensasiya ödənilib. Lakin hazırda kirayə yaşadıqları evin pulunu özləri ödəyirlər: “Bizə maddi ziyana görə ilkin kompensasiya 7500 manat ödənildi. Özümüz kirayə ev tutmuşuq, orada qalırıq. Bizə demişdilər ki, kirayə evlərə baxış keçiriləcək və aylıq pul ödəniləcək. Lakin sonradan gələn olmadı, biz özümüz də bu məsələnin üzərinə getmədik. Düşündük ki, kompensasiya verdikdən sonra kirayə haqqı verməzlər. Elə ödənilən kompensasiyadan evin kirayə pulunu da ödəyirik”.

Sevinc Fədai bildirdi ki, yanğın zamanı o, anası və körpəsi ilə saatlarla binada qalıb, lakin hələ ki sağlamlığa dəyən ziyana görə hər hansı kompensasiya verilməyib: “Yanğın zamanı binada qalanlar zərərçəkmiş hesab olur. Mən özüm də yanğın zamanı binada qalmışdım. Biz yanıq xəsarətləri almamışdıq, lakin tüstüdən xəsarət almışdıq. Bu, 1 saylı Kliniki Tibbi Mərkəzdən verilən rəydə də əksini tapıb. Ötən həftə demişdilər ki, gələn həftə veriləcək. 20 min manatlıq kompensasiyanın verilməsi başa çatandan sonra bu məsələyə keçiləcək. Həmçinin prokurorluğun və Səhiyyə Nazirliyinin rəyləri də gəlməlidir. Bildirdilər ki, sakinlərin sayı çox olduğuna görə bu məsələ zaman alacaq”.

Evi yanan sakinlərdən Fizuli Məmmədov da onlara vəd olunan 20 min manat kompensasiyanın ödənildiyini, lakin bunun dəymiş ziyanı tam əvəz etmədiyini bildirdi: “Biz hazırda kirayə ev tutmuşuq, orada qalırıq. Bizə dövlət tərəfindən 500 manat kirayə haqqı birinci ay üçün verildi. Həmçinin 20 min manat kompensasiyanı da almışıq. Təbii ki, bu, bizə dəymiş maddi ziyanı tam ödəmir”.

Sağlamlığa dəymiş ziyana görə kompensasiyanın ödənilməsinə gəlincə, F. Məmmədov bildirdi ki, hələ ki bu barədə onlara heç bir söz deyilməyib: “Biz bununla bağlı müraciət etmişdik. Lakin orada bildirdilər ki, yalnız xəstəxana şəraitində müalicə alanlara xəsarətə görə kompensasiya ödəniləcək. Yalnız 1 həftədən çox xəstəxanada yatanlara veriləcək. Hadisə zamanı binada olanlar, tüstüdən xəsarət alanlara bu şamil edilmir”.

Zərərçəkənin sözlərinə görə, hələ ki, mənzillərdə təmir işinə başlanılmayıb: “Hələ ki, binadan tullantıları, yanğının qalıqlarını təmizləyirlər. Biz gedib Xətai rayonunda yanan binaya da baş çəkdik ki, təmir işləri necə aparılır. Demək olar ki, başdansovdu təmir edirlər, keyfiyyətli iş görülmür. Görək bizim mənzillərimiz necə olacaq”.

Geri qayıt