Əsas Səhifə > Güney Press / Ana xəbər > Əldən-ələ keçən uşaq bağçalarımız....

Əldən-ələ keçən uşaq bağçalarımız....


6-06-2015, 10:44
Əldən-ələ keçən uşaq bağçalarımız....
Uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq Təhsil Nazirliyinin balansına verilməsi uzun illərdir müzakirə olunur. Mütəxəssislər uşaq bağçaları və körpələr evindən kifayət qədər şikayətlərin olduğu bir məqamda bu addımın atılmasının labüdlüyünü iddia edirlər. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Modern.az saytına bağçaların Təhsil Nazirliyinin balansına verilməsi məsələsinə münasibət bildirərkən də bu qənaətdə olub: ““Təhsil haqqında” qanunda göstərilib ki, uşaqlar məktəbə bağçadan gəlməlidir. Bu zəmində bağçaların Təhsil Nazirliyinə verilməsi məqsədəuyğundur. Uşaqlarımız məktəbə hazırlıq dövrünə bağçadan başlayırsa, yaxşı olardı ki, idarəetmə yenidən nazirliyə qaytarılsın. Düşünürəm ki, bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına nail olmaq olar. Mən bu məsələnin lehinəyəm”. Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin fikrincə, hansı qurumun tərkibində olmasından asılı olmayaraq, bağçalarda təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır: “Əlbəttə, yaxşı olardı ki, bağçalar nazirliyin tərkibində olsun. Amma bu əsas deyil. Əsas olan keyfiyyətin yüksəldilməsidir”.(modern.az) Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Qafqaz Xəbər Agentliyinə(qafqaznews.az) açıqlamasında bildirdi: “Hər bir icra hakimiyyətinin öz funksiyaları var. Əgər o baxçaların səlahiyyəti müvafiq İH orqanı tərəfindən Təhsil Nazirliyinə verilirsə və yaxud da yerli idarəetmə orqanlarının səlahiyyətinə verilirsə burada heçnə dəyişmir. Dəyişilən odur ki harada keyfiyyətli təhsil mühiti təşkil oluna bilər”. Müxbirimizin “Sizcə bu keyfiyyəti icra hakimiyyətinin tərkibində təşkil etmək mümkün deyil?” sualına Ş.Hacıyev belə cavab verib: “ Mümkündür. Niyə də olmasın… Yəni bu müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olan bir məsələdir. Harada olmasından asılı olmayaraq icra hakimiyyəti haranı məsləhət görürsə orada da təşkil olunmalıdır.” Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə fikirlərini belə şərh etdi: “Məqsəd baxçalarda keyfiyyətin yüksəldilməsi olmalıdır. Əvvəllər baxçalar Təhsil Nazirliyinin tərkibində idi. Nəticə yaxşı olmadığına görə icra hakimiyyətinə tapşırıldı. İndi də icradan verilir Təhsil Nazirliyinə. Heç bir mahiyyəti yoxdur. Köhnə hamam köhnə tas…”

Geri qayıt