Əsas Səhifə > Güney Press / Ana xəbər > Penoplastın vurulması bir dərd, sökülməsi başqa bir dərd...

Penoplastın vurulması bir dərd, sökülməsi başqa bir dərd...


28-05-2015, 11:14
Penoplastın vurulması bir dərd, sökülməsi başqa bir dərd...
Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda yerləşən yaşayış binasındakı yanğın hadisəsindən sonra, hökumət binaların fasadına vurulmuş penoplastların sökülməsinə qərar verdi. Və qərar dərhal icra olunmağa başlandı.

Şəhərin demək olar ki, hər yerində binalara vurulmuş bu "ölüm köynəyi" sökülür. Amma bu söküntülər də problemsiz davam etmir. Belə ki, Sabunçu rayon Bakıxanov qəsəbəsindəki söküntü işləri zamanı sakinlərlə icraçılar arasında narazılıq baş verib.

Buna səbəb isə bir neçə ay öncə binalarının fasadı təmir edilərkən görülən işlərdir. Daha dəqiq desək, təmirlər zamanı insanlar bu işin daimi olduğunu düşünərək, balkonlarını yeni formaya uyğun təmir ediblər. Amma indi söküntülər başladıqldan sonra, onların xərc çəkərək, təmir etdikləri balkonlar sökülür. Bütün etirazın səbəbi də budur.

Belə problem yaşayanlar isə Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 3B-nin sakinləridir. Musavat.com saytının əməkdaşı narazı sakinlərlə görüşüb və onların problemlərini dinləyib.

Hazırda ərazidə söküntü işləri sürətli şəkildə davam edir. Nəinki bu binada, ümumiyyətlə qəsəbədə olan, penoplastla bəzədilmiş yaşayış və ya qeyri yaşayış binalarının fasadlarından bu material sökülür. Adıçəkilən ərazidə aparılan söküntü işlərini "Dizayn construction" şirkəti aparır.

Ərazidə gəzişən zaman binalarda gedən işləri gördük. Amma ən çox diqqətimizi çəkən isə, balkonların olması və eyni zamanda olmaması idi. Daha dəqiq desək, mənzillərin balkonlarının divarları sökülmüşdü. Amma digər hissələri yerində idi. Daha ətraflı sakinlər danışır.

Sakinlər deyirlər ki, balkonlarını təmir etdirmək üçün böyük pullar xərcləyiblər. İndi isə balkonları sökürlər: "Binamızın fasadını bu penoplastla bəzəyəndə, hamının pəncərəsini dəyişdilər. Biz də evdə təmir işləri aparırdıq. İcraçılar bizə dedilər ki, başqalarında olduğu kimi üst-üstə pəncərənizin olmasındansa, balkonu düzəldin, səliqəli olsun. Biz də dedik ki, dövlətdən bizə bir balaca xeyir gəldi. Binanın divarına vurulan dəmir karkaslar sayəsində balkonu bir az enlətdik. Külli miqdarda pul xərclədik. Balkonumuzu normal hala saldıq. İndi isə sökürlər. Onlar həmin dəmirləri söksələr, balkon da dağılacaq. Mən buraya "N" qədər xərc çəkmişəm. Hələ təmir üçün bankdan götürdüyüm krediti ödəyə bilməmişik. Biz indi necə edək? Dərdimizi kimə deyək? Yaxınlaşırıq, deyirik ki, balkona bu qədər xərcimiz çıxıb, sökməyin. Faydası yoxdur".

Şikayətçi bina sakinlərindən biri olan Arif Abbasov deyir ki, təmir üçün şəxsi avtomobilini satıb: "Burada işlərə başlayan zaman məcbur qaldım ki, balkonu təmir edim. Mənzilimin iki balkonu var. Birinə 2 min manat, digərinə 4 min manat xərcim çıxıb. Bu xərcləri ödəyə bilmək üçün maşınımı satmışam. Özüm də təqaüdçü adamam. Yaşlı insanlarıq. Aşağıya düşüb, onlara sözümü də deyə bilmirəm. Nə də özləri gəlirlər. Mən indi nə edim? Sökürlərsə, qərar verilibsə, mən nə edə bilərəm ki? Söksünlər. Amma çəkdiyim xərci də versinlər. Mən elə imkanlı biri deyiləm ki, 6 min manat mənim üçün heç nə olsun".

Haqqında danışdığımız binanın digər bir sakini olan Gülnaz Bağırovanın sözlərinə görə, söküntü ilə bağlı ona da böyük miqdarda ziyan dəyib: "Mən təqaüdçü qadınam. Balkonun təmiri üçün külli miqdarda xərc çəkmişəm. İndi sökürlər. Balkonda olan krosno çanağını kəsdilər. Deyirəm ki, mən bura xərc çəkmişəm, bunun axırı nə olacaq? Cavab olaraq deyirlər ki, "Bizə nə əmr edirlərsə onu edirik". Mən kasıb adamam. Mənim üçün bu pullar böyük miqdardır. Balkonu söksələr, mən dözə bilmərəm. Neçə vaxtdır pensiya pulumu yığıb, bu təmiri etmişəm. Mənə pis təsir edir".

Sakinlərdən aldığımız məlumata görə, binanın fasadı penoplastla üzlənən zaman, onların bəzilərindən hər pəncərə üçün 80 manat pul alıblar. İndi isə Sabunçu rayon icra başçısı deyir ki, pəncərələri öz cibinin hesabına qoydurub, ona görə də götürür.



Geri qayıt