Əsas Səhifə > Güney Press / Ana xəbər > Dərbənddə böyük savaş yenidən qızışır:
Dərbənddə böyük savaş yenidən qızışır:27-05-2015, 10:14 |
|
“Yaraliyevin komandası Azadi Rəhimova qarşı sabotaj təşkil edəcək və onun müxtəlif yollarla batırmağa çalışacaq”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Dərbəndin azərbaycanlı jurnalisti Maqomed Xanmaqomedov çıxış edib. Onun sözlərinə görə, bundan sonra Rəhimovun etdiyi bütün səhvlər Mahaçqalanın yanlışı kimi təqdim ediləcək: “Buna qarşı dayanmaq üçün isə Azadi Rəhimov öz qohumları və yaxın ətrafına yatırım edəcək. O, Dərbəndin yerli sakini deyil və buradakıların yardımına bel bağlaması mümkünsüzdür. Hazırkı zamanda Yaraliyev qrupu daha sərfəli mövqedə dayanıb. Yenə də deyirəm, Rəhimova qarşı informasiya savaşı başladılacaq. Lakin bir maraqlı məqam var ki, Mahaçqala bölgəyə güclü təsir etmək imkanına sahibdir. Bu isə Rəhimovun əsas gücüdür”. Azadi Rəhimov mayın 22-də Dərbənd Şəhər Administrasiyasının rəhbəri seçilib. Xatırladaq ki, fevral ayına qədər Dərbənd Şəhər Administrasiyasının rəhbəri vəzifəsini milliyətcə azərbaycanlı olan Mövsüm Rəhimov həyata keçirib. Daha sonra Mahaçqaladan edilən təzyiqlər Rəhimovun öz postu ilə vidalaşmasına gətirib çıxarıb. Mətbuatda əsas mübarizənin Dərbənd Bələdiyyəsinə rəhbərliklə bağlı olduğu haqqında məlumat yayılıb. Bütün klanların Yaraliyevdən narazılığı ona qarşı cinayət işinin açılması ilə nəticələnib. Yaraliyevin yerinə Moskva və Mahaçqalanın rəqibləri mübarizə aparıb. Abdulatipov bu vəzifəyə keçmiş Ədliyyə naziri Azadi Rəhimovu gətirmək istəyirdi. Moskva isə bu vəzifəni milliyətcə azərbaycanlı olan Xanlar Paşabəyova vermək niyyətində idi. İstefaya gedənə qədər Mövsüm Rəhimov da Yaraliyevin yerinə iddialı olanlar sırasındaydı. Lakin son anda Yaraliyevin həm ləzgi milyarder Süleyman Kərimovdan, həm də özünün Moskvadakı əlaqələrindən istifadə etməsi ona qarşı cinayət işinin müəyyən müddətlik təxirə salınması ilə nəticələndi. Bundan başqa, mətbuat indiyə qədər İmam Yaraliyevin ləzgi millətçilərindən formalaşan və Azərbaycanda terror təşkilatı kimi tanınan “Sadval”a himayədarlıq etdiyini iddia edir. Keçən il isə Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov da Mahaçqalanın hədsiz təzyiqlərindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Həmin dövrdə bəzi ekspertlər Qurbanovun məhz Bakı ilə yaxşı əlaqələrinin olması və azərbaycanlılar arasında böyük nüfuzuna görə istefaya göndərildiyini bildirmişdilər. Abdullatipov məhz Qurbanov vəzifədən getdikdən sonra onun yerinə Azadi Rəhimovu təyin etmək niyyətində olsa da, sonradan bu fikrindən vaz keçmişdi. Geri qayıt |