Əsas Səhifə > Güney Press / Ana xəbər > Yanan binada müəmmalı vəziyyət yaranıb...

Yanan binada müəmmalı vəziyyət yaranıb...


23-05-2015, 13:14
Yanan binada müəmmalı vəziyyət yaranıb...
Binada söküntü işləri poliüretan istehsal edən şirkətin hesabına aparılır

Moderator.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğından zərərçəkənlərlə dünən yenidən görüşdü. İcra başçısı söküntü işi gedən binaya baxış keçirib, zərərçəkənlərin suallarını cavablandırdı. Bu zaman sakinlərlə mer arasında mübahisələr də yaranıb.



Mübahisələrdən birinə səbəb yanan binada kirayəyə verilən mənzillərin kompensasiyası ilə bağlı idi. Belə ki, faciə nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. H.Abutalıbovun “kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək” sözləri etiraza səbəb oldu. O sözlərinə aydınlıq gətirərək bildirdi ki, məsələ məhkəmədə həll olunmalıdır.

“Mənzildə yaşayanın müraciət əsasında məhkəmə müəyyən etməlidir ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər birdəfəlik maddi yardım nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək”,-deyə mer bildirdi.
O da məlum oldu ki, yanğından zərərçəkənlər dünəndən başlayaraq təzminatını ala bilərlər. Bunun üçün onlar Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində səyyar xidmət göstərən “ASAN xidmət”inə müraciət edərək müvafiq sənədləri almalıdırlar. Bundan sonra zərərçəkənlər onlar üçün açılan bank hesablarından kompensasiyanı ala biləcəklər.

Öyrəndik ki, dünən səyyar “ASAN xidmət”inə müxtəlif xidmətlərlə bağlı 80-ə yaxın müraciət daxil olub. Müraciətlərin qəbulu ödənişsiz əsaslarla zərərçəkmiş sakinlərin sənədləri tam bərpa olunana kimi davam edəcək.
Yanmış 16 mərtəbəli yaşayış binasının fasadında başlanan sökülmə işləri dünən davam etdirilirdi. İş icraçılarından öyrəndik ki, söküntü işləri dövlət hesabına deyil, binanın fasadına poliuretan üzlükləri vuran şirkətin hesabına aparılır. Söküntünun qısa zaman ərzində yekunlaşması gözlənilir. Bundan sonra binada əsaslı təmir və yenidənqurma işlərinə başlanacaq. Bunun üçün isə Nazirlər Kabineti 3 milyon manat vəsait ayırıb.

Onu da qeyd edək ki, faciə qurbanlarının anım mərasimi dünən də binanın qarşısında davam etdi. Səhər saatlarından hadisə nəticəsində həyatını itirənlərin şəkilləri onların yaxınları tərəfindən binanın qarşısına qoyuldu. Ziyarətçilər də şəkillərin kənarına qərənfillər düzüb, şam yandırdılar.
Yanmış binanın qarşısında zərərçəkən və ziyarətilərlər yanaşı hüquq mühafizə orqanlarının əməkdaşları, icra hakimiyyətinin nümayəndələri də vardı. Burada Fövqaladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqasının əməkdaşları da xidmət göstərməkdədirlər.

Geri qayıt