Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya “Şərq tərəfdaşlığı” sammitinə raket gəmisi göndərdi

Rusiya “Şərq tərəfdaşlığı” sammitinə raket gəmisi göndərdi


22-05-2015, 14:41
Rusiya “Şərq tərəfdaşlığı” sammitinə raket gəmisi göndərdi
Latviyanın silahlı qüvvələri ölkənin Baltik dənizindəki ərazi suları yaxınlığında Rusiyaya məxsus raket gəmisini qeydə alıb.

İnsident Riqada Avropa İttifaqının və 6 keçmiş sovet respublikasının iştirakı ilə “Şərq tərəfdaşlığı” sammitinin başlaması ilə eyni vaxta təsadüf edib.

Virtualaz.org saytı xəbər verir ki, Latviya sahillərində Rusiya raket gəmisinin qeydə alınması haqda bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 22-də silahlı qüvvələr Latviyanın dövlət sərhədinin 6 dəniz mili məsafəsində Rusiyaya məxsus kiçik raket gəmisi “Passat 570”i qeydə alıb”- deyə açıqlamada bildirilir.

Rusiyanın hərbi gəmiləri və təyyarələri Ukraynada münaqişənin başlamasından sonra tez-tez Baltik regionu üzərində qeydə alınır.

İndiki insidentin isə “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqəli olduğuna şübhə yoxdur. Rəsmi Moskva Riqa sammitini “antirusiya aktı” adlandırıb və bu sammitə qatılan keçmiş sovet respublikalarına qarşı sərt addımlar atmaqla hədələyib.

“Şərq tərəfdaşlığı” sammitində Avropa İttifaqı (Aİ) təşəbbüsə qoşulan ölkələrə dair hər hansı yeni təkliflər təqdim etmir. Brüssel bildirir ki, Rusiyanı daha da qıcıqlandırmaq istəmir. Çünki Ukraynadakı münaqişə məhz Kiyevin “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Aİ ilə yaxın inteqrasiya səyləri nəticəsində baş verib.

Riqa sammitində Latviyanın baş naziri Laymdota Strauyuma bildirib ki, əgər Ukrayna və Gürcüstan bütün zəruri kriteriyalara əməl etsələr 2016-cı ildə Aİ ölkələri ilə vizasız rejim alacaqlar. Ukrayna və Gürcüstan isə elə indi, Riqa sammitində vizasız rejimə nail olmaq istəyirlər.

Xatırladaq ki, Azərbaycan prezidenti sammitə qatılmır. Azərbaycanı sammitdə xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov təmsil edirlər.

Geri qayıt