Əsas Səhifə > Güney Press / Ana xəbər > Kerrinin kirli və kinli diplomatiyası

Kerrinin kirli və kinli diplomatiyası


30-04-2015, 11:35
Kerrinin kirli və kinli diplomatiyası
Məlum olduğu kimi, İlk Avropa Oyunlarının başlanmasına qısa bir müddət qalıb və Azərbaycan bu qitə miqyaslı tədbirin keçirilməsi üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bu, Avropa Olimpiya Komitəsinin sədri tərəfindən də etiraf edilib: “Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

Həmçinin Avropa idman camiəsi də yarışlarda həvəslə iştirak edəcəyini bəyan edib. Bunu İlk Avropa Oyunlarının Avropanın mühüm şəhərlərində ard-arda keçirilən təqdimat mərasimlərində səsləndirilən fikirlər də təsdiq edir.

Beləliklə, yarışların keçirilməsi istiqamətində təşkilati cəhətdən heç bir problem yoxdur. Lakin bir sıra xarici və daxili qüvvələr bu idman tədbirini siyasiləşdirərək, öz siyasi ambisiyalarını reallaşdırmaq üçün vasitəyə çeviriblər. Belə ki, bütün imkanlardan istifadə etməklə ölkəmizə təzyiq göstərməyə, Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa, hətta Oyunların baş tutmamasına nail olmağa cəhdlər göstərilir. Başqa sözlə, Azərbaycan dövlətinin İlk Avropa Oyunlarının baş tutması ilə əlaqədar üzərinə götürdüyü vəzifələrin icrası ilə məşğul olduğu bir vaxtda həmin ambisioz dairələr də öz “öhdəliklərini” yerinə yetirməyə çalışırlar. Ölkəmizə qarşı kampaniya müxtəlif aspektlərdə və müxtəlif mərkəzlərdən həyata keçirilir. APA-nın Analitik Qrupunun bir neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyi sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas mərkəzlərini, hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan verib.

Məlum olub ki, “İnsan hüquqları naminə idman” sənəd – tədbirlər planına uyğun olaraq, Avropada təşkil olunan anti-Azərbaycan kampaniyasını beynəlxalq hüquq-müdafiə təşkilatları həyata keçirməklə yanaşı, bu işə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar da cəlb olunmaqdadır.

ABŞ-da isə bu kampaniyanın təşkil olunması National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.

APA-nın araşdırması göstərib ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Bu isə bir sıra mətləblərə aydınlıq gətirir. Məlumdur ki, Con Kerri islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanınıb. Bu da Con Kerrinin Azərbaycana qarşı aparılan kampaniyada tutduğu mövqeyə aydınlıq gətirir. Hələ bir müddət öncə mediada SSRİ-nin mövcudluğunun son illərində Con Kerrinin imzası ilə yayılmış anti-Azərbaycan və ermənipərəst bəyanat da bu şəxsin ölkəmizə qarşı mövqeyini müəyyənləşdirməyə imkan verir.
Bundan başqa, 2013-cü il prezident seçkiləri öncəsi NED-in Bakıdakı ofisi tərəfindən ölkəmizdə Facebook inqilabı təşkil etmək cəhdlərinin ortaya çıxması da bu təşkilatın bağlı olduğu Dövlət Departamenti və Con Kerrinin anti-Azərbaycan kampaniyasında hansı mövqeyə sahib olduqlarını ortaya qoyur.

NED-in hazırladığı layihənin preambulasında yer almış “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir” ifadəsi də müyyən aydınlıq tələb edir. Belə ki, sual oluna bilər: Azərbaycanın hansı davranışları ABŞ-ın xoşuna gəlməyib ki, “ona öz yerini göstərmək lazım gəlmişdir”? Məgər Azərbaycana və yaxud digər hər hansısa dövlətə apardığı müstəqil daxili və xarici siyasətə görə “öz yerini göstərmək lazımdır”mı? Budurmu ABŞ-ın bərabərhüquqlu tərəfdaşlıq prinsipləri? Deməli, ABŞ öz tərəfdaşları ilə bərabərhüquqlu deyil, vassal prinsipləri ilə münasibət qurmağa çalışır. Kerri və ümumiyyətlə, ABŞ dərk etməlidir ki, Azərbaycan onların arzuladıqları “vassal” dövlət deyildir. Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan edib: “Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Heç kimin diqtəsi ilə biz oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik”.

Görünür, bu mövqe Qərb dairələri və o cümlədən ABŞ-ı qane etmir. Çünki onlar dünyanın bütün regionlarında bir sözlərinin iki edilməməsinə bir növ vərdiş ediblər. Azərbaycanda isə bu, keçmir. Azərbaycan bütün dövlətlərlə bərabər tərəfdaşlıq münasibətləri qurur. Yalnız öz milli maraqları çərçivəsində addımlar atır.

Digər tərəfdən, öz milli maraqlarını daim hər şeyin fövqündə tutmaqla yanaşı, Azərbaycan Qərblə, Avropa institutları ilə münasibətlərinin inkişaf etdirilməsində də maraqlı olduğunu dəfələrlə sübut edib. Bu, ilk növbədə ölkədə insan hüquqları, söz və ifadə azadlığı və bu kimi digər demokratik dəyərlərin bərqərar edilməsindən tutmuş, Qərbə istiqamətlənmiş mühüm iqtisadi və tranzit layihələrinin reallaşdırılmasınadək geniş spektri əhatə edir. Məlumdur ki, Qərbin və Avropanın ən zəif nöqtəsi enerji daşıyıcıları ilə bağlı Rusiyadan asılılığının olmasıdır. Hətta bir çox hallarda bu faktor onu Rusiyanın qarşısında aciz duruma salır. Azərbaycanın reallaşdırdığı Bakı-Ceyhan, TAP, TANAP və s. kimi iri enerji və tranzit layihələri Qərb və o cümlədən Avropa üçün alternativ mənbələr kimi əvəzedilməzdir. Digər tərəfdən, Azərbaycan Qərbin, xüsusilə də ABŞ-ın antiterror koalisiyasında ciddi və etibarlı tərəfdaşıdır . Bu kimi həyati vacib maraqlarının təmin olunmasında onun yanında olan Azərbaycana qarşı riyakarlıq edən Qərbin və həmçinin ABŞ-ın son addımlarını normal məntiqlə izah etmək mümkün deyil.

Qərbin Azərbaycanın bu günkü inkişafını, onun nailiyyətlərini, qitə və dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini gözü götürməməsində, hər vəchlə buna mane olmasında bir sıra digər amillər də mühüm rol oynayır. Bunlar əsasən, dünyada, xüsusilə də Qərbdə baş qaldıran islamofobiya, iqçilik, xristian təəssübkeşliyidir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə müsahibəsində bunu açıq şəkildə ifadə edib: “Bəzi beynəlxalq dairələr Azərbaycan tipli modern, inkişaf etmiş, dünyada cəlbedici olan dövlətlərin özünü təqdim etməsini, nədənsə, həzm edə bilmirlər. Əgər Azərbaycan İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və bu səviyyəli tədbirləri keçirir, bu işdə ən yüksək standartlar ortaya qoyursa, o zaman antimüsəlman ovqatını, hansı ki, bu gün Qərbdə hökm sürür, bunu həmin dairələr nə ilə əsaslandırsınlar? Deməli, müsəlman ölkələri də inkişaf edə bilərmiş. Məhz bu nöqtədə biz beynəlxalq islamofob qüvvələrlə üz-üzə gəlirik. Məhz anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər dövlət kimi öz sıralarında görmək istəməməsidir. Onların fikrincə, müsəlman dünyasında həmişə xaos, anarxiya olmalıdır, insanlar bir-birini öldürməlidir, partlayışlar olmalıdır. Necə ki, İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada baş verir. Bunlar bütün müsəlman dünyasına aid olmalıdır. Yəni modern, nümunəvi müsəlman dövləti modeli dünyaya təqdim oluna bilməz”.

Göründüyü kimi, Qərbin bir sıra dairələri Azərbaycana qarşı ikili standartlardan irəli gələn, qeyri-sağlam məntiqə əsaslanan, müasir dünyanın sivil birgəyaşayış normaları ilə uzlaşmayan mövqe sərgiləyir. Ölkəmizdə keçirilən mühüm beynəlxalq əhəmiyyətli tədbirləri isə Qərb bir qayda olaraq öz məkrli niyyətlərini reallaşdırmaq üçün fürsət hesab edir.
\\ kaspi.az \\
Geri qayıt