Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakının mərkəzində yerləşən 16 mərtəbəli binanın sakinləri dad deyir
Bakının mərkəzində yerləşən 16 mərtəbəli binanın sakinləri dad deyir30-04-2015, 11:30 |
![]() Bakıda Nərimanov heykəlinin düz yaxınlığında 16 mərtəbəli bir bina var, sakinləri təxminən 17 ilə yaxındır ki, məskunlaşıblar. Bina hətta 2000-ci ilin o məşhur zəlzələsindən də alnı açıq, üzü ağ çıxıb. Komfortu da pis deyil, mərkəzi istilik sistemi var, elektriki, isti və soyuq suyu da yerindədir. Amma bütün bunlara baxmayaraq bina sakinləri halal pulları ilə tikdirdikləri mənzillərinə mülkiyyət sənədi ala bilmirlər. “Kupça vermirlər, verməsinlər. Heç olmazsa, mənzillərə order versinlər. Tikinti şirkəti ilə bağladığımız müqavilədən başqa heç bir sənəd yoxdur. Sabah bizdən sonra mənzillərimiz varislərimizə miras verilib-verilməyəcəyinə əmin deyilik”,- deyə 65 yaşlı bina sakini ANS PRESS-in əməkdaşı ilə söhbətində gileylənir. Mənzil sahibləri bu illər ərzində mənzillərə mülkiyyət sənədinin verilməməsinin səbəbini öyrənə bilmirlər. İki-üç ildən bir başlayan “sənəd düzəltmə” əməliyyatı xeyli davam edir və sonra daşa dirənir. Nəticədə, mənzil sahiblərinin 500-600 manatı növbəti dəfə möhtəkirlərin yeminə çevrilir. Bakıda fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinin məlumatına görə, paytaxtda sakinləri bu cür problemlə üz-üzə olan yeni binaların sayı yüzlərlədir. Mərkəzdən ANS PRESS-ə bildirilib ki, müstəqillik illərində Bakıda 1700-ə yaxın yeni bina tikilib və bu, təxminən 200 minə yaxın yein mənzil deməkdir (Abşeron rayonundakı maasivlər bu sıraya daxil deyil - red.). Yeni tikilən binaların təxminən 30 faizinin, yəni təxminən 60 min mənzilin mülkiyyət sənədi artıq var. Amma 130-dan artıq yeni binanın istismar aktı ümumiyyətlə qəbul olunmayıb, təqribən 200 binanın ilkin sənədləşdirməsində problem var və 60-dan artıq binanın isə tikintisi yarımçıq qalıb. Yəni 400-ə yaxın binanın mənzil sahiblərinin mülkiyyət hüququ almağa ümidi yoxdur. Digər mülkiyyət sənədi olmayan, lakin əhalinin yaşadığı binaları da nəzərə aldıqda, 140 minə yaxın mənzildə mülkiyyət hüquq olmadan yaşandığı ortaya çıxıb. Bunun təxminən Gəncə kimi iki şəhərin mənzil fonduna bərabər olduğu nəzərə alındıqda, problemin necə geniş miqyaslı olduğunu təsəvvür etmək olar. Əmlak üzrə ekspert, Bakı Əmlak Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, hətta istismara qəbul olunmuş bəzi binalarda da mənzil sahibləri çıxarış ala bilmirlər. “Onların tikintisində hər hansı bir problem olmasa da, ilkin qeydiyyat sənədlərindəki bəzi problemlər mülkiyyət sənədi almağa imkan vermir",- deyə əmlak üzrə ekspert ANS PRESS-ə bildirib. Ramil Osmanlı bu sahədə olan problemlərin əsasən tikintini icra edən mənzil tikinti koperativlərinin (MTK) fəaliyyəti ilə bağlı olduğunu bildir. Məsələn, MTK icarəyə götürdüyü yerdə bina tikir ki, bu da sonda mülkiyyət sənədinin alınmasına imkan vermir. “Bina tikmək üçün təxminən 130-a yaxın sənəd lazımdır. Tikinti üçün ən vacib olan sənədlər sırasında tikinti icazəsi və inşaat pasportudur. Bəzi tikinti şirkətləri inşaat pasportunu alır və hesab edir ki, artıq işə başlaya bilər. Tikintiyə icazə sənədi qalır. Müvafiq qurumdar yalnız tikintinin ortasında gəlir və işi dayandırır. Həmçinin, Bakı şəhərində müvafiq qaydalara görə, 12 mərtəbədən yüksək binanın tikintisinə iczə verilmir. 12 mərətəbədən yüksək binaların inşası üçün xüsusi icazələr tələb edilir ki, bir çox tikintit şirkətləri həmin icazələri almır. Yəni hər bir binanın öz spesifik prooblemi var”, - deyə Ramil Osmanlı vurğulayır. Əmlak üzrə ekspertin fikrincə, bir çox hallarda MTK-lar binaların özəl mülkiyyətə verilməsinə tərəfdar olmurlar və mülkiyyət sənədinin verilməsin mane olurlar: “Çünki mülkiyyətçilərə çıxarış verildikdən sonra qanunvericiliyə görə, binanın idarəetmə səlahiyyəti onun əlindən çıxmış hesab edilir. Yəni ondan sonra mənzil mülkiyyətçiləri kollektiv bir müəssisə yaradıb özləri binanı idarə etməyə başlayacaqlar”. Araşdırmalar göstərir ki, MTK rəhbərləri mülkiyyət sənədi verilməmiş binaların idarə edilməsindən böyük məbləğdə qeyri-rəsmi pullar əldə edirlər. Orta hesabla bir binadan ayda 10 min manata yaxın pul yığılır, bunun 2000-2500 manatını istismar xərclərinə yönəldir, qalan hissə isə MTK rəhbərlərin çatır. Buna görə də MTK rəhbərləri binaların istismara verilməsində və mülkiyyət sahibləri çıxarış almasında maraqlı olmurlar. “Bunun ən böyük zərbəsi Azərbaycana dəyir. Çünki mənzil fondundakı müvafiq göstəricilər az görsənir. Statistikaya görə, Azərbaycan adambaşına mənzil göstəricisinə görə, iqtisadi cəhətdən özündən qat-qat zəif ölkələrdən geri qalır. Bu, əmlak vergisi yığımında da problem yaradır, çünki həmin əmlaklar vergi nəzarətindən kənarda qalır. Həmçinin vətəndaşlar müəyyən biznes layihələri gerçəkləşdirmək üçün öz evlərini girov kimi qoyub kredit ala bilmirlər”,- deyə Ramil Osmanlı bildirir. Əmlak eksperti bu məsələdə müəyyən qədər mənzil almış sakinlərin laqeydliyinin də rolu olduğunu vurğulayır. Çünki vətəndaş tikinti şirkəti və ya MTK ilə bağladığı müqavilə öhdəliklərindən ən xırdasını pozan kimi MTK cəza tədbirlərinə başlayır - qiyməti qaldırır, məhkəməyə verir və s. Amma MTK-lar istehlakçıların hüquqlarını daima pozanda, heç kim səsini çıxarımır: “Hər bir binada 100-dən çox ailə yaşayır, həmin ailələrin 40 faizi toplanıb müəyyən instansiylara müraciət edə bilərlər, amma etmirlər. Yəni bir-iki MTK-ya qarşı məhkəmə yolu ilə maddi və mənəvi təzminat tələbləri qoyulsa idi, bu məsələlər çoxdan həll olunmuşdu”. Reallığı nəzərə alan Ramil Osmanlı bu məsələnin kökündən və birdəfəlik həlli üçün daha yüksək səviyyədə iradə lazım olduğunu vurğulayır: “Praktika göstərir ki, bu cür fundamental məsələlərə bilavasitə ölkə başçısı müdaxilə etməlidir. Təxminən 3 il qabaq bu tikililərin qazlaşdırılması ilə bağlı çox ciddi problemlər var idi. Vətəndaşlar prezidentə müraciət etdilər və problem prezidentin müdaxiləsi ilə qısa müddətə öz həllini tapdı. Mənzillərə mülkiyyət verilməsi məsələnin də qısa müddətdə həlli üçün məhz bu lazımdır”. Geri qayıt |