Əsas Səhifə > Güney Press / Ana xəbər > Gigiyena və Epidemiologiya Mərkəzindən narazılıq

Gigiyena və Epidemiologiya Mərkəzindən narazılıq


16-04-2015, 12:25
Gigiyena və Epidemiologiya Mərkəzindən narazılıq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) əməkdaşları bu qurumda son vaxtlar maaşların vaxtında verilməməsi və əlavə yardımların kəsilməsindən narazıdırlar.

Mərkəzin yerli şöbələrindən birinin əməkdaşı “AzPolitika.info”-ya müraciət edərək bu barədə məlumat verib. Məlum səbəblərdən adının çəkilməsini istəməyən əməkdaşın bildirdiyinə görə, son aylarda RGEM-də demək olar ki, maliyyə böhranı baş qaldırıb.

“Bu gün artıq ayın 14-üdür, lakin biz hələ ötən ayın maaşlarını ala bilməmişik”, deyən şikayətçi əlavə edib ki, Mərkəzin göstərdiyi müxtəlif pullu xidmətlərdən əldə olunan gəlirlərdən əməkdaşlara əlavələr hesablanması da demək olar ki, dayandırılıb.
“Əvvəllər aya tutaq ki, 120-150 manat əlavə hesablanırdısa, indi 10-15 manat hesablayırlar”.

Şikayətçinin bildirdiyinə görə, RGEM-in baş direktoru Akif Əlibəyov işçilərin sosial vəziyyətinə təsir edən bu qərarların qəbulunu Birinci Avropa Oyunları ilə əlaqələndirib. Baş direktor “Nazirlik (Səhiyyə Nazirliyi nəzərdə tutulur-red) tapşırıb ki, əldə olunan gəlirlər Avropa Oyunlarının xərclərinə yönəldilsin”, deyə əməkdaşlara bildirib. Hər halda “AzPolitika”-ya üz tutan şikayətçi belə deyir.

Şikayətlə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovla danışmaq cəhdimiz baş tutmadı. Şöbə müdiri telefon zənglərimizə cavab vermədi. Bununla belə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edərək, diqqəti ona yönəltmək istəyirik ki, son vaxtlar ölkədə Avropa Oyunları ilə bağlı sui-istifadə hallarının artdığı müşahidə olunur. Bir çox idarə və müəssisə, dövlət qurumlarının rəhbərləri Avropa Oyunlarını bəhanə edərək, işçilərin maaşlarını yubadır, onlara qanunla nəzərdə tutulan əlavə ödənişləri, məzuniyyət pullarını ödəməkdən imtina edirlər.

Konkret halda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Avropa Oyunları arasında bağlılıq tapmaq çətindir. Axı Avropa Oyunlarının təşklinə dövlət büdcəsindən və digər mənbələrdən kifayət qədər vəsait ayrılıbsa, RGEM rəhbərliyi niyə əməkdaşlarının maaşlarını yubatmalı və onların əlavə yardımlarını kəsməlidir?

Geri qayıt