Əsas Səhifə > Güney Press / Ana xəbər > Qosqoca neft şirkətinin mətbuatla körpüsü niyə sınıq-salxaqdır?
Qosqoca neft şirkətinin mətbuatla körpüsü niyə sınıq-salxaqdır?1-04-2015, 14:24 |
|
Müasir dövrdə hər hansı qurumun mətbuatla əlaqə şöbəsi onun ən vacib struktur bölmələrindən biridir. Dövlət qurumlarının mətbuatla əlaqəli şəxsləri isə ümumiyyətlə müstəsna bir vəzifədir. Çünki, Kütləvi İnformasiya Vasitələrinin sayının gündən-günə artması, sosial şəbəkələrin əhalinin bütün təbəqələrini özündə birləşdirməsi nəticəsində cəmiyyət onu maraqlandıran sualları, narahat edən məsələləri açıqlamağa daha çox imkan əldə etmiş olur. Yəni, əvvəllər hər hansı bir qurumun fəaliyyəti ilə bağlı yalnız televiziya və qəzetlərdən məlumat toplanılırdısa, indi yüzlərlə veb-resurs, internet televiziyalar, habelə sosial şəbəkələrin aktiv istifadəçiləri cəmiyyətin bütün sahələrindən məlumat almağa can atır. Məhz belə bir şəraitdə daha çevik, daha peşəkar mətbuat xidməti olan dövlət qurumlarının fəaliyyəti cəmiyyətin rəğbətinə səbəb olur. Azərbaycanda da son illər vətəndaş məmnunluğu istəqimətində aparılan islahatların əsas hissəsi cəmiyyətin güzgüsü olan mətbuatla işə yanaşmanın dəyişməsi, elektron sorğu sistemlərinin tətbiq olunması və sairdir. Di gəl ki, bütün bu yeniliklər, müsbət dəyişikliklər deyəsən Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) yan keçir. SOCAR mətbuat xidməti XXI əsrin ikinci onilliyində də Sovet İttifaqı dövründəki praktika ilə fəaliyyətini davam etdirməkdədir. Bu hansısa bir kiçik struktura aid olsaydı bəlkə də nəzərəçarpan dərəcədə olmazdı. SOCAR isə öz fəaliyyətinə görə Azərbaycanın ən genişmiqyaslı dövlət strukturu kimi cəmiyyətin həyatında müstəsna rol oynayır. şirkətin həyata keçirdiyi layihələr həcminə və önəminə görə ölkənin taleyüklü məsələlərinin həllinə yönəlib. Şirkət ölkənin strateji ehtiyyatlarından əldə etdiyi gəliri sosial, ekoloji, idman layihələrinə yatırmaqla cəmiyyət həyatına təsir edən işlər həyata keçirir. Bu səbəbdəndir ki, SOCAR layihələri daima mətbuatın diqqətindədir. Nizaməddin Quliyevin rəhbərliyi altında SOCAR mətbuat xidməti isə mətbuat üçün əlçatmaz bir struktura çevrilib. Və yaxud, daha dəqiq desək, müəyyən mətbu orqanlardan başqa digər sayt, portallar onun heç cür diqqətini cəlb etmir. Belə görünür ki, Nizaməddin müəllim mətbuatla iş deyərkən "Kommunist" qəzetində məqalələrin dərc olunması, keçirilən tədbirlərə isə 3-4 mətbuat nümayəndəsinin çağırılması ilə öz peşə vəzifəsinin yerinə yetirdiyini sanır. Belə olmasaydı mətbuat nümayəndələrinin əksər sorğularına "məlumatım yoxdur", "eşitməmişəm" kimi cavablar verməzdi. Müasir dövrdə sosial şəbəkələrin tirajladığı məlumatdan xəbərsiz olmaq heç bir mətbuatla işləyən mütəxəssisə baş ucalığı gətirə bilməz. Ələlxüsus da nəzərə alsaq ki, mətbuat şöbəsi kimi böyük struktura malikdirsə. Nizaməddin müəllimin neft sahəsində bilgilərinə şübhə ola bilməz, adam illərini neft sahəsinə həsr edib. Lakin, mətbuat sözçüsün əsas vəzifəsi vətəndaşların mətbuat vasitəsilə ünvanlanan suallarını cavablandırmaqdır. Bunun üçün isə neft istehlakının mürəkkəb mexanizmini deyil, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən xəbərdar olmalı, gündəmi maraqlandırandan məsələlərə dərhal reaksiya verilməlidir. Buna digər bir misal kimi onu qeyd etmək olar ki, Nizaməddin müəllim həmçinin cəmiyyətin idman sahəsində əsas diqqətinin yönəltdiyi futbolda da məlumatlı, operativ olmağa məhkumdur. Çünki o, eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentinin də sözçüsüdür axı. Dünən "Neftçi" klubunun həyatında mühüm hadisə olan konfransa dəvət olunanların siyahısı sosial şəbəkələrdə geniş yayıldı. Və ordan da aydın olan odur ki, Nizaməddin Quliyev üçün ya neftlə bağlı konfrans, ya futbolla bağlı konfrans eyni əhəmiyyətə malikdir - yenə də əsas fəaliyyət istiqaməti siyasət və iqtisadiyyat olan standart saytlar və TV-lər... Halbuki, son illər Azərbaycanda idman, xüsusən də futbol üzrə ixtisaslaşmış onlarla oxunan saytlar mövcuddur. P.S. SOCAR bu ildən etibarən rebrendinq edib, loqotipini dəyişib. Lakin görünən odur ki, mətbuatla iş forması elə ötən əsrdən miras kimi necə qalıbsa elə də davam edir... Geri qayıt |