Əsas Səhifə > Güney Press / Ana xəbər > “AENT-E" MMC ilə vətəndaş arasındakı qalmaqal pik həddə...
“AENT-E" MMC ilə vətəndaş arasındakı qalmaqal pik həddə...13-03-2015, 12:01 |
![]() Ötən saylarımızdan birində Bakı şəhəri, Xətai rayonu Naximov küçəsi ev 144 A-da yaşayan Qəmbərov İsa Cəmaləddin oğlunun "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun qanunsuz əməllərindən şikayətini dərc etmişdik. İ.Qəmbərov bildirmişdi ki, 2014-cü ilin iyul ayında şirkətin Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında tikdiyi hündürmərtəbəli binadan ümumi sahəsi 79.11 kvadratmetr olan mənzil alıb. Tikilməkdə olan, mənzil forması almayan yarımçıq tikili almaq məqsədilə şirkətə 17 150 ABŞ dolları ödəyib: "Amma mənə əvvəlcə tavan hissəsi bağlanmaqda olan mənzil göstərilmişdi. Sonradan isə bəlli oldu ki, mənim mənzilim o deyil, bağlanmaqda olan tavanın üst hissəsində hələ tikilməyən mənzil olacaqmış. Mənzilin pulunun yerdə qalan hissəsini MMC-nin direktoru Əkbər Cəfərovun razılığı əsasında hissə-hissə ödəməyi qərara aldım. Cəmiyyət direktoru mənzili maksimum 2 aya tikib mənə təhvil verəcəyinə söz verdiyi halda, artıq 9 ay keçməsinə baxmayaraq, heç bir iş görülməyib və mənzildən əsər-əlamət yoxdur. 16 iyul 2014-cü ildən bu günə kimi binada heç bir tikinti işləri aparılmayıb. Mən isə mənzilimin qapısının belə haradan olacağını bilmirəm. Yəni şirkət rəhbəri məni bu gün, sabah deyə-deyə aldadır. Nə evimi ala bilirəm, nə də ödədiyim pulu. Əkbər müəllimlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamışam, üzbəüz görüşmüşəm. Hər dəfə başımın altına yastıq qoyur. Və deyir ki, ürəyini sıxma hər şey yaxşı olacaq. Amma yaxşılığa doğru heç nə görmürəm. Çünki bu adam mənimlə yanaşı, onlarla insana qarşı bu cür özbaşınalıq edib. Şirkət rəhbəri bir mənzili saxta sənədlərlə bir neçə şəxsə satıb. Buna görə də hazırda acınacaqlı vəziyyət yaranıb". Ötən gün redaksiyamızla əlaqə saxlayan Qəmbərov İsa Cəmaləddin oğlu "AENT-E" MMC-nin direktoru ilə bağlı yeni faktları açıqladı: "Bir neçə gün əvvəl şirkətin yerləşdiyi ofisə yollandım, amma orda heç kimi tapa bilmədim. Əkbər Cəfərov ofisi başqa ünvana köçürüb. O məndən və mənim kimi pul atdığı onlarla insandan qaçıb gizlənmək istəyir. Eşitdiyimə görə, şirkət rəhbəri müqavilə ilə mənə məxsus olan mənzili qanunsuz sənədlərlə başqasına satıb. Hələlik bu məlumatı tam dəqiqləşdirə bilməmişəm. MMC direktorundan hər nə desən gözləmək olar. Hər yerdən əlim üzülüb, hara müraciət edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm. Sizin vasitənizlə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib ondan kömək istəyirəm. İdarə rəhbərindən xahiş edirəm ki, 17 150 dolların şirkət rəhbərindən alınıb mənə verilməsində öz yardımını göstərsin". Şikayətçinin vurğuladığı məqamlara aydınlıq gətirmək üçün "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovla əlaqə saxladıq. O isə haqqında deyilən ittihamları qəbul etməyərək mənzili başqasına satmadığını dedi: "O adam gəlsin şirkətə olan borcunu ödəsin sonra mənzilini verək. Şirkətlə vətəndaş arasında alqı-satqı müqaviləsi bağlanıb. Əgər qarşı tərəf pulunu tələb edirsə, getsin bizi versin məhkəməyə. Yalnız məhkəmənin qərarından sonra onun pulunu qaytara bilərik. Hazırda iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır". Göründüyü kimi, şikayətçi ilə şirkət direktorunun fikirləri bir-birinə tamamilə ziddir. Biz isə belə fikirləşirik ki, burda haqlı tərəf vətəndaşdır. Çünki o "AENT-E" MMC-yə 17 150 ABŞ dolları ödəyib və müqaviləyə əsasən yerdə qalan məbləği də aybaay ödəyəcəkmiş. Əkbər Cəfərovun həyata keçirdiyi qeyri-qanuni işlər isə buna imkan yaratmayıb. Onu da qeyd edək ki, "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərov bu ilin yanvar ayında həbs olunub. Belə ki, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətinın yaydığı məlumata görə, araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Bundan əvvəl isə mətbuatda "Ələsgəroğlu-K" tikinti şirkətinin bir qrup şəxsi aldatması ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Xətai rayonu Gəncə prosperkti 2935A ünvanda tikilən binadakı evlər başqa sakinlərə satılıb. "AENT-E MMC" şirkətindən isə bildirilib ki, Kazım Kazımzadənin rəhbərlik etdiyi "Ələsgəroğlu-K" şirkəti tərəfindən həyata keçirilən yarımçıq tikililərin təhvil götürülməsi 2012-ci ilin may ayında razılaşdırılaraq sakinlərin iştirakı ilə keçirilən iclasda protokolla qərarlaşdırılıb. Bununla bina Əkbər Cəfərovun direktor olduğu "AENT-E" MMC tərəfindən təhvil götürülüb. Lakin təkrar satılan mənzillərin sənədləri və ödəniş məbləğinin geri qaytarılması ilə bağlı problem hələ də həllini tapmayıb. Yəqin ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi yaranmış problemlə maraqlanıb şirkətin zərər vurduğu vətəndaşların hüquqlarını müdafiə edəcək. \\ GünBakı \\ Geri qayıt |