Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilərin Gürcüstanda işğal siyasəti: Hədəfdə kilsələrdir...

Ermənilərin Gürcüstanda işğal siyasəti: Hədəfdə kilsələrdir...


12-03-2015, 10:48
Ermənilərin Gürcüstanda işğal siyasəti: Hədəfdə kilsələrdir...
“Əbədi düşmənlər” - Gürcüstanla Ermənistan arasındakı münasibətləri başqa cür xarakterizə etmək qeyri-mümkündür desək, yəqin ki, yanılmarıq. Əsrlər boyu bu iki xalq arasında münasibətlər ermənilərin ərazi iddiaları və düşmən hərəkətləri üzündən normal olmayıb. Ötən əsrin əvvəllərindən iki xalq arasında münasibətlər dəfələrlə müharibə həddinə kimi yüksəlib. SSRİ dağıldıqdan sonra Gürcüstana qarşı aparılan separatçı müharibədə ermənilərin necə fəal rol oynadıqlarını isə xatırlatmağa belə dəyməz. Hətta ermənilərdən ibarət xüsusi batalyon - Baqramyan adına batalyon Gürcüstan torpaqlarının işğalında mühüm rol oynayıb. Sonrakı illərdə isə Gürcüstanın ermənilərin sıx yaşadığı bölgələrində mütəmadi olaraq separatçı çıxışlar olub. Gürcüstan hökuməti də əlini yanına salıb ermənilərin çirkin hərəkətlərinə göz yummayıb. Dəfələrlə ermənilərin separatçı çıxışlarına qarşı sərt tədbirlər görüb, həbslər həyata keçirib. Təəssüf ki, Mixail Saakaşvili dövründəki sərt tədbirlər yeni hökumətin dövründə bir qədər səngidi. Hətta gürcülərə qarşı separatçı çıxışlar edən şəxslər belə həbsxanadan azad edildi.
Bu günlərdə isə gürcü kütləvi informasiya vasitələri Tbilisi ilə Yerevan arasında münasibətlərdə qalmaqal yarada biləcək bir xəbərə imza atıblar. Belə ki, gürcü KİV-ləri 2014-cü ilin 10 dekabrında Gürcüstandakı Erməni Apostol Kilsəsinin rəhbəri Vazgen Mirzəxanyanın baş nazir İrakli Qaribaşviliyə ünvanlanan məxfi məktubunu dərc ediblər. Həmin məktubda erməni din xadimi gürcülərdən nə istəsə yaxşıdır – Gürcüstan ərazisində olan kilsələrin onlara verilməsini. Məktub Gürcüstan hökumətinin dəftərxanasında dekabrın 12-də 42179 nömrəsi ilə qeydiyyata də alınıb. Məktubda belə bir xahiş edilir: fəaliyyətdə olan və olmayan kilsələri, müqəddəs yerləri, onların dağıntılarını, qalıqlarını, eləcə də yerləşdikləri torpaq sahələrini Gürcüstan Erməni Apostol Kilsəsinin mülkiyyətinə vermək.
Erməni din xadimi öz məktubunda xatırladır ki, beşinci əsrdən başlayaraq Gürcüstan ərazisində Erməni Apostol Kilsəsi fəaliyyət göstərib. Bu müddət ərzində onlar burada məbəd, kilsə və dini ibadətgahlar inşa edib. O, əlavə edib ki, ölkənin möhkəmlənməsində həmin din xadimlərinin böyük rolu olub. Erməni din xadimi daha sonra sovet totalitar rejimini ittiham edərək, onların mülkiyyətini əllərindən aldığını yazıb. Siyahıda nə az, nə çox, düz 492 kilsənin adı keçir. Onların arasında məşhur abidələr, o cümlədən Tbilisidəki Noraşen kilsəsi var. Bununla bağlı dəfələrlə gürcü mütəxəssisləri, alimləri öz fikirlərini bildiriblər. Erməni din xadiminin onlara aid olduğunu bildirdiyi müqəddəs abidələr praktiki olaraq Gürcüstanın bütün yerlərində var.
Gürcü saytları məktubun hansı tarixdə yazıldığına da diqqət ayırıblar. Məktub Ermənistan baş naziri Ovik Abramyanın rəsmi səfərlə Gürcüstana gəldiyi gündə təqdim edilib. Baş nazir səfər zamanı Avlabar vilayətindəki Surd Eçmiədzin kilsəsinə də baş çəkib. Gürcü mətbuatı istisna etmir ki, Abramyanın Qaribaşvili ilə görüşü zamanı kilsələrin ermənilərə verilməsi məsələsi müzakirə edilib. Ən maraqlısı isə odur ki, erməni kilsəsinin iddiaları ilə bağlı xəbərləri gürcülərlə yanaşı, erməni tərəfi də rəsmi qaydada təkzib edib. Lakin xoşbəxtlikdən bu məktubdan və baş nazirin səfərindən üç ay sonra gürcü kütləvi informasiya vasitələri bu sənədi tapıb üzə çıxarmağa müvəffəq olublar. Onların qənaətincə, kilsələrin siyahısı həddən artıq çoxdur. Hətta cəsarətlə onları Azərbaycan və Ermənistan ərazisindəki alban kilsələrinin ələ keçirilməsi ilə eyniləşdirmək də olar. Siyahıya baxdıqda, aydın olur ki, söhbət Gürcüstan ərazisindəki xeyli sayda mülkiyyətdən söhbət gedir. Erməni kilsəsi faktiki olaraq onları Gürcüstanın yurisdiksiyasından çıxarıb Eçmiədzinə tabe etdirmək istəyir. “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Qafqaz Beynəlxalq geotarix və geosiyasət tədqiqat mərkəzinin prezidenti, tarixçi Quram Marxuliya bu qənaətdədir ki, hansısa qüvvələr erməni xalqını yeni münaqişəyə cəlb etməyə çalışır: “Axı Ermənistanda necə başa düşmürlər ki, onlardan sadəcə olaraq istifadə edirlər? Azərbaycanla apardıqları müharibə azmış kimi, hələ bir Gürcüstanla da müharibəyə vadar edilirlər”. Onun qənaətincə, gürcü rəhbərliyinin belə bir məktubun varlığını ört-basdır etməsini haradasa başa düşmək olar: “Dəyirmana su töküb aranı qarışdırmaq istəyən qüvvələr regionda yeni münaqişə ocağı yaratmağı düşünürlər. Lakin Tbilisidə başa düşməlidirlər ki, belə hal uzun müddət davam edə bilməz”. Daha sonra tarixçi alim baş verəni bir növ qanqrenaya bənzədir və bu yaranı vaxtında kəsib atmağın zəruriliyini irəli sürür. O, hesab edir ki, gürcü hökuməti Akademiya ilə birlikdə Gürcüstan ərazisindəki tarix və dini abidələrin pasportlaşdırılması istiqamətində komissiya yaratmalı və müvafiq işlərə başlamalıdır: “Mənə elə gəlir ki, gürcü hökuməti bu vəziyyətdə nəsə etməlidir. Bu məsələ artıq çox ciddi bir məsələdir və təxirəsalınmaz aktiv tədbirlər görülməsini zəruri edir. Bu məsələnin tez bir zamanda həlli həm gürcü, həm də erməni xalqının rifahı üçün gərəkdir. Axı bəllidir ki, kimsə bu dəfə erməni xalqını Gürcüstana qarşı yönəltmək istəyir və biz iki xalq - gürcü və ermənilər buna qarşı çıxmalıyıq”. Gəlinən qənaət budur ki, bir vaxtlar alban kilsələrinin yaşadığı taleyi indi gürcü kilsələri yaşaya bilər. Bu fikirdə olan gürcü tarixçiləri, ədəbiyyatçıları, ictimaiyyət nümayəndələrinin sayı artıb. Gürcüstandakı Erməni Apostol kilsəsinin ünvanladığı məktubla tanış olanların əksəriyyəti artıq bu qənaətə gəliblər. Bir faktı da qeyd edək ki, ermənilər uzun müddət Gürcüstanda “Erməni Kilsəsi Patriarxlığı” yaratmaq üçün dava açsalar da, rəsmi Tbilisi bu hədəflərə qarşı kəskin mövqedə olub. Çünki xristian aləmində bunun nə demək olduğunu elə bu toplumların özləri çox yaxşı dərk edirlər. Hər halda baş verənlər region üçün, xüsusən də Gürcüstan üçün yaxşı heç nə vəd etmir və böyük ehtimalla yaxın vaxtlarda bunun fəsadlarını hiss etmək mümkün olacaq.
\\ kaspi.az \\
Geri qayıt