Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər Avropa oyunları zamanı savaşı başlatarsa...
Ermənilər Avropa oyunları zamanı savaşı başlatarsa...7-03-2015, 09:48 |
![]() Azərbaycanla qardaş Türkiyə arasında hərbi sahədə əməkdaşlıq ötən ilin sonlarından etibarən intensivləşib. Bu, özünü həm iki ölkə arasında ortaq hərbi manevrlərin artmasında, həm də yüksək çinli hərbçilər və nümayəndə heyətlərinin artan qarşılıqlı səfərlərində büruzə verməkdədir. Bəllidir ki, martın 3-də Türkiyə ərazində iki ölkə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başlayıb və davam edir. Həmin təlimlərin getdiyi vaxtda isə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürk böyük bir nümayəndə heyəti ilə Bakıya gəlib. Dünən Azərbaycanın müdafiə naziri Zakir Həsənov Akın Öztürkü qəbul edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, iki nümayəndə heyəti arasında geniş tərkibdə görüşdə nazir hərbi əməkdaşlıq planına əsasən, ötən il Azərbaycan səmasında, hazırda isə Türkiyədə keçirilən birgə təlimlərin təcrübə baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib, bu sahədə əlaqələrin genişləndiyini xüsusi vurğulayıb. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Zakir Həsənov Ermənistanın regional sabitliyə əsas təhlükə olduğunu, Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həllinə nail olmanın vacibliyini bildirib. Öz növbəsində Akin Öztürk dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə söykəndiyini və Türkiyənin ölkəmizin vacib tərəfdaşı olduğunu vurğulayıb. Qardaş ölkənin səfiri İsmayıl Alpər Coşqunun da qatıldığı görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb. ***** Qeyd edək ki, Bakıya böyük nümayəndə heyəti ilə gələn Öztürkün səfəri 3 gün çəkib. Bu da mühüm məqamlardan sayıla, regionda, Azərbaycan ətrafında, o sırada Dağlıq Qarabağ ətrafında gərgin duruma adekvat reaksiyanın təzahürü hesab oluna bilər. Təsadüfi deyil ki, görüşdə təhlükəsizlik məsələləri məxsusi diqqət mərəzində olub. Bölgədəki hazırkı mürəkkəb, eyni zamanda təhlükəli durumun özəllikləri isə bir neçədir. Biri və birincisi, əlbəttə ki, qonşulara qarşı güclənməkdə olan Rusiya aqressiyası ilə bağlıdır ki, Türkiyə və Azərbaycanın güc nümayişi, genişlənən hərbi əməkdaşlığı Kreml üçün müəyyən mənada çəkindirici rol oynaya bilər. İkinci faktor erməni işğalının nəticələrindən, daha dəqiqi, son aylar cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulmasından qaynaqlanır. Yeri gəlmişkən, Ermənistanın öz daxilində vəziyyət kifayət qədər mürəkkəbdir. Sərkisyan rejiminin durumu yaxşı deyil. Belə vəziyyətdə hakim qüvvələrin köməyinə adətən diqqəti yayındırmağa yönəlik xarici amillər gəlir. Bakıda keçiriləcək Avropa Yay Oyunlarına Qarabağ kartından yararlanıb hansısa formada əngəl yaratmaq bu xüsusda rəsmi İrəvanın karına gələ bilərdi. Bir sıra analitiklər də Bakıdakı beynəlxalq yarışı pozmaq, yaxud onun effektini azaltmaq və ya ölkəmizə təşrif buyuracaq əcnəbilərdə təhlükəsizliklə ilgili tərəddüdlər yaratmaq üçün erməni tərəfinin iyuna kimi cəbhə xətti boyu artan intensivliklə təxribatlar törədəcəklərini mümkün sayırlar. Bu üzdən təkcə Qarabağ münaqişəsi bölgəsində yox, paralel surətdə Ermənistan-Azərbaycan sərhədində Azərbaycan ordusunu daha yüksək hazırlıq səviyyəsinə gətirilməsi məntiqli görünür. Ayrı sözlə, ən azı qarşıdakı bir neçə ayda genişmiqyaslı birgə təlimlərlə, o cümlədən Naxçıvanda ortaq hərbi təlimlərlə düşmənin daim narahat vəziyyətdə saxlanması məntiqli görünür. Azərbaycan və Türkiyənin işğalçı Ermənistana birgə güc nümayişi heç vaxt olmadığı qədər mühüm əhəmiyyət daşıyır. Aydındır ki, yaxın müddətdə müharibə risklərini artması Bakı üçün arzuolunmazdır. Reallıq minimum, önümüzdəki aylarda bu riskləri “zəncirdə saxlanmaq” zərurətini diktə edir. ***** İstisna deyil ki, məhz rəsmi Bakı Ankaraya belə bir xahişdə bulunub. Çünki ilk dəfə olaraq ölkəmizdə belə miqyasda beynəlxalq idman yarışı keçiriləcək. İyunun 12-də start götürəcək və 16 gün sürəcək tədbirdə 49 ölkədən minlərlə idmançı və digər statusda qonaq iştirak edəcək. Həm yarışın uğurlu təşkili, həm də onun iştirakçılarının təhlükəsizliyi baxımından bu, ölkəmizdən ötrü sınaq olacaq. Bu böyük idman yarışı etibarlı ölkə olaraq Azərbaycanın beynəlxalq imici üçün də az əhəmiyyət kəsb eləmir. Ölkəmizin ilk belə sınaqdan uğurla çıxması isə qardaş Türkiyənin də marağındadır. \\ musavat.com \\ Geri qayıt |