Əsas Səhifə > Güney Press / Ana xəbər > "Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…

"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…


6-03-2015, 12:19
"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…
ABŞ dollarının sürətlə bahalaşması bəzi mal və məhsulların qiymətinə təsir göstərir. Qiymət artımı ilə bağlı marketlərdə apardığımız monitorinqlər zamanı satıcılar bildiriblər ki, müxtəlif distribütor şirkətlər tərəfindən qiymət artımının gözlənildiyi barədə onlara xəbərdarlıq ediblər.

Bəs geyim məhsullarında necə, qiymət artımı varmı? Bu və başqa suallara cavab tapmaq üçün "Sədərək" Ticarət Mərkəzinə üz tutduq. Bu mərkəzin tekstil, tikinti, xalça, geyim məhsulları və şirniyyat bölmələrindən ibarət olması bizə müxtəlif sənaye məhsullarının satışı ilə məşğul olan ticarətçilərlə söhbət etmək fürsəti yaratdı. Sahibkarlar manatın dollara nisbətdə ucuzlaşmasının onlara da mənfi təsir göstərdiyini gizlətmədilər.

"Sirr deyil ki, biz sahibkarlar xaricdə ticarəti əsasən ABŞ dolları ilə aparırıq. Dolların qiyməti bahadır. Baha aldığımız məhsulu necə ucuz verək? Necə ziyana işləyək? Deyirlər ki, qiyməti qaldıranı cəzalandıracaqlar. Biz nə vaxta qədər ziyana işləyəcəyik! Dollar qalxanda bilmirdiz malların da qiyməti qalxacaq? Ya manatı əvvəlki vəziyyətinə qaytarsınlar, ya da ki, verginin, icarə haqqının qiymətini aşağı salsınlar",-deyə sahibkar Vidadi bildirdi.

Bazarda apardığımız müşahidələrdən məlum oldu ki, zərərə işləmək istəməyən sahibkarların bir hissəsi artıq mağazaları tərk ediblər. Qapısı bağlı həmin mağazaların üzərində "İcarəyə verilir", "Arendaya verilir" elanları yazılıb. Elanlarda mobil telefonlarını da qeyd ediblər. Maraqlananda məlum oldu ki, 40 kvadratmetr mağazanın icarə haqqı 2500 manatdır.
İşləyən mağazalarda məhsulların üzərinə isə ya "endirim" yazılıb, ya da "nə alsan 5 manata" kimi cəlbedici elanlar asılıb.

Sahibkarlarla söhbət zamanı məlum oldu ki, ticarətçilər arasında narazılıq və gərginlik var. Ticarətçilərin sözlərinə görə, onlar rəhbərliyə icarə qiymətinin endirilməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər ediblər. Müraciətlərə hər dəfə "baxılacaq" vədləri verilsə də, vəziyyət dəyişməyib. "Bazarda vəziyyət o həddə çatıb ki, çeşidindən və keyfiyyətindən asılı olmayaraq malların topdan və pərakəndə satış qiymətlərində fərq sıfıra yaxınlaşıb. Sahibkarların çoxu dolların qiymətinin qalxması ilə əlaqədar olaraq ticarəti dayandırmaq məcburiyyətində qalıblar. Onlardan bəziləri daimi, bəziləri müvəqqəti olaraq ticarətdən kənarlaşdıqlarını deyirlər. Baha qiymətə aldığımız məhsulu ucuz qiymətə sata bilmərik. Açıq deyim ki, biz ticarətçilər öncə məhsulun qiymətini qaldırdıq. Yəni malı dollarla satmağa çalışdıq. Malların alınmadığını gördükdə məcburiyyət qarşısında qiyməti endirdik. Endirimə biz könüllü olaraq getdik. Hazırda "Sədərək" Ticarət Mərkəzində satış obyektlərinin çoxu bağlanıb"-deyə sahibkar Əli bildirdi.

Sahibkarlar bazar rəhbərliyinin icarə haqqını endirməməsi ilə yanaşı alıcı qıtlığından da şikayətləndilər. Onlar problemdən çıxış yolu kimi dövlət rüsumunun, verginin və icarə haqqının azaldılmasını təklif edirlər. "Alver yoxdur. Qiymətlər baha, alıcı yox. Səhər evdən bazara necə gəliriksə, axşam da evə elə gedirik. Kompüterimiz var. İstəyirsiniz hər gün sizin qəzet üçün qonarar qarşılığında materiallar hazırlayaq. Kitab da yaza bilərik. Həqiqətən də satıcılar arasında bekarçılıqdan artıq kitab yazanlar var. Kimisi şeir, kimisi hekayə yazır"- deyə ticarətçi Cavid bildirdi.

Sahibkarlardan olan Məhəmməd deyir ki, onların əksəriyyəti bankdan kredit götürərək Çindən, Türkiyədən və Dubaydan mal gətirib: "Şəxsən mən bu durumdayam. Bankdan pul götürüb mal vurub, 5 manat qazanmaq istəyirdim. Əksinə, məhv oldum. Alver yoxdur. Bank da kreditini istəyir. Bank üçün fərqi yoxdur, alver var, ya yox. Hökumət sahibkarların məhv olmamasına çalışmalıdır. Bizim böyük gəlir əldə etməyimizdə maraqlı olmalıdırlar. Daha bizi sıxmaq nə, təzyiq göstərmək nə?"

Sahibkarlarla söhbətdən o da məlum oldu ki, onların əsas gəliri topdan satışdan gəlir. Əsasən Dağıstandan və ölkənin regionlarından gələn sahibkarların hesabına gəlir əldə edən ticarətçilər bildirdilər ki, manatın və Rusiyada rublun qiymətinin aşağı düşməsi onların alıcılarına mənfi təsir göstərib.

Sahibkarların bəziləri problemin tezliklə həll olunacağına ümid etsələr də, əksəriyyəti səbrlə yanaşdıqlarını etiraf etdilər. Məcburiyyət qarşısında bazarda qaldıqlarını deyən ticarətçilər bizə "iş yeri varsa, deyin gedək işləyək" dedilər.

"Sədərək"ə işləyən şəhərarası marşrut avtobuslarının gediş haqqında qiymət artımı müşahidə olunur. Belə ki, elanda gediş haqqı 25 qəpik yazılsa da, sərnişinlərdən 30 qəpik alınırdı.
\\ Bizim Yol \\

"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…
"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…
"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…
"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…
"Sədərək"də bekarçılıqdan kitab yazan sahibkarlar…
Geri qayıt