Əsas Səhifə > Güney Press / Ana xəbər > Təlim-Tədris Mərkəzinin zabit və gizir heyəti camaatın yolunu kəsib
Təlim-Tədris Mərkəzinin zabit və gizir heyəti camaatın yolunu kəsib3-03-2015, 11:53 |
![]() Təəssüflər olsun ki, bu gün sürücülərin bir qismi adi yol hərəkəti qaydalarından belə, məlumatsızdırlar və məhz elə bu səbəbdən də onlar idarə etdikləri nəqliyyat vasitələrini harda gəldi, necə gəldi saxlayır, piyadaların normal hərəkətinə mane olurlar. Misal kimi, Müdafiə Nazirliyinin Yasamal rayonu ərazisində yerləşən "Salyanski kazarma" kimi tanınan Təlim-Tədris Mərkəzində (TTM) çalışan şəxslərin - zabit, gizir heyətinin Şəfayət Mehdiyev küçəsi 77 və 79-cu binaların sakinlərinin başına açdıqları oyunu göstərmək olar. Belə ki, "Maşınları gətirib saxlayırlar piyada yolunda. Camaat da söyə-söyə məcbur olur ki, maşın yolu ilə getsin. Bu da çox zaman yol qəzalarına səbəb olur. Elə tıxaclar da bu səbəbdən yaranır. Təlim-Tədris Mərkəzin zabit və gizir heyəti harda gəldi maşın saxlayırlar. Yolları bağlayırlar" deyən Şəfayət Mehdiyev küçəsi 77 və 79-cu binaların sakinlərinin sözlərinə görə, məhz elə bu səbəbdən də yaxınlıqda yaşayan insanlar səkiləri zəbt edən maşınların arasıyla, binaların divarlarına sıxılaraq hərəkət etmək məcburiyyətində qalıblar: "Yaşadığımız binaların həm arxa hissəsində, həm də qarşısında Təlim-Tədris Mərkəzində xidmət keçən hərbçilər maşınlarını saxlayaraq bəzi problemlərin yaranmasına gətirib çıxarırlar. Küçə boyunca maşınların saxlanması yolda həm tıxacın, həm də səs-kuyün yaranmasına səbəb olur. Hərbçilərin həm öz, həm də maşınlarından gələn əcaib siqnal səsləri əsəblərimizi korlayıb. Mərkəzdə işləyən hərbçilər maşınlarını həyətimizdə, ya da piyadaların istifadəsi üçün nəzərdə tutulan səkidə saxlayır ki, bu da bizi narahat edir. Binamızın həyətinə maşın əlindən girə bilmirik. Hamısı zabit və gizirlərin maşınlarıdır. 77 və 79-cu binalarda yaşayan vətəndaşlar maşınlarını saxlamağa yer tapmır. Hələ bu azmış kimi, bəzi hərbçilər maşınlarını vətəndaşlara məxsus "qaraj"ların qarşısında saxlayıb çıxıb gedirlər. Bir sözlə, maşınlar orada hərəkət istiqamətinə perpedikulyar olaraq, ya da iki cərgədə bir-birilə paralel binalara sıxılmış vəziyyətdə yerləşirlər. Belə halların əksəriyyətində kim olmasından asılı olmayaraq azyaşlı, uşaq arabası ilə hərəkət edən qadın, əlil ya qoca piyadalar məcbur olub yolun olduqca gur olan hərəkət hissəsinə çıxırlar. Bu da onların həyatlarını itirmək riskini artırır". Halbuki mövcud qanunvericiliyə görə, nəqliyyat vasitələrinin yol, prospekt və küçələrdən dayanacaq kimi istifadə etməsi qadağandır. Lakin görünən odur ki, Təlim-Tədris Mərkəzin zabit və gizir heyəti üçün bu qadağalar keçərli deyil. Elə sözügedən ərazidə tıxacların yaranma səbəblərindən biri də Təlim-Tədris Mərkəzinin əməkdaşlarının avtomobillərinin harda gəldi park edilməsidir. Bu arada, qeyd edək ki, ekspertlərin bir çoxu bu sahədəki problemin həlli üçün müvafiq qurumların həyata keçirdikləri reydlərin sayının artırılmasını təklif edirlər. Onların fikrincə, aidiyyəti üzrə icra qurumları - yol polis əməkdaşları, Nəqliyyat Nazirliyinin müvafiq idarələri, həmçinin digər orqanlar avtomobillərin qadağan edilən ərazilərdə saxlanılması hallarına qarşı konkret və sərt tədbirlər həyata keçirməlidirlər. Çünki yalnız bu yolla sözügedən tendensiyanı azaltmaq, Şəfayət Mehdiyev küçəsi 77 və 79-cu binaların sakinlərinin normal gediş-gəlişini təmin etmək mümkündür. Lakin nədənsə aidiyyəti qurumlar məsələyə dırnaqarası yanaşırlar. Halbuki ərazi bölgüsünün düzgün həyata keçirilməməsi, yolların kənarında dayanan maşınlar əhali üçün əlavə problemlər yaradır, tıxaca səbəb olur. Nəzərinizə çatdıraq ki, vaxtilə ölkə başçısının imzaladığı tədbirlər planında Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi qarşısında müvafiq tələblər qoyulmuşdu. Əgər vaxtında həmin tələblər planına lazımi şəkildə əməl olunsaydı, o zaman bu gün Şəfayət Mehdiyev küçəsi 77 və 79-cu binaların sakinləri Təlim-Tədris Mərkəzinin zabit və gizir heyətinin məsuliyyətsiz hərəkətlərinin qurbanına çevrilməzdilər… Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |