Əsas Səhifə > Güney Press / Ana xəbər > Şaban İbrahimov üzləşdiyi haqsızlıqdan cana doyduğunu deyir
Şaban İbrahimov üzləşdiyi haqsızlıqdan cana doyduğunu deyir21-02-2015, 14:10 |
![]() Oğlu Azər İbrahimovun qanunsuz həbs olunması ilə bağlı 2011-ci ildən indiyədək müvafiq orqanlara dəfələrlə müraciət edən Yardımlı rayon Horavar kənd tam orta məktəbinin müəllimi Şaban Rəhim oğlu İbrahimovun üzləşdiyi problem hələ də öz həllini tapmayıb. Müəyyən səbəblər üzündən haqq səsinin aidiyyəti qurumlara çatmadığını vurğulayan şikayətçinin sözlərinə görə, 2011-ci ildə oğlu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsilə həbs olunub. Məhz bu işlə bağlı istintaqı 3 ayrı müstəntiqin apardığını deyən Şaban İbrahimov bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyilə keçirilən məhkəmə prosesində oğlu 1000 manat cərimə olunmaqla məhkəmə zalından azadlığa buraxılıb: "Lakin sonradan ittiham prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyilə keçirilən məhkəmədə oğlumun 1000 manat cəriməsi 500 manat cərimə ilə əvəz olunaraq qərar qüvvəsində saxlanıldı. İttiham prokuroru bu dəfə Ali Məhkəməyə kassasiya protesti verdi. İşə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyilə baxılaraq 2-ci apellyasiya baxışına qaytarıldı. Qeyd edim ki, oğlum ilə birlikdə həbs olunmuş və daha sonra azadlığa buraxılmış Tural Əhmədov Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzova məhkəmə prosesində bildirdi ki, mən cəzamı çəkib ölkə başçısının imzaladığı fərmanla azad olunmuşam. Daha məndən nə istəyirsiniz? Deməli, hakim İlqar Murquzov qanunları tapdalamaqla ölkə başçısının fərmanına da əhəmiyyət vermir. Hakim İlqar Murquzov hər məhkəmə prosesində oğlumun günahsız olduğunu bildirərək hər iki hakimin qərarının tam obyektiv və ədalətli olduğunu bəyan edirdi. Çox təəssüf ki, 03 aprel 2014-cü il tarixdə gözlənilmədən İlqar Murquzov oğlumu həbs edəcəyini bildirib məndən açıq-aşkar 15 min manat pul tələb etdi ki, oğlumu həbs etməsin. Halbuki oğluma verilmiş ittiham yalnız "zərirçəkən"in sözünə əsaslanır. O "zərərçəkən" ki, verdiyi məlumatların yalan olması məhkəmə istintaqı zamanı tam sübuta yetirildi. Belə ki, "zərərçəkmiş" Ruhin Məmmədov ifadəsində göstərir ki, 2008-ci ilədək Gəncə şəhərində yaşamış, 2008-ci ildə Rusiyaya getmiş və 2010-cu ildə Bakıya gəlmişdir. Həmçinin Tural Əhmədovu tanımır. Bundan başqa, oğlum ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş amnistiya aktına əsasən cəzadan azad edilsə də, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov həmin sərəncamı nəzərə almayıb və oğlumun həbsdə qalması üçün əlindən gələni edib". Şikayətçi iddia edir ki, oğlunun başına gələn müsibət, eləcə də Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun ədalətsizliyi onu intihar həddinə çatdırıb: "İlqar Murquzov məni uzun müddət süründürüb. O, həmişə mənə deyim ki, sənin uşağında günah yoxdur, onu mütləq buraxacağıq. Lakin sonradan qəfil mövqeyini dəyişdi. Bu qədər şikayət eləmişəm, ancaq hələ də bir aidiyyəti orqan məni çağırıb soruşmayıb ki, səni kim və nə üçün bu günə salıb? Mən artıq bu cür ədalətsizliyə dözə bilmirəm, üzləşdiyim haqsızlıqdan cana doymuşam. Oğlum günahı olmadığı halda nə üçün həbsdə olmalıdır?.." Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq. Geri qayıt |