Əsas Səhifə > Güney Press / Ana xəbər > Yasamalın icra başçısı Bakı merini necə aldada bilib...

Yasamalın icra başçısı Bakı merini necə aldada bilib...


2-02-2015, 11:07
Yasamalın icra başçısı Bakı merini necə aldada bilib...
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeyri-qanuni inşa olunmuş kommersiya obyektinin fəaliyyəti ilə bağlı yaşanan gərginlik getdikcə artmaqdadır. Ötən saylarımızda dərc etdiyimiz materiallarda biz artıq göstərmişdik ki, “Soltanlı” dönər evindən, “Fatimə” adlanan aptekdən, kontur satışı məntəqəsindən, “Başkənd” şirniyyat evindən və daha bir neçə ticarət nöqtələrindən ibarət olan bu kommersiya mərkəzini icarə əsaslarında işlədən Elman Hüseynov bu obyektlərdən əldə olunan gəlirləri müxalifət qüvvələrinin maliyyələşdirilməsinə yönəldir. Belə ki, Elman bəyin əmisi oğlu Zöhrab Məhərrəmovun bu gün də Müsavat partiyasının təbliğat komitəsinə rəhbərlik etməsi, artıq bu maliyyə qaynağının təyinatı barədə fikir söyləməyə ciddi əsas verir. Digər tərəfdən isə bu obyekt Abbas Mirzə Şərifzadə küçəsi 514-518 ünvanında yerləşən binanın sakinlərini metro stansiyasının girişinə çıxaran yolun düz üzərində inşa olunub. Əslində elə məhz bu məqam da obyektin ətrafında yaşanan gərginliyi şərtləndirir. Mövzuya dair dərc etdiyimiz son materialda biz baş verənlərə guya ki, Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin diqqətini cəlb etmək istəmişdik. Halbuki, bu obyektin təməlinin qoyulduğu andan rayon rəhbərliyinin bütün bu qanunsuzluqlardan xəbərsiz olduğunu düşünmək belə absurddur. Digər tərəfdən də qanunsuz tikilinin inşasına razılıq vermiş İbrahim Mehdiyev həm bu faktın özünü, həm də ətraf bina sakinlərinin keçirdikləri etiraz aksiyası zamanı yer almış ölüm hadisəsini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da diqqətindən yayındırmağa müvəffəq olmuşdur. Yasamal rayon sakinlərinin hüquqlarının pozulmasına gəlincə isə, demək lazımdır ki, bu təcrübə İbrahim Mehdiyev üçün heç də ilk deyil. Belə ki, bu məmur rayona başçı təyin olunduğu ilk günlərdən burada hər türlü özbaşınalıqlara rəvac verməklə diqqəti cəlb etmişdi. Başçı o zaman da “İnşaatçılar” metro stansiyasının həndəvərindəki beşmərtəbəli binaların altını satmağa qərar verməklə sakinlərin hüquqlarını pozmuş, hətta onlar üçün həyati təhlükənin yaranmasına səbəb olmuşdu. Belə ki, alt mərtəbələri alan işbazlar qazıntı apararaq zirzəmi yaradır, bununla da həm binanın sakinləri üçün əsil təhlükə törədir, həm də nəqliyyat xidmətindən əlavə stateji vəzifə daşıyan metropoliteni təhdid qarşısına qoyurdular. O da məlumdur ki, rayonun müxtəlif məhəllələrində satış üçün ərazilərin əldə olunması məqsədilə bu gün də ağaclar kəsilir, yerində qanunsuz tikintilər aparılır. İş o yerə çatıb ki, hətta məhəllələrdə sakinlərin öz imkanları hesabına inşa etdikləri xeyir-şər evlərinin yerləri də RİH-nin mənsubları tərəfindən xüsusi mülk kimi başqalarına satılır. Əlbəttə ki, bütün bunlar İbrahim Mehdiyevin “xeyir-dua”sı ilə baş verir.

Məlum olduğu kimi bu il ölkəmizdə ilk Avropa Oyunları keçiriləcəkdir. Təbii ki, bu dünya miqyaslı beynəlxalq idman tədbiri ilə əlaqədar olaraq, ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri daha da sürətlənmiş, görülən işlərin miqyası da artmışdır. O cümlədən Bakı metrosunun demək olar ki, bütün stansiyalarında da təmir və bərpa işləri aparılır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkə prezidenti cənab İlham Əliyevin məxsusi olaraq metro stansiyalarının təmiri ilə bağlı işləri şəxsən diqqət mərkəzində saxlaması, artıq bu işlərin əhəmiyyətindən xəbər verir. Təbii ki, “İnşaatçılar” stansiyasının giriş-çıxışında aparılan rekonstruksiyaların gedişində sözügedən obyektin söküləcəyi də labüddür. Lakin bütün bunların fonunda Yasamal RİH-nin başçısının son anadək müxalifətin bu maliyyə qaynağını mühafizə etməsi, obyektin mümkün qədər çox fəaliyyətdə olması üçün bütün imkanlarını səfərbər etməsi bir çox başqa suallar doğurur...
\\ bizimdovr.az \\
Geri qayıt