Əsas Səhifə > Güney Press / Ana xəbər > Binə qəsəbəsinin sakinləri başçının adamından narazıdırlar...
Binə qəsəbəsinin sakinləri başçının adamından narazıdırlar...30-01-2015, 12:54 |
![]() Artıq neçə müddətdir ki, paytaxtın Xəzər Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin yarıtmaz fəaliyyətlərinə dair məlumatlar müxtəlif instansiyalara daxil olmaqdadır. Qəzetimizin ötən saylarında dərc etdiyimiz tənqidi materiallarda rayonun Qala, Şüvəlan və Türkan qəsəbələrində müşahidə olunan neqativ hallara dair açıqlamalar təqdim olunmuşdu. Bu xüsusda yeni aldığımız məlumatlarda isə mənbələr analoji vəziyyətin Binə qəsəbəsində də mövcud olduğunu bildirirlər. Yerli sakinlərdən aldığımız şikayət məktublarında bildirilir ki, Xəzər RİH başçısının Binə qəsəbə nümayəndəsi Tahir Əliyev yol verdiyi qanun pozuntularına görə heç də öz həmkarlarından geri qalmır. Xüsusilə son vaxtlar bu məmurun qəsəbədə törətdiyi özbaşınalıqlar yerli sakinlərin ciddi narazılıqlarına səbəb olur. Ötən materiallarda biz artıq qeyd etmişdik ki, Xəzər RİH başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin, Qala qəsəbəsi üzrə nümayəndə Məzahir Hüseynovun və Şüvəlan qəsəbə bələdiyyəsinin sədri İlham İslamovun törətdikləri qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət içərisində yaşamalarına səbəb olur. Həm də ötən saylarımızda biz aldığımız məlumatlar əsasında bu məmurların yarıtmaz fəaliyyətlərinə dair ayrı-ayrılıqda tənqidi materiallar da dərc etmişdik. Həmin məlumatlara görə son 4-5 il ərzində Rahil Babayev bir neçə dəfə növbə ilə Xəzər RİH başçısının Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub.Məzahir Hüseynov barədə aldığımız məlumatlarda isə qeyd olunmuşdu ki, o, icra nümayəndəsi vəzifəsinə təxminən 2-3 il bundan əvvəl təyin olunub. Həm də yerli kadrlardan olmayan bu məmurun təyinatı birbaşa onun Xəzər RİH-nin başçısı Gülağa İslamovla quda olması faktına əsaslanıb. Buna görə də Məzahir Hüseynovun törətdiyi əməllər qəsəbədə nəzərəçarpacaq dərəcədə gərginlik yaranmasına şərait yaradır. Binə qəsəbəsi üzrə nümayəndə Tahir Əliyevin fəaliyyətinə gəlincə isə, bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, bu gün qəsəbə sakinləri çoxsaylı problemlərdən əziyyət çəkirlər. Xüsusilə qəsəbənin yolları, ictimai nəqliyyatı və kommunikasiya xətləri acınacaqlı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, yollar çala-çuxur, zibillik və palçıq içindədir: “Dərdimizi kimə deyək, artıq bilmirik. İcra nümayəndəsinin başı torpaq satmağa, pul qazanmağa qarışıb. Vətəndaşları heç yaxınına belə buraxmır. Binə qəsəbəsi şəhərdən o qədər uzaq deyil. Ancaq qəsəbəyə baxın, elə bil ucqar dağ kəndidir. Palçıq içindədir. Gərək gəmi olsun, bu yollardan keçəsən...” Bir başqa şikayət ərizəsində isə sakinlər deyirlər ki, Bakı və onun ətrafındakı qəsəbə və kəndlərin inkişafını nəzərdə tutan dövlət proqramı sanki Binəyə aid deyil: “İndi artıq 2015-ci ildir. Amma bizdə heç nə dəyişməyib. Binə qəsəbəsində yolları görəndə, adam evdən çıxmaq, işdən qayıtmaq istəmir. Biz hər il eyni əziyyəti çəkirik. Bir az yağış və ya qar yağan kimi yollarımız olur bataqlıq. Sanki hansısa ucqar kənddə yaşayırıq. Tamamilə biabırçılıqdır. Səhər durub işə gedirik, iş yoldaşlarımızın arasında utanırıq. Ayaqlarımız palçıq içində olur. Evə gələndə bilmirik marşrutdan necə düşək ki, ayağımız palçığa batmasın.”Təəssüflər olsun ki, Xəzər RİH-nin başçısı cənab Gülağa İslamov hələ də qəsəbələr üzrə nümayəndələrinin fəaliyyətlərini nəzarətə götürə bilmir. Bəlkə də bu fikirlə çoxları razılaşmayacaq, amma biz hər halda Gülağa müəllimin qəsdən baş verənlərə göz yummasına inanmaq istəməzdik. Hər halda Xəzər Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinə qarşı irəli sürülən ittihamlara münasibət bildirmək istəyən olarsa, biz qarşı tərəfin də mövqeyini dərc etməyə hər zaman hazırıq. \\ bizimdovr.az \\ Geri qayıt |