Əsas Səhifə > Güney Press / Ana xəbər > Dolanışğını Rusiyadan təmin edən azərbaycanlılar böyük bəlada
Dolanışğını Rusiyadan təmin edən azərbaycanlılar böyük bəlada21-01-2015, 13:06 |
![]() Rusiyada rublun dollar və avro qarşısında kəskin ucuzlaşması ölkənin iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir. Rusiyanın bəzi şəhərlərində yaşayan azərbaycanlılar yaranan vəziyyətlə bağlı çıxış yolları axtarırlar. Bəzi həmyerlilərimiz bu ölkədə olan biznes fəaliyyətini dayandırıb, bəziləri isə vəziyyətin stabilləşəcəyinə ümid edirlər. Rusiyanın Krasnoyarsk vilayətində biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərimizdən biri vəziyyətin çox çətin olduğunu deyir. Son aylar Rusiyada ticarət dövriyyəsi getdikcə aşağı düşməkdədir. Qiymətlərin durmadan artması fonunda dövriyyədə 50 faiz azalma müşahidə olunur: “Hamı qənaətlə yaşamağa başlayıb. Satdığın malın əvəzinə həmin qiymətə mal tapmaq mümkün deyil. Azərbaycana pul göndərən isə demək olar ki, yox səviyyəsindədir.” Bunun isə bir sıra səbəbləri var: “Çünki özləri burada güclə dolanırlar. Üstəlik Azərbaycana göndərdikləri pul qəpik-quruş olub. Azərbaycanlıları Rusiyada aclıq və səfalət gözləyir. Əksəriyyəti pensiya və ya müavinət də almır ki, bu çətin günlərdə dolansın.” Həmyerlimiz onu da qeyd etdi ki, bir çox insan Rusiyada biznesi ilə vidalaşıb: “Bir məsələni dəqiq qeyd edim ki, Rusiyada gəlir vergisi 2 dəfə qalıdırlıb. Bu da qazanca pis təsir göstərən amillərdəndir.” Əmlak bazarında vəziyyətə gəldikdə isə azərbaycanlı biznesmen vurğuladı ki, bu sahədə də durğunluq hökm sürür: “Şirkətlər müəyyən aksiyalar həyata keçirsələr də, bunun da köməyi olmur. 3 otaqlı mənzil yeni tikilən binalarda 12 milyon rubldur. Alana 1,5 milyon rubl dəyərində qaraj hədiyyə olunsa da, bazarda alıcı yoxdur. Təkrar bazarda isə endirim təxminən 3 milyon rubldur.” Rusiyada yaşayan həmyerlilərimiz deyir ki, hazırda burada banklardan kredit almaq çox çətinləşib. Kredit verərkən çox ehtiyatlı davranırlar. Əsasən xaricdən gələn məhsullar da bahalaşıb: “Qida, xarici avtomobil, geyimin qiymətlərində çox artım var.” Onlar bildirir ki, Rusiya bazarının yaxşılaşacağına ümid olmadığından Azərbaycana qayıtmağı düşünürlər: “Hərə bir yolla böhrandan nisbətən az itki ilə qurtulub Azərbaycana qayıtmaq istəyir. Ümidlər özünü doğrultmadı. Deyilənə görə 1 dollar hətta 150 rubla qədər qalxacaq. Bu isə çox qorxulu rəqəmdir.” Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd olan Dağıstan Muxtar Respublikasının Xasavyurt şəhərində ticarətlə məşğul olan Rövşən Zeynalov da vəziyyətin çox acınacağlı olduğunu deyir. Onun sözlərinə görə, bir çox azərbaycanlılar artıq burada olan biznesləri ilə vidalaşıb ölkəyə qayıdıblar: “Əvvəllər Rusiyanın digər bölgələrində borca malı alıb gətirmək olurdu. Bu da həmyerlilərimizin biznes fəaliyyətinin inkişafına müsbət təsir göstərirdi. İndi isə borca mal almaq da olmur. Dolların bahalaşması borca mal verənlərə də təsir göstərib. Üstəlik biz də bəzi müştərilərimizə borca mal verirdik. Onlar da 2-3 aydan sonra pulumuzu gətirirdilər. Təsəvvür edirsiz, 3 ay bundan qabaq 50 min rubl borca mal verəndə bu məbləğ 1500 dollar edirdisə, indi isə həmin pul təxminən 800 dollar edir. Burada iki dəfə ziyana düşürük. Belə getsə burada olan bütün azərbaycanlılar kütləvi şəkildə ölkəyə qayıdacaq.” Bir sözlə, Rusiyaya pul qazanmaq üçün üz tutanlar hazırda çətin vəziyyətdədirlər. İqtisadçı ekspert Rəşad Həsənov da Rusiyadakı vəziyyətin düzələcəyi ilə bağlı proqnoz verməyin çətin olduğunu deyir. Rusiya iqtisadiyyatında olan resessiyanın azərbaycanlı biznesmenlərin də gəlirlərinin azalmasını və fəaliyyətlərinin davam etdirilməsi üçün ciddi problemlər yaradacağını deyir: “Dollar və avro ilə öhdəliklər varsa, bu öhdəliklərin yerinə yetirilməsi təqdirdə biznesmenlər ciddi problemlərlə üzləşəcəklər. Digər tərəfdən ciddi daralma daxili tələbatın aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da bütün sektorlarda, yəni istehsal və xidmət sektorunda fəsadlarla müşayət olunacaq. Azərbaycanlı biznesmenlərin iqtisadi fəaliyyəti daralacaq, gəlirləri aşağı düşəcək. Gözlənilir ki, bir çox biznesmenlər 2015-ci ildə fəaliyyətlərini davam etdirərlərsə, ciddi zərərlərlə üzləşsinlər və iflas etsinlər.” Rusiyada 1 dolların 150 rubla qalxacağı və məsələlərin gələcək inkişafı ilə bağlı proqnoz verməyin çətinliyini bildirən R. Həsənov qeyd etdi ki, neftin qiymətinin kəskin şəkildə ucuzlaşması, eləcə də Vahid Ələkbərov kimi bir biznesmenin neftin qiymətinin 25 dollara qədər enəcəyi ilə bağlı ehtimal səsləndirməsi vəziyyəti daha da müətrəkkəbləşdirir: “Yəni proqnoz vermək çətinlik yaradır. Həqiqətən də neftin qiyməti 25 dollara düşərsə, bu zaman təbii ki, gözlənildiyi kimi 1 dollar 150 rubla qədər bahalaşa bilər. Rusiyanın valyutası hətta 4 dəfə devalyasiyaya uğrayar ki, bu, artıq defolt deməkdir. Bloomberq agentliyinin proqnozuna görə mart ayında 1 dolların qiyməti 100 rubla qədər bahalaşacaq. Artıq baş verən proseslərin dinamikası onu göstərir ki, bu proqnozun dorğulma ehtimalı artır.” Vəziyyətin belə davam edəcəyi isə yaxşı sonluq vəd etmir: “Bu, Rusiya iqtisadiyyatında yaşanan kataklizmlərdən, hökumətin sərgilədiyi mövqedən asılı olacaq. Rusiya hökuməti iddiaçı siyasətindən əl çəkməzsə, Ukrayna ilə olan münasibətləri normallaşdırmazsa, vəziyyətin bu səviyyəyə gəlib çıxacağı qaçılmazdır. Belə olan təqdirdə Rusiya borca düşəcək, beynəlxalq borclarını qaytara bilməyəcək. Böyük ehtimalla Rusiyada sosial narazılaqılar olacaq. Bunun təsiri hətta siyasi böhran yaşada bilər.” Geri qayıt |