Əsas Səhifə > Güney Press / Ana xəbər > “A.M.A.Y. Abdulla” məhkəmə zalından azad ediləcək

“A.M.A.Y. Abdulla” məhkəmə zalından azad ediləcək


17-01-2015, 11:26
“A.M.A.Y. Abdulla” məhkəmə zalından azad ediləcək
“A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin məhkəmə zalından azad olunacağı haqda 6 yanvar sayımızda xəbər dərc etmişdik. Yanvarın 15-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin açıqlamasını A.Abdullayevin azad ediləcəyinə işarə saymaq olar. İdarə rəisi bildirib ki, cinayət işi üzrə 48 milyon mənimsəmə faktı aşkarlanıb, həmin məbləğin 43 milyonunun ödənilməsi təmin edilib. Məbləğin digər hissəsi ilə bağlı əmlakın müsadirə edilməsi tapşırılıb.

Yada salaq ki, yanvarın ilk günlərində A.Abdullayevin cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Onu hələ ibtidai istintaq dövründə azad etmək istəyirdilər. Həmin razılaşmaya görə, A.Abdullayev ittiham aktında mənimsədiyi kimi göstərilən pulları büdcəyə ödəməli, bunun müqabilində barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməli idi. Lakin sonradan əldə olunan razılaşma pozulmuşdu.

K.Əliyevin açıqlaması onu deməyə əsas verir ki, A.Abdullayevin ittiham tərəfi ilə ibtidai istintaq dövründə əldə etdiyi və sonradan pozulan razılaşması məhkəmədə gerçəkləşmək üzrədir. Qanunvericiliyə görə, külli miqdarda mənimsəmə faktları barədə cinayət işi başlanıbsa, mənimsənilən məbləğ tam ödənildikdə belə, cinayət işinə xitam verilmir, sadəcə, həmin şəxs barəsində daha yüngül cəza tədbiri seçilir və məhkəmədə ziyanın ödənilməsi “yüngülləşdirici” hal kimi nəzərə alınır. İdarə rəisinin “yumşaq” açıqlamasını A.Abdullayevin məhkəmə zalından azad ediləcəyi təqdirdə istintaq orqanının protest vermək hüququndan istifadə etməyəcəyi kimi də başa düşmək olar. Təbii ki, razılaşma növbəti dəfə pozulmasa.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İlkin istintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. /musavat

Geri qayıt