Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizovun yaxın dostu yaşıllıqların qəsdinə necə durub
Eldar Əzizovun yaxın dostu yaşıllıqların qəsdinə necə durub16-01-2015, 12:01 |
![]() Son vaxtlar ölkənin ən böyük şəhərlərindən biri hesab edilən Sumqayıtda qanunsuz tikililərin sayı xeyli artıb. Eldar Əzizov şəhərə icra başçısı təyin olunduğu ilk vaxtlarda görüntü yaratmaq naminə yol kənarında, habelə məhəllə aralarında yerləşən bəzi ticarət obyektlərini buldozer qabağına verdi. Qeyd edək ki, söküntüyə məruz qalan obyektlər əsasən xırda dükan və mağazalar idi. İri ticarət obyektlərinin isə heç birinə toxunulmadı. Bunun səbəbini heç biz də bilmirik. Hörmətli Eldar müəllim bir yandan sənədləri qaydasında olmayan obyektləri sökdürür, digər yandan isə yaşıllıqların məhv edilərək yerində hürdürmərtəbəli yaşayış binalarının, həmçinin müxtəlif ictimai-iaşə obyektlərinin tikintisinə icazə verir. Xatırladaq ki, ötən ilin ortalarında Sumqayıtda böyük səs-küy qopmuşdu. Belə ki, Sumqayıt şəhərinin 14-cü məhəllə 1a 3b-nin sakinləri Aslan Abbasov adlı iş adamının əlindən təngə gəldiklərini bildiriblər. Sakinlər mətbuata ünvanladıqları şikayətlərində Aslan Abbasovun adıçəkilən məhəllənin qarşısında ağacları kəsib bina tikmək istədiyini demişdilər: "Aslan adlı sahibkar qarajları söküb istilik qazanxanası tikmək istəyir. Halbuki qarajların düz yanında işlək vəziyyətdə olan qazanxana var. O qazanxananı bəhanə edib göydələn ucaltmaq niyyətindədir. Bizim bina ilə tikilən binalar arasındakı məsafə göz qabağındadır. Bina bu ərazidə tikilsə, bizim binanın pəncərələri ilə həmin binanın divarı bitişəcək. Aşağıdakı binanı elə tikiblər. İki dəqiqədən bir polislə bizi qorxudurlar ki, sizi tutdurarıq, öldürərik və sair. Aslan adlı sahibkar deyir ki, bir gecədə buranı traktorla şumlatdıraram, heç kim də mənə bir söz deyə bilməz. 16 saylı məktəbin idman müəllimi Fazil müəllim bu haqsızlığa dözməyib dünyasını dəyişdi. Ağacların kökünü gecə gəlib mişarlayırlar ki, qurusun. Burada nə qədər ağacı Aslan müəllim kəsdirib. Yanına gedəndə deyir ki, mənlik deyil. Dövlət Reyestr Xidmətindən bütün qarajlar keçib və hamısının da sənədi var. 4000 dollar qarajın tikintisinin pulu eləmir. Amma qabaqdakı binanın kvadratını 850 manatdan satır". Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, Aslan Abbasov 15 ildən artıqdır Sumqayıtda çoxmərtəbəli binalar tikdirir. Mənbənin bildirdiyinə görə, maliyyə imkanları hədsiz dərəcədə geniş olan tikinti maqnatının icra başçısı Eldar Əzizovla münasibətləri çox yaxşıdır: "Eldar müəllimin Sumqayıtdakı bütün tikinti işlərinə məhz Aslan Abbasov nəzarət edir. Biznesmen başçı vəzifəyə qoyulan kimi onunla münasibət yaratdı. Onlar yaxın dosta çevriliblər. Sumqayıtda inşa olunan hündürmərtəbəli binaların əksəriyyəti ona məxsusdur. Onun işlərinə heç kim müdaxilə edə bilmir. Şəhərin keçmiş rəhbərliyinin dövründə də Aslan müəllim tikinti layihələrini çox rahatlıqla həyata keçirib. Eldar Əzizov Sumqayıtın icra başçısı təyin olunandan sonra Aslan müəllimin tikinti layihələri bir qədər də artıb. İş adamının göydələn biznesindən savayı saysız-hesabsız ticarət obyektləri var. Aslan Abbasov binaların bir çoxunu yaşıllıq sahələrini məhv edərək tikdirib. Son illər ərzində şəhərdə ağacların kütləvi şəkildə qırılması məhz bu iş adamının adı ilə bağlıdır. Sakinlərin əzab-əziyyətlə əkib böyütdüyü ağaclar bir gecədə məhv edilir. Sumqayıt camaatı sahibkarın qanunsuz əməllərindən beziblər. Şəhər İcra Hakimiyyətinin rəhbərliyi isə iş adamının törətdiyi "yaşıl soyqırım"ı görməzdən gədir. Bir müddət əvvəl 6-cı mikrorayon ərazisində ağacların kəsilməsi camaatı ayağa qaldırmışdı. Hətta sakinlər bu prosesin dayandırılması üçün icra başçısına müraciət də etmişdi. Lakin heç bir faydası olmadı. Eldar Əzizovdan xeyir-dua alan Aslan müəllim hansı ərazini bəyənirsə, orda bina tikdirir". Bizə çatan başqa bir məlumata görə, hər keçən gün maliyyə durumunu yaxşılaşdıran və obyektlərinin sayını artıran iş adamı bu yaxınlarda Yasamal rayonu ərazisində, daha dəqiq desək, "İnşaatçılar" metrostansiyasının bir neçə metrliyində dəyəri 2 milyon manata yaxın olan obyekt alıb. Deyilənə görə, həmin obyektə polis rəislərindən biri də şərikdir: "Biznesinin əsas hissəsini Sumqayıtda quran Aslan Abbasov Bakı və digər bölgələrdə də müxtəlif biznes layihələri həyata keçirməkdədir. O polis rəislərindən biri ilə şərikli olaraq qiyməti 2 milyon manata yaxın olan obyekt alıb. Beləcə, maliyyə dayaqlarını daha da möhkəmləndirib". Məlumatda həmçinin Aslan Abbasovun bu il keçiriləcək parlament seçkiləri barədə planlarından da söz açılır. Qaynağımızın bildirdiyinə görə, iş adamı parlament seçkilərində Sumqayıtdan namizədliyini vermək niyyətindədir. Deyilənə görə, bu məsələdə Eldar Əzizov ona lazım olan köməkliyi göstərəcəyinə dair söz verib. Qeyd edək ki, cənab prezident mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə ağacları kəsməməyi, o cümlədən bu kimi neqativ hallara göz yummamağı tapşırıb. Eldar Əzizovun dostu Aslan Abbasov isə yaşıllıqları məhv edib yerində göydələn ucaldır. İnanırıq ki, yuxarı instansiyalarda təmsil olunan yüksək rütbəli şəxslər iş adamının Sumqayıtda törətdiyi qanun pozuntularının qarşısını tezliklə alacaq və onu necə lazımdırsa cəzalandıracaqlar. Qarşı tərəflərin də cavab haqqını tanıyırıq. \\ gundelik-baku.com \\ (Ardı var) Geri qayıt |