Əsas Səhifə > Güney Press / Ana xəbər > Gədəbəy sakini Ramiz Rzayevə müraciət etdi

Gədəbəy sakini Ramiz Rzayevə müraciət etdi


15-01-2015, 14:49
Gədəbəy sakini Ramiz Rzayevə müraciət etdi
Azərbaycanın məhkəmə sistemində aparılan islahatlara baxmayaraq, vətəndaşların süründürməçiliyə salınması prosesi hələ də davam edir. Əksər məhkəmələrdə bu problem aradan qaldırılsa da, bəzi hakimlər əvvəlki əməllərindən əl çəkmir. Nəticədə, vətəndaşların hüquqları pozulur. Redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu da hüquqlarının məhkəmələr tərəfindən pozulduğunu bildirir.
Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayevə və “Təzadlar” qəzetinə üz tutan M.Məmmədov bildirir ki, o vaxtilə Gədəbəy rayonundakı 5 saylı Körpü Tikinti İdarəsində işləyib. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib: “Qəzadan sonra 5 saylı Körpü Tikinti İdarəsinin verdiyi xəsarət aktına əsasən, sağlamlığımı itirdiyim üçün əmək xəsarətinə görə 3 il doqquz ay idarə tərəfindən mənə kompensasiya ödənilib. Eyni zamanda iş yoldaşlarımın şahidliyi ilə sübuta yetirilib ki, mən Ağdam rayonundan Gədəbəy rayonunun Şınıx bölgəsinə və Başkəndə silah-sursat gətirərkən Gədəbəy rayonunun Qaradağ ərazisində avtomobil qəzasına düşərək, 60 faiz sağlamlığımı itirmişəm.
İndi vaxtilə mənə verilən aktı “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia qaldırıb ki, həmin akt etibarsız sayılsın. Sual olunur, əgər 22 il əvvəl tərtib olunaraq idarə tərəfindən mənə verilən akt saxta idisə, nə üçün mənə 3 il doqquz ay kompensasiya ödənilib? Hazırda “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu Ali Məhkəmənin kollegiyasına kassasiya şikayəti verib ki, mənə idarə tərəfindən verilən akt məhkəmə tərəfindən ləğv edilsin.
Gəncə Şəhər Apellyasiya Məhkəməsinin hakimi Zərbəli Zərbəliyev apellyasiya şikayətimə əsasən Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun mənə qarşı çıxartdığı ədalətsiz qərarı ləğv edib. Ancaq buna baxmayaraq, “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi İ.Tomiyev mənə hədə-qorxu gələrək bildirir ki, guya onun işlədiyi ASC-nin sədr müavini Aqibət Məmmədov Baş prokuror Zakir Qaralovun qohumudur, ona görə də yuxarı təşkilatlara şikayət vermə.
Möhtərəm Ramiz müəllim!
Əgər kimlərinsə yüksək vəzifələrdə qohumu varsa, o zaman olmayanlar nə etsinlər? Odur ki, sizdən xahiş edirəm, “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu tərəfindən Ali Məhkəmənin Məhkəmə Kollegiyasına verilən kassasiya şikayətinə baxılarkən ədalətli qərar çıxarılmasına nəzarət edilsin.
Onu da qeyd edim ki, Ali Məhkəmənin hakimi İlqar Dəmirovun icraatında olan kassasiya şikayətinə (iş nömrəsi: 2(102)-431/15) 12 fevral 2015-ci il tarixdə baxılacaq”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt