Əsas Səhifə > Güney Press / Ana xəbər > “Bakı kəndlərində əhaliyə məxsus torpaq fondunu talayırlar”
“Bakı kəndlərində əhaliyə məxsus torpaq fondunu talayırlar”15-01-2015, 12:03 |
![]() Bakı Dirçəliş İB: “Buzovna, Nardaran, Mərdəkan, Şüvəlan, Zirə, Binə, Keşlə, Bülbülə və Əmircanda bütün torpaq fondları bəzi məmurlar tərəfindən satılıb” DİA.AZ: - “Bakının və Abşeronun qəsəbə və kəndlərində işsizlik problemi hələ də aktualdır. Bakı kəndləri əhalisinin rifahı tarixən bağçılıq, bostancılıq və əkinçiliyə əsaslanıb. 80-ci illərdən sonra kəndlərdə sakinlər ənənəvi məşğuliyyətlərini itiriblər”. DİA.AZ bildirir ki, bu fikirlər “Bakı Dirçəliş” İctimai Birliyinin Bakıətrafı, xüsusilə qəsəbə tipli paytaxt rayonlarının sosial problemlərinə həsr olunmuş geniş yığıncaqda səslənib. Qeyd olunub ki, xüsusən də insanların maldarlıq məşğuliyyətinə açıq şəkildə qadağalar qoyulub: “Maldarlığın sıradan çıxmasının əsl səbəbi örüş yerlərinin müəyyən şəxslər tərəfindən nəzarətə götürülməsidir. Ənənəvi sahələrdən olan balıqçılıqla məşğul olmağın da qarşısı alındı. Xəzərboyu zolaq, qayalar, zərrin qumlar da vəzifə sahiblərinin şəxsi mülkünə çevrilib”. Diqqətə çatdırılıb ki, kəndlərdə əhaliyə məxsus olan torpaq fondlarının qanunsuz şəkildə talanması və özəlləşdirilməsi vəziyyəti bu istiqamətdə tamamilə çətinləşdirib. Buzovna, Nardaran, Mərdəkan, Şüvəlan, Zirə, Binə, Keşlə, Bülbülə və Əmircanda bütün torpaq fondları bəzi məmurlar tərəfindən satılıb. Maştağa, Buzovna və Mərdəkanın isə torpaq fondları yoxdur. Bu isə yerli əhalinin məişət və təsərrüfat həyatına ciddi şəkildə mənfi təsirini göstərir. Bu gün torpaqların kütləvi şəkildə zəbt olunması, xüsusilə, Abşeron rayon rəhbərliyinin torpaqları özünün şəxsi mülkiyyəti kimi hərraca çıxarması bütün Bakı ətrafı kəndlərdə torpaqsızlıq problemi yaradıb. Bu isə gənclər arasında işsizliyə və tüfeyli həyat tərzinə səbəb olur, nəticədə heç bir ixtisası, sənəti və işi olmayan neqativ düşüncəli gənclərin sayı çoxalır, narkomaniyaya meyllilik artır. Belə vəziyyətdən bəzi düşmən qüvvələr istifadə etməyə çalışır, gənclərin müxtəlif dini oriyentatsiyalara cəlb edir, onlardan Azərbaycan dövlətçiliyi əleyhinə istifadə etməyə çalışırlar. Bəzi rayonların, əsasən, Pirallahı, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi və Abşeron rayonlarının rəhbərliyinin yarıtmaz fəaliyyəti dövlət və xalq arasında inamsızlıq yaradır və bu kimi məmur özbaşınalığının ictimai gərginliyə səbəb olması qeyd olunub. Sahibkarlara və fiziki şəxslərə verilmiş icarə torpaqlarında müəyyən işlər görüldükdən və vəsait yatırıldıqdan sonra həmin torpaqların müxtəlif bəhanələrlə əllərindən alınması faktları mövcuddur və təhlil olunması tələb olunur. Artıq Bakı kəndlərinin problemləri ictimai bəlaya çevrilib. Dəniz sahillərində torpaqları özbaşına xüsusiləşdirən şəxslər insanların yolunu kəsməklə, rahatlığı pozmaqla böyük narazlıqlar yaradırlar. Bunun qarşısı alınmalıdır. “Bakı Dirçəliş” İB tərəfindən kəndlərdəki vəziyyəti öyrənib təhlil etmək məqsədilə komissiya yaradılması nəzərdə tutulur. Komissiyaların qarşısında Abşeronun ekoloji vəziyyəti, hektarlarla badam, zeytun bağlarının məhv edilməsi, mişar daşı istehsa edildikdən sonra daş karxanalarının torpaqlarının rekultivasiya edilməməsi və s. neqativ halların öyrənilməsi və təhlil edilməsi mühüm məsələ kimi durur. “Rəhbər orqanların diqqətini çatışmazlıqlara yönəltmək məqsədilə dinc kütləvi tədbirlər keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə və Abşeron rayon icra hakimiyyətlərinə müvafiq yerlər ayrılması üçün müraciət edilsin. Adı çəkilən icra orqanları tərəfindən müvafiq tədbirlər görülməzsə əldə olunan faktların ölkə başçısına və müvafiq hökümət orqanlarına göndərilməsi təmin edilsin” – deyə QHT-nin tələbində qeyd olunur. Geri qayıt |