Əsas Səhifə > Güney Press > “Oğru” adını necə almaq olar?

“Oğru” adını necə almaq olar?


7-01-2015, 17:39
“Oğru” adını necə almaq olar?
Yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük “oğru sxodkası”nın keçirilməsi və bu “ailə”nin üzvü Rövşən Lənkəranski kimi tanınan azərbaycanlının “oğru” adının ləğv edilməsi ölkə mediasının gündəmini zəbt etdi. Çoxları hesab edirlər ki, dünyanın ən böyük mafiyasının İtaliyada yaranıb-formalaşdığı söylənilsə də, azərbaycanlı “qanuni oğru”lar hələ də postsovet ölkələrində “nakazat” olunur. Əvvəlcə ondan başlayaq ki, mafiya və “qanuni oğru”nun fərqi nədir?

Hafta.az-ın əməkdaşının məsələ ilə bağlı kiçik araşdırması zamanı məlum oldu ki, əslində “Qanuni oğru” adı ilə tanınan şəxslərin tarixi kökləri çox qədimə bağlanır.

Azərbaycanda “oğru” mühitinin nə zaman yaradıldığı haqqında birmənalı fakt mövcud deyil. Lakin hesab olunur ki, bu aləmə aid olan terminlərin rus dilində olması, elə “rüşeym”lərin də Rusiyaya aid olması üçün əsas faktdır. Rusiyada kriminal aləmin yaranması isə Stalin dövrü ilə əlaqələndirilir. Lakin Çar II Nikolayın dövründə həbsxanalarda avtoritetlərin olması birinci faktı kölgədə qoyur. Azərbaycanda və konkret köhnə Bakıda isə o zamanlar sözükeçən və türmədə uzun müddət yatan adamlar “qoçu” kimi tanınırdılar. Rusiyada uzun müddət rəhbər şəxslərin (əsasən də Stalin) həbsxanalara nəzarəti məhz “oğru”lar vasitəsilə edib. Həbsxana rəhbərləri də məhbəslərdə qayda-qanun yaratmaqda onlardan yararlanıblar. Lakin “oğru”lar heç zaman öz aralarında olan söhbətdən türmə rəisini və ya onların dili ilə desək digər “paqon”ları məlumatlandırmayıblar. Hər hansı bir daxili söhbəti “paqon”a çatdıran şəxs isə onlar tərəfindən “nakazat” olunduqdan sonra cəzalandırılıb. “Qanuni oğru” adını almaq elə də asan məsələ hesab olunmur. Bu adı alanlar sözügedən aləmdə son sözü deyənlərdir. Daha dəqiq desək, onların fikirləri müzakirəyə çıxarıla bilməz. İlk dəfə bu aləmin yeddi maddədən ibarət sənədini “bakılı diktator” ləqəbi ilə tanınan Ağakərim adlı “oğru” hazırlayıb. Sonradan bu qanun sovet hökumətində də yayılıb. Ağakərim ilk dəfə 1924-cü ildə erməni zabitini qətlə yetirdiyi üçün həbs edilib.

“Oğru”lar üçün ən ağır cəza bu adın onlardan alınmasıdır. Bəs “oğru” adı onlardan necə alına bilər? Girişdə qeyd etdiyimiz kimi, Rövşən Lənkəranskidən bir günün içində bu adı ala bilərlərmi?

Mövzu ilə bağlı Hafta.az-a açıqlamasında sabiq polis rəisi Mahmud Hacıyev bu barədə fikirlərini bildirdi. Öncə mafiya və “qanuni oğru”nun fərqlərindən danışan ekspert bildirdi ki, heç bir “oğru” mafiya olmağa meyil etməz:

“Mafiya əsasən İtaliyada yaranıb və sonradan Amerikada da onların şəbəkələri genişlənib. “Oğru” və mafiozu qarışdırsalar da, əslində bunlar eyni deyil. Mafiya rəhbəri polis rəisi, hər hansı bir rəhbərlikdə çalışan adam da ola bilər. Dünya təcrübəsində onlar daha çox gizli fəaliyyətləri ilə bir çox məsələlərin həllində, yaxud da müəyyən maraqların müdafiə olunmasında iştirak edirlər. Təcrübə göstərir ki, mafiozlar orqan işçiləri olublar. Lakin “oğru” aləmində qaydalar tamamilə başqadır. “Oğru” heç zaman mafiya rəhbərinin əmri altında işləməz. Onların özlərinin dəstəsi olur və son sözü də “oğru” deyir”.

“Oğru” aləmindəki terminlərin rus dilində olmasına da aydınlıq gətirən ekspert bildirdi ki, əslində bu Rusiya ərazisinin genişliyi ilə bağlıdır:

“Qanuni oğru”lar hazırda dünyada çox azsaydadır. Onların da əksəriyyəti Moskvada, yaxud da Rusiyanın digər bölgələrində cəmləniblər. Səbəb isə budur ki, əvvəla Rusiya tarixində rəhbərlər onların yaranması və inkişafına yardım ediblər. SSRİ-də qanuni oğruların yaranması 1930-cu illərin başlanğıcında daha geniş vüsət almağa başladı. Bu həmin dövr mövcud olan ağır repressiya və kollektivləşdirmə ilə əlaqədar idi. O zaman cəmiyyətin ictimai fəallığı və mübarizə fəaliyyəti daha da güclənmişdi. Sovet hökuməti dağıldıqdan sonra onların bir qismi həbs edildi, digərləri isə bir-biriləri ilə “bazar müharibələri” zamanı öldürüldü. Eyni zamanda, SSRİ-nin mövcud olduğu zamanda bütün məsələləri Moskvada həll edən və sovet hökumətindən dəstək alan “oğru”lar da 1990-cı illərdən sonra da Rusiyadan çəkilmədilər. Rusiyanın ərazisi qeyd etdiyim kimi geniş və bazarlar çox olduğu üçün burada onlar həm gizlin görüşlər edir, həm də bazarlara nəzarəti öz əllərində saxlayırdılar. Putin hakimiyyətə gəldikdən sonra isə “oğru” aləminə “səlib yüşürü” başladı. Azərbaycanda “qanuni oğru”nun fəaliyyəti üçün şərait yoxdur. Çünki ərazi çox kiçikdir və ölkəyə dövlət tərəfindən nəzarət güclüdür. “Oğru”lar üçün birinci faktor ərazi genişliyidir”.

Rövşən Lənkəranski barəsində fikir söyləyən Mahmud Hacıyev bildirdi ki, onun “oğru” adını ala bilməzlər:

“Beş-altı nəfərin yığışıb, heç kimə verilən adı ala bilməz. Sadəcə olaraq, ola bilər ki, həmin “kruq”da Rövşəni “oğru” kimi tanımasınlar. Bu onların öz fikridir. Rövşən Lənkəranski bütün dünyada məşhur olan bir avtoritetdir. Eyni zamanda, “oğru” dünyasında belə bir şey var ki, əgər bir nəfərin səhvi varsa, onların “kruqu” yığışaraq həmin şəxsi də çağırırlar. “Nakazat” prosesindən sonra “oğru” adı səhvi olan adamdan alınır. Yoxsa bir şəxsin iştirakı olmadan onun adının alınması mümkün deyil. Lotu Mamed, Sabirabadlı Hikmət, Ded Xasan artıq yoxdur. Olanları da "yox" səviyyəsindədir. Ona görə də onların yığışıb verilən adı ləğv etməsi absurd məsələdir. Bu məsələlər bir adamın “kruq”unda həll edilmir. Türkiyədən, Malaziyadan, Rusiya və Çexiyadan tutmuş bütün dünyada “oğru” aləmində Rövşən Lənkəranskinin adı “oğru” kimi tanınır. Bir “sxodka” ilə bunu ləğv etmək mümkün deyil”.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa isə mövzuya başqa aspektdən yanaşıb. O bildirib ki, bu “oğru”ların adətini elm, sənət sahəsinə də köçürmək yaxşı olardı:

“Təsəvvür edin ki, bir qrup avtoritet alim yığışıb “sxodka” keçirir və plagiata görə bir neçə şəxsi akademiklikdən, fəlsəfə doktoru adından məhrum edirlər. Bir qrup avtoritet sənət adamı yığışıb kimisə xalq və ya əməkdar artist adından məhrum edirlər. Avtoritet yazarlar kimdənsə xalq şairi, rəssamlar xalq rəssamı adını alırlar. Bir qrup seçici çalışmayan adamları deputatlıqdan məhrum edirlər, tələbələr rüşvətxor rektoru vəzifəsindən məhrum edirlər. Eninə, dərininə bütün cəmiyyətdə məsələlərin hamısı ilə bağlı vətəndaş cəmiyyəti "sxodka"ları formasında məşvərət edilir və hər şey qanuniləşməyə başlayır. Hər halda bəzi natamamlıqlarımıza diqqət yetirəndə düşünürsən ki, demokratiyanın təməl prinsiplərinin bəzilərini də oğrulardan öyrənməyə dəyər”.

Bütün bu və ya digər fikirlərə baxmayaraq, yuxarıda da qeyd etdiyimiz kimi Stalin kimi rəhbərlər “oğru”lardan istifadə edərək, dövlət siyasətində bəzi məsələləri həll ediblər. Bu gün ölkəmizdə qanun və idarəçilik yüksək inkişaf etdiyi üçün Azərbaycanda “oğru” aləmi demək olar ki, mövcud deyil. Lakin şimal qonşumuz olan Rusiyada “oğru”lar hələ də konkret ərazilərə nəzarət edirlər. Bu baxımdan keçirilən “sxodka”nın da Rusiya bazarında hansısa dəyişikliklərlə nəticələnəcəyi də şübhə doğurmur.

Geri qayıt