Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistandakı “oğru sammiti” Sərkisyanla razılaşdırılıb
Ermənistandakı “oğru sammiti” Sərkisyanla razılaşdırılıb7-01-2015, 12:25 |
![]() Ermənistanda baş tutan və son 10 ilin ən iri kriminal sammiti hesab olunan “sxodka”nın bəzi yeni təfərrüatları da məlum olub. Virtualaz.org saytı xəbər verir ki, “Rosbalt” agentliyi bu sammitin Ermənistanın Kotayk vilayətində baş tutduğunu yazır. Rusiya hüquq-mühafizə orqanlarının “vor zakonların” Moskvada toplaşacağı halda hamısını həbs edəcəyinə dair xəbərdarlığından sonra işə nüfuzlu erməni kriminal avtoritet, 2000-ci ildə ölən “Armen Kanevski” ləqəbli Armen Arutyunyanın qardaşı Artyom Arutyunyan qarışıb. Ermənistan hakimiyyətində güclü əlaqələrə malik olan Artyom “sammitin” İrəvandan bir saatlıq məsafədə olan kurort bölgəsi Kotaykda keçirilməsini razılaşdırıb. Ehtimal edilir ki, erməni kriminal avtoritet məsələni birbaşa prezident Serj Sərkisyan, yaxud onun qardaşı Saşik vasitəsilə həll edib. Çünki Sərkisyanın və qardaşının kriminal dairələrlə ciddi biznes əlaqələri mövcuddur. Daha sonra Artyom kriminal avtoritetlərin, o cümlədən ötən ilin payızında İspaniya həbsxanasından buraxılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovum Ermənistanda həbs olunmayacaqlarına dair təminat alıb. Sammitdə əsas məsələlərdən biri “Rövşən Lənkəranski”nin və Georgi Uqulavanın (“Taxi”) “vor zakon” titulundan məhrum edilməsi olub. Bildirilir ki, “Taxi” özü “sxodka”da yer alıb. Rövşən də “sxodka”ya qatılmaq və suallara şəxsən cavab vermək istəyib, ancaq onu bu şərəfə layiq görməyiblər. Qanqsterlər hesab ediblər ki, bu cür nüfuzlu mafiozlar arasında Lənkəranskiyə yer yoxdur. Nəticədə Uqulava “vor” titulunu saxlayıb, Rövşəni isə bu tituldan məhrum ediblər. Digər mühüm məsələ isə “Ded Xasan” ləqəbli məşhur avtoritet Aslan Usoyanın öldürülməsinə görə günahkarların müəyyən edilməsi olub. Hesab edilir ki, “Ded Xasan”ın və onun dostu, “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun öldürülməsi hazırda Rusiya həbsxanasında olan “Taro” ləqəbli Tariel Oniani və İtaliya həbsxanasında oturan “Merab Suxumski” ləqəbli Merab Canqveladzenin rəhbərlik etdiyi klanın işidir. Məlumata görə, “sxodka” iştirakçıları bir-birlərindən soruşublar ki, kim hazırda Meraba və Taroya qarşı “Ded Xasan”ın və “Yaponçik”in öldürülməsi ilə bağlı tutarlı irad irəli sürməyə hazırdır. Ancaq “sxodka”da beləsi tapılmayıb. Ona görə də “kriminal generallar” belə mövqeyə gəliblər ki, Merabın və Taronun bu işdə əlinin olmasına dair sübut yoxdur. Deməli, məsələyə daha sonra, onların azadlığa çıxmasından sonra baxılmalı və avtoritetlərə şəxsən bu barədə sual verilməlidir. Əgər bu versiya təsdiqlənsə, o zaman Merabın və Taronun barəsində ölüm hökmü çıxarılacaq. * * *02:03 Xəbər verdiyimiz kimi, yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük “oğru sxodkası” keçirilib. Virtualaz.org saytı xəbər verir ki, bu toplantı əvvəlcə Moskvaya təyin olunmuşdu. Amma Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün kriminal avtoritetlər təcili şəkildə seçim edərək İrəvanda toplaşmaq variantı üzərində dayanmışdılar. İrəvandakı “sxodka”nın təşkilatçısı Artyom Arutyunyan adlı kriminal avtoritet idi. Hüquq-mühafizə orqanlardakı mənbələr “Rosbalt”a bildirib ki, “vor zakonlar” son bir neçə gün ərzində İrəvana yığışmaqda davam edib. Onların sayı 100-dən çox olub. “Oğrular” əvvəlcə öz aralarında kiçik qruplar halında məsləhətləşmələr aparıb, daha sonra isə yanvarın 6-da hamısı bir araya gəliblər. “Sxodka”da Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər iştirak edib. “Vor zakonlar” öncə 2008-ci ildən başlayaraq “qanuni oğrular”ın sayının sürətlə artması məsələsini müzakirə ediblər. Şakro Molodoy deyib ki, 2008-ci ildən başlayaraq bu sahədə özbaşınalıq olub, “ailə”yə daxil olmağa namizədlər bəzən lazımınca öyrənilməyib, onların kimliyi tam araşdırılmayıb, “oğru” titulu verilərkən lazımi prosedurlara riayət olunmayıb. Digər “oğru”lar da Şakronun bu fikri ilə razılaşıblar. Onların bildirdiyinə görə, 2008-ci ildən bəri azı 240-250 nəfərə “vor zakon” titulu verilib, bu isə çoxdur. Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “sxodka”da belə bir qərar qəbul olunub ki, 2008-ci ildən sonra “tac” almış “oğru”ların titulu sual altına alınsın. Bu isə o deməkdir ki, həmin ildən sonra “oğru” titulu alan şəxslər daha “vor zakon” titulu daşımırlar, onlar yalnız bu ada iddiaçı sayılırlar. “Sxodka”da digər sensasion qərar da verilib. Belə ki, Rövşən Lənkəranski (Canıyev) və Cemal Mikeladze (Cemo) “qanuni oğru” titiulundan məhrum ediliblər. O da qərara alınıb ki, son illərin kriminal savaşlarının iki əsas iştirakçısı - Merab Canqveladze (Suxumski) ilə Tariel Oniani (Taro) barədə onlar həbsdən çıxandan sonra yekun qərar verilsin. Geri qayıt |