Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Millətini qələbəyə daşıyacaq lider - Tanrı ona böyük bir şans tanıyıb...

Millətini qələbəyə daşıyacaq lider - Tanrı ona böyük bir şans tanıyıb...


24-12-2014, 08:27
Millətini qələbəyə daşıyacaq lider - Tanrı ona böyük bir şans tanıyıb...
DİA.AZ: - Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. APA-nın məlumatına görə, dövlət başçısının 53 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı var.

Onu da bildirək ki, İlham Əliyev prezident olduğu dönəmdə və indinin özündə də MİLLİ DÖVLƏTÇİLİK ƏNƏNƏNƏLƏRİNƏ SƏDAQƏT prinsipini prioritet siyasət kimi elan edib. Məhz buna görə də bu gün Azərbaycan xalqının milli mənəvi dəyərləri vacib şərt kimi qəbul olunur və bu işdə prezident İlham Əliyevin şəxsi keyfiyyətləri əlahiddə səbəb rolunu oynamaqdadır.

Özünün prezidentliyi dönəmində Azərbaycan türkünün Qarabağ yanğısına sözün əsl mənasında bir LİDER kimi sahiblənən İlham Əliyevin yürütdüyü siyasət belə deməyə əsas yaradır ki, Azərbaycan məhz onun Ali Baş Komandanlığı altında Qarabağda ədaləti bərpa edəcək. Bu haqqı ona Tanrı tanıyıb və Tanrının köməkliyi ilə İlham Əliyevin adı Azərbaycan tarixinin ən mübarək ünvanı kimi - Qarabağı işğaldan azad edəcək LİDER olaraq əbədiləşəcək.

DİA.AZ portalı Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!

Geri qayıt