Əsas Səhifə > Güney Press / Ana xəbər > İsgəndər Xəlilovun bankında müştərilərə fırıldaq gəlirlər

İsgəndər Xəlilovun bankında müştərilərə fırıldaq gəlirlər


20-12-2014, 13:59
İsgəndər Xəlilovun bankında müştərilərə fırıldaq gəlirlər
Qeyd edək ki, bu ilin əvvəlindən Azərbaycanda kreditlərin faiz dərəcələrinin azaldılması üçün atılan addımlar hələlik gözlənilən nəticəni verməyib. Ölkə banklarının xüsusilə əhalinin geniş təbəqələri üçün təqdim etdiyi istehlak kreditlərinin faizləri əvvəlki kimi çox yüksəkdir. Üstəlik, banklar bu faizlərdən başqa, kredit müştərilərindən yüksək komission haqları da tələb edirlər. Belə vəziyyətdə kredit götürmək üçün sərfəli bank tapmaq çətindir. Müştərilərinə qarşı əksər hallarda haqsızlıq edən, onları incidən banklardan biri də "Nikoil bank"dır. Məlumat üçün bildirək ki, bank 1994-ci ildən, yəni "Nikoil" Azərbaycan İnvestisiya Şirkəti QSC-nin yarandığı gündən fəaliyyət göstərir. Bankın rəsmi saytında göstərilir ki, "Nikoil bank" yerli və xarici valyutada, o cümlədən hesablaşmalar, plastik kartların satışı, kreditlərin və zəmanətlərin verilməsi, banklararası və sənədli əməliyyatlar üzrə xidmətlər də daxil olmaqla kompleks bank xidmətləri göstərən universal maliyyə-kredit təşkilatıdır. Bankın Bakı şəhəri və regionlarda yerləşən filial şəbəkəsi 17 satış məntəqəsindən ibarətdir. Saytda həmçinin yazılır ki, müştəri məmnunluğunu əsas missiyası hesab edən bank pərakəndə bank biznesini aktiv şəkildə inkişaf etdirir. Bizə çatan məlumatlarda isə deyilir ki, bankın Badamdar qəsəbəsində fəaliyyət göstərən 6 saylı filialında müxtəlif qanundan kənar işlər cərəyan edir. Bəzi səbəblər üzündən adının çəkilməməsini istəyən mənbənin sözlərinə görə, 6 saylı filialın müdiri Elmin Axundov və onun tabeliyində olan şəxslər müştərilərlə kobud rəftar edir, onların hüquqlarını tapdalayırlar: "Bankın 6 saylı filialında guya sərfəli şərtlər altında vətəndaşlara kreditlər təklif edilir. Bura istehlak kreditləri, zaminliklə kredit, qızıl və daşınmaz əmlak girovu ilə kreditlər daxildir. Bilirsiniz ki, əhali daha çox istehlak kreditinə üstünlük verir. Bankın təklif etdiyi istehlak kreditinin müddəti 6-24 ay arasında dəyişir. Kreditin minimal məbləği 300, maksimal məbləği isə 5000 manatdır. Minimal nominal faiz dərəcəsi isə 30 faizdən başlayır. Bankın istehlak kreditlərinə görə tətbiq etdiyi faiz dərəcəsi həddən artıq yüksəkdir. Mərkəzi Bank faiz dərəcəsinin aşağı salınması tələbi ilə ölkədəki banklara, o cümlədən "Nikoil bank"a xəbərdarlıq edib. Bank rəhbərliyi isə buna məhəl qoymur". Qaynağımız vurğulayır ki, filial rəhbərliyi kreditə görə müştəriyə irəli sürülən tələbləri bankın nizamnaməsində göstərilən qaydada həyata keçirmir: "Nizamnamədə yazılanlar ancaq kağız üzərində qalır. 6 saylı filialdan istehlak və digər kreditləri götürmək istəyən vətəndaşlar tələb olunan sənədlərdən əvvəl Elmin Axundovun "prinsip"ləri üzrə hərəkət etməlidir. Kimliyindən asılı olmayaraq bankdan pul çıxarmaq istəyən şəxslər filial müdirinə "şirinlik" verməlidir. Buna bank işçilərinin dili ilə "şapka" da deyilir. Əks halda, müştəri tələb olunan sənədləri təqdim etsə də belə, Elmin müəllim onlara kredit vermir. Bundan başqa, filialdan kredit götürən vətəndaşlara qarşı hörmətsizlik edilir. Məsələn, istehlakçı krediti bir gün gecikdirən kimi bankın əməkdaşları ya onun mobil telefonuna, ya da evinə zəng vurub hədə-qorxu ilə pulu tələb edirlər. Hər insanın nəysə problemi ola bilər. Və bu üzdən krediti bir gün gecikdirməsi normal qarşılanmalıdır. Elmin Axundov və işçiləri isə müştərilərə heç bir halda güzəştə getmirlər. Bank müdiri öz üzərində məsuliyyət hiss etmir". 6 saylı filialın fəaliyyətindəki problemlər bununla da bitmir. Gələn saylarımızda kreditini ödəməkdə çətinlik çəkən vətəndaşların avtomobillərinin müsadirəsi haqda araşdırma yazısı dərc edəcəyik. Bizi izləyin.

Qeyd edək ki, "Nikoil bank"ın Müşahidə Şurasının sədri, tanınmış iş adamı, "İSR" Şirkətlər Qrupunun sahibi, milyonçu İsgəndər Xəlilovdur. Bankın idarə heyətinin sədri isə Xamaza Vasiliy Viktoroviçdir. Yəqin ki, bank rəhbərliyi yazdıqlarımızı araşdırıb 6 saylı filialdakı nöqsanları aradan qaldıracaqlar.
\\ GünBakı \\
Geri qayıt