Əsas Səhifə > Güney Press / Ana xəbər > Kastronun azad etdiyi Amerika casusu Azərbaycanda nə gəzirdi
Kastronun azad etdiyi Amerika casusu Azərbaycanda nə gəzirdi19-12-2014, 13:12 |
![]() Xəbər verildiyi kimi, ABŞ prezidenti Barak Obama dekabrın 17-də xalqa müraciətlə çıxış edərək Kuba ilə 1961-ci ildən kəsilmiş münasibətləri bərpa etmək qərarı verdiyini açıqlayıb. Bu müraciətdən əvvəl Obama ilə Kuba rəhbəri, əfsanəvi Fidel Kastronun qardaşı Raul Kastro arasında görüş olub. Anlaşmaya görə münasibətlərin normallaşdırılması üçün ABŞ Kubanı terroru dəstəkləyən ölkələr sırasından çıxarır və embarqoları yumşaldır. Kuba isə 5 ildir ölkədə həbsdə saxlanılan ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin casusu olmaqda ittiham edilən Alan Qrossu azad edir. Virtualaz.org xəbər verir ki, xarici mətbuatda Alan Qrossun barəsində müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, o, Mərkəzi Kəşfiyyat İdarəsinin ən önəmli agentlərindən biridir və Kubaya Kastro rejimini devirmək üçün göndərilmişdi. Alan Qrossun planlarına ABŞ-dan göndərilmiş avadanlıqlarla daxili internet şəbəkəsi qurmaq və kubalıların bu şəbəkə üzərindən təşkilatlanaraq hakimiyyəti dəyişməyə nail olmaq daxil idi. Söhbət ABŞ kəşfiyyatının keçmiş sovet respublikalarında və ərəb ölkələrində tətbiq etdiyi inqilab ssenarilərinə oxşar planlardan gedir. Kubada qlobal şəbəkə geniş yayılmadığından Alan Qross əvvəlcə orada internet şəbəkəsi qurmalı idi. “Forbes” jurnalı Alan Qross haqda geniş məqalə dərc edib və oradan məlum olur ki, Mərkəzi Kəşfiyyat İdarəsinin “çox mühüm agenti” hesab olunan bu şəxs vaxtilə Azərbaycanda da işləyib. Lakin “Forbes” yazır ki, Alan Qross sadəcə olaraq humanitar missiya yerinə yetirirdi və Kuba hakimiyyəti tərəfindən girov götürülmüşdü. Bu həftə prezident Obama onu Amerikada həbsdə olan kubalı casuslara dəyişməyə razılıq verdi. Jurnal bu “casus mübadiləsi” razılaşmasına görə Obamanı sərt tənqid edir və bildirir ki, prezidentin bu addımı digər rejimləri də Alan Qross kimi humanitar missiyalarda işləyən amerikalıları girov götürüb sonradan onları alver predmetinə çevirməyə həvəsləndirir. Bildirilir ki,Alan Qross Merliend şəhərinin ətrafında yaşayırdı və bütün həyatını dünyada humanitar fəaliyyətə həsr etmişdi. “O, Azərbaycan və Bolqarıstan fermerlərinə öz əkin sahələrindən məhsuldarlığı artırmaqda, bununla da aclıq və dilənçilikdən xilas olmaqda kömək edib. O, Pakistanın ən çətin regionlarında yerli şaxtalara investorları cəlb etmək üçün işləyib. 25 il ərzində Afrika və Karib ölkələrində işləyərək kasıblara kömək edib. Heç vaxt qanunla problemi olmayıb, bir çoxları kimi o da idealist amerikalı olub”-jurnal yazır. Müəllif qeyd edir ki, Alan Qross ehtiyac içində olan hər kəsə kömək etmək istəyən biri olduğu üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ona Kubada işləmək təklifi verəndə diqqətlə qulaq asdı. “USAİD Kastro Kubasının kiçik və təcrid olunmuş yəhudi icması arasında kompüter avadanlıqlarının yayılması üçün onun köməyini xahiş edirdi. Qross bilirdi ki, Kubada sayları azalan yəhudilərin çoxu qocalıb, xəstə və kasıb yaşayırlar. Onların yaxınları ABŞ-a qaçmalı olub, vətəndə qalanlar isə yaxınları ilə əlaqə saxlaya bilmirlər. Əgər onların kompüterləri və modemləri olsa ABŞ-da yaşayan qohumları ilə əlaqə saxlaya bilərdilər. Alan rədd cavabı verə bilmədi, ideya onu ruhlandırdı. 2009-cu ilin payızından başlayaraq o, turist vizası ilə Kubaya bir neçə dəfə səfər etdi, hər dəfə özü ilə kompüter və modem aparıb yəhudi icması arasında payladı, onların arasında daxili şəbəkə yaratdı. Nəhayət 2009-cu il dekabrın 3-də Kuba gizli polisinin iki enlikürək əməkdaşı ilə qarşılaşdı”. Alan Qros həbs olunduqdan sonra 14 ay ərzində sərt rejimli həbsxanada saxlanılıb. Heç kim ona niyə həbs edildiyini izah etməyib. Heç bir ittiham irəli sürülməyib. Sadəcə olaraq girov kimi saxlayıblar. Qross xəstələnib, arıqlayıb, dişləri tökülüb, görmə qabiliyyətini itirib. 2010-cu ildə arvadı böyük çətinliklərdən sonra onunla görüşə imkan tapanda şoka düşüb. Alandan skeletə oxşayırdı və tanınmaz hala düşmüşdü. Nəhayət, Kuba hakimiyyəti Alanın ölüm ayağında görərək onu həbsxana xəstəxanasına yerləşdirib. Məhkəmə onu casusluqda günahlandıraraq 15 il həbsə məhkum edib. Nəhayət, Qrossun bəxti gətirib və o, Kuba ilə münasibətlərin normallaşması prosesi sayəsində Amerikaya qayıda bilib. Geri qayıt |