Əsas Səhifə > Güney Press / Ana xəbər > Kolbasa bazarına basılan saxta "halal" damğası...
Kolbasa bazarına basılan saxta "halal" damğası...19-12-2014, 09:22 |
![]() Hazırda ölkəmizdə “Halal” məhsul adı ilə bir çox ərzaq məhsullarının satılması haqda məlumat vermişdik. Əslində bu ad altında satılan məhsulların nə qədər halal olması sual altındadır. Çünki belə bir fikirlər var ki, “Halal” standartı almaq üçün şərt o deyil ki, şəriətə uyğun halal məhsul istehsal edəsən, tələb edilən müəyyən məbləğ müqabilində də bunu əldə edə bilərsən. Dəfələrlə Analitik.az saytı olaraq bu barədə yazmışıq. Bu gün yazdıqlarımızı sübuta yetirəcək daha bir informasiya ilə rastlaşdıq. Belə ki, “Halal” sözü ilə markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumatdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkədə bu sahədə problemlər çoxdur: “İstehlakçıları aldadırlar. Həftə ərzində istehlakçılar tərəfindən 4-5 telefon zəngi olur ki, onlar da hansı malın halal olduğunu soruşurlar. Azərbaycan bazarlarında hələ çox adı “Halal”, özü halal olmayan kolbasalar çoxdur. Xaricdən də gətirilən mallar çoxdur. Mütləq mənada halal olanı hələ bilmirəm. İstərdim ki, ölkəmizdə halal məhsul istehsal olunsun və bu, dünyaya nümunə olsun.” Birlik sədri vəziyyətdən çıxış yolu kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər paketi ilə müraciət etdiyini bildirdi: “Şəffaf bir şəkildə koalisiyon qərar qəbul etməklə “Halal” sertifikatının verilməsi barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə 20 günə yaxındır təklif göndərmişəm. Dövlət Komitəsinin təsis etdiyi “Azsert”MMC-nuin rəhbərliyi ilə bu barədə söhbət etmişəm. Göndərdiyim əsasnaməyə baxıldığı ilə bağlı mənə məlumat verdilər. Çox təəssüflər olsun ki, Qafqaz Müsəlmanları İdarəsi mənim məktubuma heç bir cavab verməyib. Bütün maraqlı tərəflərin, o cümlədən KİV-in iştirakı ilə bütün rüşvətləri və əlavə xərcləri istisna edən əsl “Halal”məhsul buraxılmasına Azərbaycanda nail olmaq üçün Azad İstehlakçılar Birliyi intensiv iş aparır. Bu sahədə dünya təcrübəsini öyrənmişik. Bizim dediyimiz əsasnamə əsasında iş aparılarsa,bir nəticə əldə edə bilərik. Çünki digər ölkələrdə bu standartı müəyyən MMC-lər və dini qurumlar verir.” E. Hüseynov deyir ki, təklifləri nəzərə alınarsa, həqiqi “Halal” məhsul istehsal etmək mümkündür: “6-7 maraqlı tərəfin iştirakı ilə həm nəzarət sistemini quracağıq, həm də həqiqətən “Halal” bir sistem yaratmaq fikrindəyik. Halal mallar ekoloji təmiz olduğundan xristianlar və digər inanclı adamların da bu mallara üstünlük verdiyindən müəssisələr “Halal” sertifikatı almaqda maraqlıdırlar. Kağız üzərində verilən sənəd guya normalara cavab verir. Lakin bunun mexanizmini qurmaq çox mürəkkəb prosesdir. Hansı bir sistem qurmaq lazımdır ki, biləsən ki, heyvan üzü qibləyə kəsilir. Heyvanı kəsən adam 18 yaşına çatmış müsəlmandır. Heyvanın başına bıçaq bir dəfə çəkiləcək, iki dəfə yox. Heyvanın yanında başqa heyvan kəsilməməlidir. Bunlara kim nəzarət edir? Bütün bu sadaladıqlarım açıq qalan məsələlərdir. Təşkilatımızın təklifi ilə belə bir qurum yaradılarsa, bunlara nəzarəti həyata keçirə biləcək.” Geri qayıt |