Əsas Səhifə > Güney Press / Ana xəbər > Gəncə Vaqon Deposunu rəsmən dağıdırlar...
Gəncə Vaqon Deposunu rəsmən dağıdırlar...15-12-2014, 17:05 |
![]() Ölkəmizin dəmir yolu nəqliyyatında bir sıra problemlər mövcuddur. Bu, danılmaz faktdır. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində olan bəzi dəmir yol stansiyalarının və vaqon depolarının fəaliyyəti qənaətbəxş deyil. Bu haqda ayrı-ayrı media orqanlarında dəfələrlə tənqidi məlumatların verilməsinə baxmayaraq, QSC sədri Arif Əsgərov tərəfindən zəruri addımlar atılmayıb. Elə buna görədir ki, qurumun bəzi vaqon depolarında qanun pozuntuları baş alıb gedir. Etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük Daşımaları Departamentinin Gəncə Vaqon Deposunda işlər istənilən səviyyədə getmir. Mənbənin sözlərinə görə, deponun rəisi Şabəddin Həsənov vəzifə səlahiyyətlərindən öz məqsədləri üçün istifadə edir ki, bu da qurumun tam potensialı ilə fəaliyyət göstərməsinə imkan vermir: "Bilirsiniz ki, dəmiryolu bütün zamanlarda etibarlı, fasiləsiz, təhlükəsiz və bütün iqlimlərə uyğun və möhkəm bir nəqliyyat növü olmaqla yanaşı, həm də yaxşı ekoloji gostəricilərə malikdir. Dəmiryolundan istifadə etmək nəqliyyatın səmərəliliyini artırır. Amma son illər respublika daxilində dəmir yollarından istifadə edənlərin sayı kəskin dərəcədə, iki dəfə azalıb. Bundan başqa vaqon qıtlığı yaranıb. 1978-ci ildə inşa edilən və o dövrdən bu günə kimi fəaliyyət göstərən Gəncə Vaqon Deposunda da vəziyyət olduqca acınacaqlıdır. Məlumatınız olsun ki, depo Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Bundan əlavə binanın həyətində yeni bağ salınıb. Binanın kommunikasiya xətləri yenilənərək vaqon deposunadək olan avtomobil yoluna asfalt örtük salınıb. Yəni dövlət tərəfindən Gəncə Vaqon Deposunun normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Buna baxmayaraq, deponun rəisi Şabəddin müəllim dövlət tərəfindən yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmir. Yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədi ilə deponun 5 texniki xidmət məntəqəsi fəaliyyət göstərir. Depoda həm respublikamıza, həm də xarici dövlətlərə məxsus vaqonlar təmir edilir. Burda aparılan təmir işlərinin keyfiyyəti isə çox aşağıdır. Vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərək qanunları pozurlar. Belə olan halda nəzərdə tutulan təmir işləri keyfiyyətsiz şəkildə həyata keçirilir. Gəncə Vaqon Deposunda əsasən yük vaqonlarının təmiri işləri həyata keçirildiyindən, daha çox büdcə vəsaiti göyə sovrulmuş olur. Məsələn, qulluq sahəsi Böyük Kəsik-Ucar, Balakən-Yevlax, Ağstafa-Qazax, Yevlax-Bərdə dəmir yol stansiyaları olan Gəncə Vaqon Deposu tərəfindən il ərzində yüzlərlə vaqonun əsaslı və cari təmiri aparılır ki, bu işlərin nəticəsində Şabəddin Həsənovun şəxsi büdcəsinə külli miqdarda vəsait daxil olur. Bu faktların hər birini araşdırmaq lazımdır. Təəssüf ki, əksər hallarda təmir işlərini yerində və vaxtında həyata keçirmək mümkün olmur". Məlumatda vurğulanır ki, Böyük Kəsik, Poylu, Yevlax və Mingəçevir dəmir yolu stansiyalarında təmir sexləri yaradılsa da, səmərəli iş görmək mümkün deyil: "Çünki Gəncə Vaqon Deposunun rəhbər heyəti, ələlxüsus da Şabəddin Həsənov tutduğu vəzifənin məsuliyyətini sanki dərk etmir. Bir neçə il əvvəl Gəncə Vaqon Deposu tənəzzül dövrünü yaşayırdı, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Sağ olsun, ölkə rəhbərliyi depoda onlarla insanın çalışdığını nəzərə alaraq buranın bağlanmasına imkan vermədi. Deponun hazırkı fəaliyyəti sıfra bərabərdir. İşçilərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda depo rəisi onları iş saatından artıq işlədir, amma bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Bir sözlə, Gəncə Vaqon Deposunda vəziyyət kritik həddə çatıb. Bunun bir səbəbkarı var, o da Şabəddin Həsənovdur. O vəzifədən azad edilsə, Gəncə Vaqon Deposu tam gücü ilə fəaliyyətini davam etdirə bilər". Deyilənə görə, Şabəddin Həsənov vaqon təmirinə ayrılan vəsaitlər, o cümlədən istifadə müddətini başa vurmuş avadanlıqlar hesabına özünə yaxşı gün-güzəran yaradıb. Bu barədə növbəti saylarımızda oxuya biləcəksiniz. Bizi izləməyi unutmayın. \\ gundelik-baku.com \\ Geri qayıt |