Əsas Səhifə > Güney Press / Ana xəbər > Bu doğum evinin başdan-başa korrupsiyalaşdığı deyilir...

Bu doğum evinin başdan-başa korrupsiyalaşdığı deyilir...


12-12-2014, 15:36
Bu doğum evinin başdan-başa korrupsiyalaşdığı deyilir...
Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində diqqəti cəlb edən problemlərdən biri də xəstəxanalarda və xüsusilə doğum evlərində baş alıb gedən rüşvətxorluq və digər korrupsiya halları ilə bağlıdır. Bu baxımdan Sabunçu rayonundakı 2 saylı doğum evində yaranmış vəziyyət xüsusilə diqqətə layiqdir. Redaksiyamıza daxil olan məlumatlarda da bu səhiyyə müəssisəsində baş alıb gedən özbaşınalıqlar, hamilə qadınların incidilməsi, doğuş zamanı onların yaxınlarından puı alınması barədə açıqlamalar əks olunur. Qeyd olunur ki, baş həkim Mehriban Abasquliyeva rəhbəri olduğu səhiyyə ocağını bərbad hala salıb və müxtəlif problemlərdən belə şəxsi mənfəəti üçün yararlanır. Məsələn, məlumatlara əsasən 2 saylı doğum evinin su təchizatı məsələsi hələ də qənaətbəxş həllini tapmayıb. Xəstəxanaya əməlli-başlı su verilmir. Baş həkim isə hər ay işçilərdən su problemini aradan qaldırmaq üçün pul yığır. Lakin su yenə də gəlmir. Həmin pulların hara yoxa çıxdığını isə heç kəs bilmir. Həmçinin məlumatlarda bildirilir ki, 2 saylı doğum evi müasir tələblərə cavab vermir. Belə ki, burdakı tibbi avadanlıqların yetərli hissəsi sıradan çıxıb və istifadəyə yararsız haldadır. Hətta bir müddət əvvəl irəli sürülmüş iddialara görə, Səhiyyə Nazirliyində bu doğum evinin bağlanması variantı da müzakirə olunmuşdu. Lakin hələlik bununla bağlı konkret addımlar atılmayıb. Bu arada isə doğum evində baş verən hadisələr təkcə xəstələri deyil, buranın həkim və digər tibbi personalını da çaşqınlıq içərisində qoyur. Baş həkimin əməllərindən bəhs edən məktublardan birində oxuyuruq: “Bir də görürsən baş həkim bir nəfəri xəstəxanaya gətirib onu Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edir. Sonra da işçilərdən həmin şəxsi guya ki, “razı yola salmaq” üçün pul yığır. Bundan başqa, 2 saylı doğum evi dövlətin balansında olduğuna görə xəstəlik tarixçələri üçün xüsusi blanklar (kitabçalar) Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Mehriban Abasquliyeva isə guya ki, bu kitabçaları özü çap etdirir. Bu məqsədlə hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır. Səhiyyə Nazirliyi 2 saylı doğum evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəvtərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur. Həmin ləvazimatların hansı marketlərə getdiyi də bilinmir.”Ən üzücü məqamlardan biri kimi isə baş həkimin uşaq qidaları ilə bağlı törətdiyi maxinasiyalar təqdim olunurlar. Bu xüsusda məkumatlarda bildirilir ki, bəzi şirkətlər Mehriban Abbasquliyeva ilə razılığa gələrək, doğum evinə “Nutrelak” uşaq yeməkləri verirlər. Baş həkimin tapşırığı ilə yenicə dünyaya gəlmiş uşaqların hamısına bu yeməkdən verilir. Təbii ki, bu hal uşaqların səhhətinə öz neqativ təsirini göstərir. Çünki kommersiya maraqlarının təminatı məqsədilə Mehriban Abbasquliyeva uşaqların ana südü ilə qidalanmasına imkan vermir. Kommersiya maraqları isə bundan ibarətdir ki, “Nutrelak”ın hər qutusundan (böyük bağlamalar nəzərdə tutulur) baş həkimə 10 manat xeyir qalır. Buna görə də uşaqların ana südü ilə bəslənməsi süni şəkildə əngəllənir. Digər bir məlumatda isə Mehriban Abbasquliyevanın Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları olduğu bildirilir: “Mehriban xanım Sabunçu rayonundan kənara çıxmır. YAP-ın rayon təşkilatının sədri olduğundan bütün biznes işlərini Sabunçu ərazisində qurub. Heç kim ona “gözün üstə qaşın var” deyə bilmir. Maraqlıdır, aylıq maaşı o qədər də yüksək olmayan baş həkim həmin ticarət obyektlərini hansı pullar hesabına qurub-yaradıb..?”
\\ bizimdovr.az \\
Geri qayıt