Əsas Səhifə > Güney Press / Ana xəbər > AYB-də ev qalmaqalı yenidən qızışır

AYB-də ev qalmaqalı yenidən qızışır


11-12-2014, 08:55
AYB-də ev qalmaqalı yenidən qızışır
Azərbaycan Yazıçılar Birliyində yenidən ev qalmaqalı yaşanır.

Bu barədə Axar.az-a Azərbaycan Yazıçılar Birliyində olan etibarlı mənbədən məlumat daxil olub.

Mənbə Xətai rayonu Neapol dairəsi yaxınlığında AYB üçün ayrılmış ərazidə hələ də kooperativ ev tikintisinin başlamadığını bildirib, 2008-ci ildən ayrılan torpaq sahəsinin hələ də öz sahibini gözlədiyini deyib. Qurumda bu işə məsul şəxs kimi AYB sədr müavini Nazim İbrahimov göstərilir. Hazırda təşkilatda olan bir qrup şəxs məhz ona görə kooperativ ev tikintisinin qəsdən uzadıldığını söyləyirlər.

Haqqında söylənilən fikirlərə münasibət bildirən Nazim İbrahimov isə əməkdaşımıza bu işin tezliklə öz həllini tapacağını deyib:

“Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bizə ayrılacaq torpaq barədə sərəncam verməyib. Yazılı surətdə ona bu haqda bildirmişik. Bu, çox uzun bir prosesdir”.

O, gecikmənin səbəblərini AYB-də axtarmağın əleyhinə olduğunu bildirib:

“Bu torpaqda evin tikilməsi üçün həm də hansısa şirkətlə müqavilə imzalanmalıdır. Müqaviləyə əsasən isə tikilən binanın mənzillərinin yalnız 10% bizə çata bilər ki, bu da 10 yazıçının evlə təmin olunması deməkdir. O ki qaldı kooperativ evin tikilməsinə, şəhərin hər yerində evlər tikilir, yazıçı da başqa vətəndaşlar kimi pulunu verib evini alsın. Biz çalışacağıq ki, yazıçılara güzəşt olunsun. Amma binanı tikən şirkət bizə ancaq 10% verə bilər. Bu, 10 mənzildən az da ola bilər”.

AYB sədrinin 1-ci müavini Xalq şairi Fikrət Qoca isə açıqlamasında məsələ ilə bağlı araşdırma aparacağını bildirib:

“Bu yer bizə verilib və biz burada kooperativ bina tikdirib hamısını yazıçılar arasında böləcəyik”.

Qeyd edək ki, bir neçə il bundan qabaq AYB-də evlə bağlı qalmaqal yaranmışdı. Həmin vaxt AYB-yə 9 mənzil ayrılmışdı ki, bu mənzillərin də satılaraq 45 yazıçı arasında bölünəcəyi planlaşdırılmışdı. O zaman yaranan mübahisə məhkəməyə qədər gedib çıxmışdı.

Geri qayıt