Əsas Səhifə > Güney Press > 6 ildir küçələrdə yaşayan "bomj" Pənah Hüseyni axtarır

6 ildir küçələrdə yaşayan "bomj" Pənah Hüseyni axtarır


9-12-2014, 18:05
6 ildir küçələrdə yaşayan "bomj" Pənah Hüseyni axtarır
6 il küçədə parklarda gecələyən bir insanı düşünün. Soyuq və rütubətli yerlərdə, açıq havada yatmaqdan sifəti, gözləri şişmiş, üst-başı çirkab içində olan bu adam ilk baxışdan bir bomju xatırladır. 58 yaşlı bu qocanın adı Fərhaddır. Neftçilər metrosu yaxınlığında çəkiliş apardığımız zaman jurnalist olduğumuzu bilib, yaxınlaşdı. Problemini mətbuata danışmaq istədiyini bildirdi.

Vaxtilə normal bir həyat yaşayan, ev və iş sahibi olan ali təhsilli Fərhad İbrahimovun indi niyə bomj günündə yaşaması bizi də təəccübləndirdi. Ayaq saxlayıb, onun hekayəsini dinlədik.

Fərhad İbrahimov 1956-cı ildə Sabirabad rayonunda doğulub. Azərbaycan Texniki Universitetinin maşınqayırma ixtisasını bitirib. Ancaq o vaxtdan öz ixtisası üzrə iş tapa bilmədiyindən fəhləlik etməyə məcbur olub. Həbsdə olduğu zaman evi əlindən çıxıb, 2001-ci ildə həyat yoldaşı rəhmətə gedənə kimi ailəsini kirayədə saxlayıb: “2001-ci ildə yoldaşım rəhmətə gedəndən sonra mənə heç kim baxmadı və küçələrə düşdüm. 3 qızım var idi, hamısı ərə gediblər. Bir neçə il növbə ilə onların evində qaldım. Sonra heç kim məni evində saxlamağa razılaşmadı. Mən də məcbur qalıb, küçələrə düşdüm. Artıq 6 ildir ki, küçədəyəm. Yayda isti olduğu üçün elə də çətin olmur, parklarda, skamyaların üstündə gecələyirəm.

Qışda dəhşətli vəziyyətdə qalıram. Qar yağanda, şaxtada binaların bloklarında yatıram. Zibilxanadan karton qutuların kağızlarını yığıb, yorğan-döşək əvəzinə üstümə örtürəm. Bu vəziyyətdə qalan insanın canında nə qədər xəstəlik olduğunu təsəvvür edin. Həkimə getməyə pulum yoxdur”.

58 yaşı olmasına baxmayaraq, 70 yaşlı qocanı xatırladan Fərhad kişiyə heç kim iş vermir, deyirlər ki, yaşlısan, biz cavan işçi lazımdır: “Heç yerdə məni işə götürmürlər. Ona görə də qalmışam küçələrdə... Xahiş edirəm ki, mənə bir köməklik olunsun. Ya qocalar evinə yerləşdirsinlər, ya da bir sığınacaqla təmin etsinlər”.

Fərhad İbrahimov deyir ki, bir neçə dəfə Mərdəkanda qocalar evinə müraciət edib. Ancaq onu qəbul etməyiblər: “Dedilər ki, 3-4 il öncədən qeydiyyata yazılmaq lazımdır, nə vaxt növbə çatanda sizi qəbul edəcəyik. Bu, o deməkdir ki, get öl, biz səni dəfn edərik. Artıq yaşımın o vaxtıdır ki, küçədə qalmaq mənim üçün çətindir. Əvvəl cavan idim, dözürdüm, indi bir gün soyuqda qalmaq mənim üçün ölüm deməkdir”.

Fərhad kişi bir tikə çörəyə möhtac olsa da, küçədə dilənməyi özünə rəva görmür. Onu tanıyanlar qəpik-quruşla kömək edir, qarnını doyururlar: “Kimi 50-60 qəpik pul verir, kiminsə yazığı gələndə köhnə paltar gətirir. Ən çox Pənah Hüseyn mənə kömək edirdi, neçə dəfə müraciət etdim, əlindən gələni əsirgəmədi. İndi onu axtarıram ki, bəlkə mənə bir sığınacaq tapmaqda kömək etsin. Başqa əlacım yoxdur. Nə edəcəyimi bilmirəm. Ölümə məhkumamsa bilim ki, ölməliyəm. Ancaq belə yaşamaq ölməkdən daha betərdir”.

Həyatını danışdıqca, əlinin arxası ilə gözünün yaşını silən Fərhad kişi bu yazıdan sonra ona kömək edəcək şəxslərin tapılacağına inandığını bildirdi: “Mənə kömək edin, heç olmasa, bu qışı isti yerdə keçirim. Mənim üçün hara olmasının fərqi yoxdur. Yetər ki, küçədə qalmayım”. \\ musavat.com \\
6 ildir küçələrdə yaşayan "bomj" Pənah Hüseyni axtarır
6 ildir küçələrdə yaşayan "bomj" Pənah Hüseyni axtarır

Geri qayıt