Əsas Səhifə > Güney Press / Ana xəbər > Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi
Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi9-12-2014, 14:01 |
![]() Sabirabadda Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə əmək müəllimi işləyirdi. Hər gün Cavad kəndindən rayona dərsə gələrdi. Yol uzaq və narahat olduğundan oğlanları ona “07” alıblar ki, ataları bu yaşında rahatlıq tapa. Və hər gün elə bu maşında böyük qızı Aynurun iki uşağını və onun qaynı Fuadın qızlarını da götürüb məktəbə apararmış. Təmənnasız. Uşaqlar soyuq havada kəndin palçığına batmasınlar deyə. O gün, dekabrın 6-da da Əhliman müəllim adəti üzrə sübh tezdən oyanıb namazını qılır və məktəbə getməyə hazırlaşır. Ondan əvvəlki gün yatana qədər Yasin surəsini oxumuşdu. Əvvəlkindən də tez yatmışdı. Saat doqquzda. Səkkizin yarısı maşını işə salır ki, məktəbə getsin. Amma maşın işə düşmür ki, düşmür. Bir təhər işə salır. Əvvəl gedir Fuadgilə. Aytacla Güldəstənin dalınca. Aytac adəti üzrə dərsə getmək istəmədiyini deyir. Anası Aytən nə qədər israr etsə də, uşaq iki ayağını bir başmağa dirəyir ki, məktəbə getməyəcəm. Aytən xanım da israr eləmir. Kənd məktəbində ibtidai sinif müəlliməsi olan Aytənin o gün dərsi yoxmuş. Aytacın onun yanında qalacağını deyir və Güldəstənin gödəkçəsini geydirir, papağını başına qoyur, maşına mindirir. Həmin gün hava şaxtalıymış. Rayona gedən yolda, Kürün üstündəki körpüdən keçərkən maşının təkərləri buzlu yoldan sürüşür. Bir sağa, bir sola gedən maşın körpünün sol tərəfindəki qoruyucu çəpərə çırpılır. Maşının zərbəsinə tab gətirməyən armatur çəpər qopub maşınla bərabər çaya aşır. Evdə atasının gecikdiyini görən Aynur atasına zəng edir. Əhliman müəllimə zəng çatmayınca narahat olmağa başlayır. Baş vermiş qəzadan xəbərsiz Aynur uşaq dərsə gecikdi deyə, danışmağa başlayır. Məktəbdən ona zəng gəlir... Əhliman müəllim isə 9 yaşlı Güldəstəylə bərabər Kürə düşür. Sonradan özünə gələn Güldəstə anasına o anı belə xatırlayıb. Sən demə, körpüdən aşan kimi Əhliman müəllim cəld maşının qapısını açıb. Öz canını unudub balaca qızcığazı təsəlli edib: “Güldəstə, bala, qorxma. Çiynindəki çantanı at, gəl qucağıma”. Çantasını çıxaran Güldəstəni maşına dolan su havaya qaldırır. Əhliman müəllim onu qucağına alıb maşından çıxır. Və ölüm-dirim mübarizə başlayır. Bir xeyli məsafəni bir qucağında uşaq, bir əliylə üzə-üzə kömək çağırır... Bu vaxt Allah onlara Tükədi kəndindən rayona gedən Dəyanəti yetirir. Dəyanət deyir ki, saat səkkiz olardı. Uzaqdan gördüm ki, nəsə çaya düşdü: “Bilmədim nədi. Körpüyə yaxınlaşanda gördüm ağ maşındı, batır. Maşından düşdüm. Çayın sahiliylə qaçdım. Maşın çayın üzündəydi. İçindən əvvəl bir kişi, yanında da uşaq çıxdı. Tez kurtkamı, poliverimi, ayaqqabımı çıxarıb suya tullandım. Üzməyi yaxşı bilirəm. Hardasa əlli metr üzüb onlara çatdım. Sahildəykən Əhliman müəllim kömək istəyirdi. Amma mən yanına çatanda artıq donmuşdu. Su çox soyuğuydu. Hər ikisi “balonka” kurtka geyindiyindən suda batmamışdılar. Uşağı götürdüm, qayıtdım dala. Boynuma alıb sahilə tərəf üzdüm. Artıq camaat da toplaşmışdı. Sahilə 3 metr qala kəndir atdılar. Kəndirdən tutub sahilə çıxdıq”. Əhliman müəllimin hər gün məktəbə dörd uşaq apardığını bilən insanlar təşvişə düşürlər. Əvvəl xəbər Fuada çatır. Tez yoldaşına zəng edir. Aytacın evdə, Güldəstənin maşında olduğunu öyrənən ata dəliyə dönür. Aytən deyir, telefonda Fuad ona Əhliman müəllimin maşının çaya aşdığını eşidəndə ayaqları tutulub: “Nə edəcəyimi bilmədim. Boğuldum, səsim çıxmadı. Bir otaqdan digərinə sürünə-sürünə keçdim. Qapıya çatanda gördüm qohum-əqrəba həyətdədirlər. Yoldaşım növbəti dəfə zəng edib uşağa qalın paltar gətirməyimi istəyincə ürəyim yerinə gəldi. Bildim ki, balam sağdı. Yoxsa, niyə təzə paltar istəsinlər ki?”. Xəstəxanaya çatınca Güldəstəyə və onun qəhrəmanı Dəyanətə artıq ilk yardım edilmişdi. “Getdim gördüm ki, temperaturu düşüb aşağı. Tir-tir əsir. Ana dözər buna?! Dözə bilmədim. O biri palataya güclə atdım özümü. Yavaş-yavaş uşaq özünə gəldi. Dedilər, sudan çıxanda ilk sözü “qoymayın ölüm” olub. Sağ olsunlar, ilk yardımı kənd camaatı eləyib. Rayonda uşağa baxan həkimlər uşağın yaxşı olduğunu desələr də, ürəyimiz durmadı. Gətirdik Bakıya. Həkim baxdı, dedi, “Maşallah, uşağınız sağlamdı. Ucuz qurtulmusunuz. Şükür, balam sağdı, amma hardan ucuz qurtulduq?! Dağ kimi adam getdi. Güldəstə onun yadigarıdır”. Güldəstəyə gəlincə, onsuz da özünə qapalı olan uşaq, o gündən sonra daha da susqunlaşıb. Anası deyir ki, təzə vaxtlar heç danışmayıb: “İki gecə yuxudan ağlayıb durdu. Üzünün nəmliyindən bilirdim ki, ağlayıb yenə. Sonra yenə başını qoyub yatırdı. Şükür, bu gecə rahat yatıb. Həkimin yazdığı sakitləşdirici dərmanı da içir. Uşaqlarla da oynamağa başlayıb. Əhliman müəllimin nəvələri də bizdədi. Onlarla oynayır. Psixoloq dedi ki, unudacaq, amma yaddaşında xatirə kimi qalacaq”. Həkim Güldəstəylə kimsənin bu haqda danışmamağı tapşırıb. Uşağı incitməmək üçün sadəcə anasının telefonunda olan şəkillərə baxdıq. Uşaqlar Güldəstə olan otağın qapısını açıb-bağladıqca otağa boylandım. Güldəstə nəsə yazırdı. - Bir qədər də keçsin məktəbə yollayacam. Özü də dərsə getmək istəyir. Yaxşı oxuyan uşaqdı. İstəmirəm dərslərindən geri qalsın. O gün qaynımgil çayın kənarından çantasını tapıb gətiriblər. İki gün suda qaldığından kitabları ələ gələsi deyil. Görəndə pis olar deyə, çantasını da atmışam pilləkənin altına. Güldəstəyə ilkin psixoloji yardım edilib. Bundan əlavə bir həftə də psixoloji yardım almalıdır. O qəzadan geriyə travma qalmasın deyə. Güldəstədən əlavə daha iki övladı olan Aytənin hələ ki, rayona getməyə imkanı yoxdu. Əhliman müəllimlə yaxın qohum olduqlarından ailənin başı Əhliman müəllimin başsız qalmış ailəsinə qarışıb. Deyir və ağlamaq istəyir. Amma ağlaya da bilmir... - Hadisədən sonra iki gün ağladım. Sonra dedilər, Allah balanı sənə ikinci dəfə qaytarıb, ağlama, Allaha ağır gedər. Qızım aprelin 28-də doğulub. Amma Allah o gün balamı ikinci dəfə mənə verdi. Artıq ad gününü dekabrın 6-ı qeyd edəcəm. Bircə, Əhliman müəllim də tapılsaydı... Əhliman müəllimin evindəyik. Həyat yoldaşı Tərifə xala qarşıladı bizi. Kimsiniz, nəçisiniz demədən boynumu qucaqlayır. Ağlayır-ağlayır. Sonra ağzını qulağıma yaxınlaşdırır, “kömək eyləyin, qızım, nolar, kömək edin Əhlimanı tapsınlar” deyə yalvarır. Əhliman müəllim 4 uşaq atası olub. İki oğlu, iki qızı var. Balaca qızı Şəfanın toyunu hələ 4 ay əvvəl etmişdi. Son beşiyi Xalidin isə toyunu görmədi. Əhliman müəllimin meyiti hələ də tapılmadığından, evdə ancaq qadınlarıydı. Kişilər isə hər gün günə doğandan batana qədər çayın kənarına gedirlər. Sakit ailəsi var Əhliman müəllimin. Elə kədərlərini də sakitcə yaşayırdılar. Dörd gündü meyit tapılmadığından hələ həyətdə mağar da qurmamışdılar. 85 yaşlı Xanım nənə “Əhliman gəl” deyə fəryad qoparır. Qarının ürəyi dözmürdü övlad acısına. Elə Əhliman müəllim də Şəfanın toyunda ürəyi istəyincə deyib gülməmişdi. Bacının yasını tuturdu. Amma nə etmək olar, xeyirlə şər qardaşdı. Böyük qızı Aynur təmkinliydi. Onun da digərləri kimi tək istəyi atasının tezliklə tapılıb torpağa verilməsidir: “Çox gözəl ataydı. İndiyəcən dilindən bir kobud söz eşitmədik. Halal zəhmətiylə baxdı, böyütdü bizi. Hamımıza təhsil verdi, savad verdi. Bir sözündən incimədik. Kaş bizi döyəydi, kaş bizi söyəydi, amma yaşayardı. Həmişə fəxr eləmişəm. İndi də fəxr edirəm, atamla. Həmin günü möhkəm şaxta vardı. Həmin körpünün üstü buz bağlamışdı. Səkkizə on beş dəqiqə qalmış evdə saat dayandı. Sonra öyrəndim ki, hadisə də səkkizə on beş dəqiqə qalmış baş verib. Atama yaman üşüyən idi. Dörd gündür buz kimi suda nə edir görəsən...” . Və hönkürür. Ağlamaqdan səsi tutulmuş Xanım nənənin istəyi odur ki, oğlunun meyiti tezliklə tapılsın. Deyir, oğlumu torpağa basdırıb, heç olmazsa bir qəbri olsun. Ziyarət etməyə. “Altmış dörddə bir balamı itirdim. Ondan dörd ay sonra yoldaşım rəhmətə getdi. Dörd yaşında bir, beş yaşında bir balam yetim qaldı. Saxlayıb, böyütdüm atasız. Səkkiz ay əvvəl bir balamı da verdi torpağa. İndi də bu getdi. Balam batdı suda. Göydə Allaha, Yerdə sizədir ümidim. Kömək edin, balamın meyiti tez tapılsın. Ətimi yedim, sümüyümə dayandım, bala. Mən bu dərdə dözə bilmərəm”, deyir və əllərini göyə qaldırıb ağı deyir. “Mən ailəmdən heç vaxt inciməmişəm. Çox gözəl ailəm olub. Ayağının altındakı qarışqanı da əzməzdi. Elə bir adamıydı Əhliman. Otuz iki ildi onunla ailə qurmuşam. Heç vaxt incitmədi məni. Səkkizin yarısı onu sağ-salamat yola saldım. Doqquza on beş dəqiqə işləmiş qara xəbəri gəldi üstümə. Dörd övlad böyüdüb. Ağıllı, kamallı, savadlı. Qonum-qonşudakı uşaqların hamısı ona “baba” deyirdilər. Bircə meyitini tapıb torpağa tapşırım. Balalarım gedib atalarını ziyarət etsinlər”. Barmaqlarını sıxa-sıxa danışır Tərifə xala. Dəyanətlə görüşəndə Güldəstənin atası Fuad da yanındaydı. Qızının xilaskarını qiyabi tanısa da, şəxsi münasibətləri olmayıb. Qonşu kənddən Maqsudun oğlu olduğunu bilirmiş sadəcə. Hadisədən dörd gün keçsə də, Fuad baş vermiş qəzanın şokunu hələ də ötürməmişdi. Bir kəlməlik söz dedi: “Ölənə qədər borcluyam Dəyanətə”. Həmin körpünün üstündən keçib rayona qayıdırıq. Hava qaraldığından Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu günlük gərgin işlərini yekunlaşdırmışdılar. Sabah yenidən başlayacaqlar axtarışa. Çayın kənarında isə tonqal yanırdı. Əhliman müəllimin oğlanları yandırmışdı... ![]() ![]() ![]() Geri qayıt |