Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda bu da oldu: gecə klubu məktəbin həyətini zəbt etdi
Bakıda bu da oldu: gecə klubu məktəbin həyətini zəbt etdi8-12-2014, 12:05 |
![]() Paytaxtın Binəqədi rayonundakı 115 saylı tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz olaraq zəbt edilib və ərazi hasarlanıb. Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər. Xəbərdə deyilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş operativ araşdırma zamanı qanunsuz tikinti işlərinin “Paradise” gecə klubunun işçiləri tərəfindən aparıldığı məlum olub. Faktla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikinti sökülüb. Qeyd edək ki, prezident İlham Əliyev 11 avqust, 2014-cü il tarixində Binəqədi rayonundakı 115 saylı tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq əsaslı şəkildə yenidən qurulmuş 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Nazirlikdən onu da qeyd ediblər ki, təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar bu cür qeyri-sağlam tendensiya təhsilalanların konstitusiya hüquqlarının pozulmasına səbəb olduğunu bilməlidirlər: “Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək”. Geri qayıt |